İlyas Əfəndiyevin
Mədəniyyət

İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib

Oktyabrın 3-də Bakı Bələdiyyə Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.

"Respublika" xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 3 mart 2023-cü ildə imzaladığı Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi tanınmış pedaqoq, görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı həyata keçirir.

Bakı Bələdiyyə Teatrı yubiley tədbirləri planı çərçivəsində "Məhv olmuş gündəliklər” pyesinə müraciət edib. Qeyd edək ki, Xalq yazıçısı İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulmuş və zaman-zaman ən baxımlı səhnə əsərlərindən biri kimi müəllifinə şöhrət gətirmişdir. Pyesi səhnələşdirən rejissorlardan biri də Tofiq Kazımov olub və onun hazırladığı tamaşa da öz dövrünün tamaşaçısının böyük maraqla qarşılanıb. “Məhv olmuş gündəliklər” pyesinə bu dəfə Xalıq yazıçısı İlyas Əfəndiyevin bir çox pyeslərinə səhnə həyatı verən görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov müraciət edib.

Rejissor qeyd edib ki, “Məhv olmuş gündəliklər, İlyas Əfəndiyevin sayca 11-ci pyesidir ki, onu səhnələşdirir və yazıçının əsərdəki ruhuna böyük hörmət və ehtiramla yanaşır. Bu baxımdan da tamaşadakı obrazların hər sözünə, sözaltı mənalara diqqətlə yanaşaraq onu müasir tamaşaçıya olduğu kimi aşılamağa çalışıb. Tamaşada Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva,Toğrul Rza, Məmmədağa Əlilicanzadə iştirak ediblər. 

Xatırladaq ki, görkəmli aktrisa, Dövlət mükafatları laureatı, Xalq artisti Amaliya Pənahova İncəsənət İnstitutunun 1-ci kursunda oxuyarkən rejissor Tofiq Kazımov onu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi əsasında hazırladığı eyniadlı tamaşada baş rola dəvət edib. 18 yaşlı tələbə-aktrisanın tamaşadakı uğurlu çıxışı sonralar iki sənətkar arasındakı uzun illəri əhatə edən yaradıcı əməkdaşlığa çevrilib. Bu məqsədlə, Bakı Bələdiyyə Teatrı “Məhv olmuş gündəliklər” tamaşasını üç sənətkara - Xalq artisti Tofiq Kazımovun 100 illiyinə, Xalq yazıçısı İlyas Əfəndiyevin anım gününə və hər iki yaradıcı şəxslə daima əməkdaşlıq etmiş Xalq artisti Amaliya Pənahovanın ruhuna ithaf  edir.

Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, Anarın, Elçin Əfəndiyevin, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilmişdir.