Vətənin bütövləşdiyi məkanda qələbə abidələri ucaldılır
Mədəniyyət

Vətənin bütövləşdiyi məkanda qələbə abidələri ucaldılır

Aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Mayası nur, hər qarışı alov dilli Odlar Yurdu, sinəsi qərinələr yaşadan, işğalçıların, tiranların bəd niyyətinə ox kimi sancılan, dizi qatlanmaz, biləyi bükülməz oğulları ilə Zəfər yazan, tarixi çox qədim dövrlərə söykənən Azərbaycanda hər daşın altında bir tarix yatır. Hər qalası, hər kurqanı bir daş möhürdür, kimliyimizi, ilkinliyimizi təsdiq edir. Əcdadlarımız bu torpaqlarda çox qiymətli və nadir maddi-mədəniyyət nümunələri yaradıblar, neçə əsr əvvəl şəhərsalmanın ilk təməlini atıblar, dünyanın memarlıq fəlsəfəsinə incilər bəxş ediblər. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr və yerlər mövcuddur.

Azərbaycan qədim abidələr məskənidir. Füzuli ərazisindəki Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Ana torpağın öz qoynunda saxladığı daş kitabələr əsrlərlə ölçülən həqiqətin, kökün, şəcərənin, intibah dövrünün üzərinə işıq salır, qədim daşlar sanki dil açıb danışır. Əcdadlarımız şəhərlər salıblar, müdafiə tikililəri, əzəmətli qala divarları inşa ediblər, Qafqaz Albaniyası dövründə şəhərsalma mədəniyyəti mövcud olub. Tarixi araşdırmalara görə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindən hesab olunur. Abidələr və tarixi yerlər haqqında söz açanda ulu öndər Heydər Əliyevin müdrik kəlamı yada düşür: "Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir".

Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Abidələr və tarixi yerlərin məhv olması ölkəmizdən də yan ötməyib. Torpaqlarımızın 20 faizini işğal edən və onu 30 il əsarətdə saxlayan Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri məhv edilib. Həmçinin bu ərazilərdə 40 mindən artıq eksponatın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tərəfindən talan edilib.

1983-cü ildən UNESCO-nun qərarı ilə hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Çox təəssüf ki, adıçəkilən təşkilat torpaqlarımızda törədilən erməni vəhşiliyinə uzun illər biganə qalıb, susmağa üstünlük verib, öz missiyasına əməl etməyib. Maddi-mədəniyyət nümunələri ilə zəngin olan Qarabağda erməni vandalizminin ağır izləri insanı dəhşətə salır. Qarabağın qədim yaşayış məskənlərindən olan Füzuli həm də mədəniyyət və memarlıq abidələri - mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə də zəngin olub. Təəssüf ki, bu nadir abidələrin bir çoxu, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib. Bundan başqa, Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri də olub. Təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru (XVIII-XIX əsrlər) kimi tarixi əhəmiyyət daşıyan abidələr erməni vandalizminə məruz qalmış, məhv edilərək dağıdılmışdır.

Ağdamda tariximizin açılmayan qatları mövcuddur, burada şəhərsalma mədəniyyəti, məqbərə komplekslərinin tikintisi, dulusçuluğun, misgərliyin inkişafı abidələrin dili ilə nəql edilir. Rayon ərazisində qədim dövrlərdən xəbər verən kümbəzlər, daşdan yonulmuş qoç və at fiqurları, məqbərələr, kahalar var idi. Onlardan biri də şəhərdəki İmarət Qərvənd qəbiristanlığıdır. Tarixi mənbələrə görə burada Qarabağın görkəmli nümayəndəsi Pənahəli xanın nəslinə aid olan insanlar dəfn edilib. Bu məqbərə-kompleks XVIII əsrin sonu XIX əsrin əvvələrində inşa edilib. Qədim memarlıq nümunələri hesab olunan türbələrdən birində Pənahəli xanın oğlu, Qarabağ xanlığının davamçısı İbrahimxəlil xan dəfn edilib. Xan qızı, dövrünün ziyalı və maarifpərvər qadını, incə naxışlar müəllifi, gözəl şeirlər yazan Xurşidbanu Natəvanın qəbrinin üstündə büstü qoyulmuşdu. Ermənilər İmarətdəki qədim türbələri dağıdıb, qəbirüstü sinədaşlarını məhv ediblər. Hazırda İmarət əsaslı şəkildə bərpa edilir. Tarixi mənbələrdə məlumat verilir ki, Şahbulaq qalası və ya Tərnəküt qalası Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirilib. Qala divarları iki əsrdən çoxdur ki, öz möhtəşəmliyini qoruyub saxlayıb. Ehtimal ki, qalanın adı da burada yerləşən gursulu bulağın adından - Şahbulağından götürülüb.

Qutlu Musa türbəsi 1314-cü ildə tikilib və Sasanilər dövrünə aid edilir. Şərq memarlığı üslubunda inşa edilən türbənin unikallığı diqqəti cəlb edir. Qeyd edək ki, Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nadir təsadüf edilən səciyyəyə malik türbədir. Arxeoloqların və memarların gəldiyi qənaətə görə, abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin və istərsə də xaricindəki səthlərin işlənməsi tikiliyə təkrarolunmaz xüsusiyyət verir. Aran və Qarabağ memarlıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən türbə XIII əsrdə Xaçın vilayətinin nüfuzlu şəxslərindən olmuş Qutlu Xacə Musa oğlunun məzarı üzərində ucaldılıb və hər hansı dövrə, zamana baxmayaraq, ziyarətgaha çevrilib.

1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən və işğal illərində vandalizmə məruz qalan Ağdam Cümə məscidində Heydər Əliyev Fondu tərəfindən təmir-bərpa işləri başa çatdırılır. 2020-ci ildə işğaldan azad edilən Ağdam şəhərinə səfər edən Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i məscidə bağışlayaraq deyib:

"Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb...".

Əsgəran qalasının taleyi də keşməkeşli olub, yadelli işğalçıların hücumlarına məruz qalıb, bəzi yerlərdə qala divarları uçurulub. Tarixi mənbələrə görə Əsgəran qalası qarabağlı Pənahəli xanın göstərişi ilə 1787-ci ildə çay daşlarından tikilib. Qala quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Əsgəran qalası Şuşanın 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda, Qarqar çayın sağ və sol sahillərindəki dağ döşündə yerləşir. Araşdırmaçılar Əsgəran qalasının tikintisini Qarabağ xanlığının yüksəliş dövrünə aid edirlər. Eyni zamanda bu qalanı Azərbaycanın çoxəsrlik müdafiə sədləri ənənəsinin son örnəyi hesab edirlər. Ermənistan işğal illərində Əsgəran qalasında qanunsuz olaraq "bərpa-tikinti" işləri aparıb, qalanın tarixi simasını dəyişdirməyə cəhd ediblər. Görünən odur ki, tarixi tikilinin memarlıq üslubu dəyişdirilib, tikinti aparılan ərazilərdə dərin çalalar əmələ gəlib, qalanın görkəminə ciddi zərər vurulub.

Azərbaycan musiqisinin, adət-ənənəsi

nin, tariximizin, mədəniyyətimizin paytaxtı, əsrarəngiz, füsunkar gözəlliyi ilə hər kəsi heyran edən, hər daşı özü boyda bir tarix, salnamə və təbii muzey olan Şuşanın tarixi məkanları və abidələri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilir. İlk növbədə, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin Şuşa şəhərində bürüncdən hazırlanan heykəli əvvəlki yerində ucaldılıb. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü öz yerinə qaytarılıb. Azərbaycan tarını təkmilləşdirən məşhur tarzən Sadıqcanın evi, Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Şuşada aparılan genişmiqyaslı bərpa və təmir işləri xarici mütəxəssislərin də diqqətini cəlb edir. Bu barədə dünya irsi üzrə tanınmış ekspert Rey Bondinin "Times of Malta" qəzetində dərc olunan "Şuşa - xarabalıqlar içində olan mədəniyyət paytaxtı" başlıqlı məqaləsində deyilir ki, Azərbaycan öz mədəniyyət paytaxtını - xarabalığa çevrilmiş Şuşa şəhərini bərpa etmək əzmindədir. Şuşa 30 ildən artıq Ermənistanın işğalı altında olub. Şəhərdə XVIII əsrin ortalarından başlayaraq azərbaycanlılar tərəfindən tikilmiş gözəl memarlıq nümunələri var idi. Lakin indi onların əksəriyyəti mövcud deyil. Ermənilərin Şuşada törətdikləri vandalizmə, mədəniyyət paytaxtında keçirilmiş "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf" mövzusunda beynəlxalq konfransın iştirakçıları da şahid olublar. Milli-mədəni irsin qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır. Bu gün işğaldan azad edilmiş ərazilərə həyat yenidən qayıdır. Genişmiqyaslı tikinti-quruculuq işləri sürətlə aparılır, tarixi abidələr, məscidlər təmir və bərpa edilir. Əlbəttə, bu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilən torpaqlarda mədəni irsimizə böyük diqqət və qayğısının təzahürü, milli-mənəvi dəyərlərimizin qorunmasına ən layiqli töhfədir.

Salman ALIOĞLU,

"Respublika".