Azərbaycanın ən böyük qalası: Basqal
Mədəniyyət

Azərbaycanın ən böyük qalası: Basqal

Ölkə Prezidentinin "Basqal Dövlət Tarix Mədəniyyət Qoruğu haqqında" imzaladığı 3 oktyabr 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Dövlət Turizm Agentliyinin sifarişi əsasında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Basqal arxeoloji ekspedisiyası tərəfindən Basqal qəsəbəsi və ətraf ərazidə arxeoloji tədqiqatlar ötən il də davam etdirilmişdir. Tədqiqatlar qəsəbənin cənub-qərb tərəfində olan "Qalalar" ərazisində aparılıb.

Məlumat üçün bildirək ki, "Qalalar" ərazisi uzun illər Basqal və ətraf kəndlərin sakinləri tərəfindən bağ və əkin sahəsi kimi istifadə olunub. Ötən əsrin 70-ci illərində isə ərazi 70-80 santimetr dərinliyində şumlanaraq orada üzüm bağı salınıb. Yaşlı sakinlərin dediklərinə görə, müxtəlif vaxtlarda təsərrüfat işləri görülərkən "Qalalar" ərazisindən bəzi maddi-mədəniyyət nümunələri, o cümlədən saxsı qab və sikkələr aşkar olunub. Ötən əsrin 60-cı illərində ərazidə   tədqiqat işləri aparan arxeoloq Fazil Osmanov hesabatlarında həmin nümunələrin xronoloji baxımdan antik və erkən orta əsrlərə aid  olduğunu qeyd edib. Bununla belə ərazidə hər hansı qala və ya digər fortifikasiya elementləri olduğu barədə indiyədək nə yazılı qaynaqlarda, nə də yaddaşlarda heç bir məlumat olmayıb. Hətta 100-ə yaxın yaşı olan yerli sakinlər belə ata-babalarından bu barədə heç nə eşitməyiblər. İnsanlar yalnız ətraf kəndlərin sakinlərinin zaman-zaman "Qalalar" ərazisindəki tikinti qalıqlarını dağıdıb daşını daşıyaraq ev, hasar və ictimai binalar inşa etdiklərini xatırlayırlar. Lakin Dövlət Turizm Agentliyinin  əməkdaşları ilə əraziyə aid peyk görüntüləri incələnərkən orada kifayət qədər geniş ərazini əhatə edən fortifikasiya sisteminin olduğu ehtimalı üzə çıxdı. Məhz bu əsasda da Basqal arxeoloji ekspedisiyası tərəfindən ərazidə ilkin arxeoloji tədqiqatlara başlanıldı. 1 ay 10 gün ərzində "Qalalar" ərazisində 7 yerdə yoxlama qazıntısı aparıldı. İlk yoxlama qazıntısı ehtimalların heç də əsassız olmadığını təsdiqlədi. Belə ki, ərazinin cənub-qərb tərəfində uzunluğu 25 metr, qalınlığı 1.7 metr, salamat qalmış hissədə hündürlüyü 2 metrdən artıq olan qala divarı aşkar olundu. Qala divarı qismən yonulmuş qaya daşları və palçıq məhluldan istifadə edilməklə inşa olunub. Xatırladaq ki, bu cür inşaat ənənəsi ətraf ərazidə son antik və erkən orta əsrlər dövründən etibarən çox geniş yayılıb. Hansı ki, onun ilkin nümunəsi hələ keçən əsrin 80-ci illərində yaxınlıqdakı Qırılartəpə abidəsində aşkar olunmuşdur.

Tədqiqatları davam etdirərək "Qalalar" ərazisinin digər tərəflərində qala divarlarının olub-olmadığını müəyyən etməli olduq. Bu məqsədlə, ərazinin qərb kənarları boyunca iki yerdə yoxlama qazıntısı aparıldı. Birinci halda IV qazıntı sahəsi uzunluğu 8 metr, eni-qalınlığı 1.7 metr olan qala divarı aşkar edildi.  Divarın içəri tərəfi boyunca isə daş döşənmiş səki qeydə alındı. Şimal-cənub istiqamətində olan qərb divarının orta hissədə nisbətən şərqə doğru dirsək əmələ gətirdiyi yerdə növbəti yoxlama qazıntısı (V qazıntı sahəsi) aparılarkən orada qala bürcləri və qalanın qərb qapısı aşkarlandı. Mütəxəssislərin fikrincə qala qapılarının olduğu yer adətən fortifikasiya qurğularının ən zəif və müdafiəsi çətin təşkil olunan hissəsi hesab olunur. Bu səbəbdən də qala qapıları qala divarlarına çətin relyefi olan hissələrdə açılırdı. Basqal qalasında da belədir. Yəni qala qapısı olan ərazinin qarşısı dərin dərədir. Oradan qalaya hücum etmək olduqca çətindir. Bu şəraitdə təbiidir ki, qalanın müdafiəsini təmin etmək o qədər də çətinlik yaratmır. Əhəmiyyətli məqamlardan biri də odur ki, divarları öyrənilən ərazilər həm cənuba, həm şərqə, həm də qərbə doğru davam etməkdədir. Sadəcə, qala divarlarının qalıqlarının olduğu yerləri bütünlüklə kol-kos örtüb. Yalnız nizamsız şəkildə ətrafa səpələnmiş daşlar nə vaxtsa orada tikinti qalığının olduğu barədə düşünməyə əsas verir.

Beləliklə, "Qalalar" ərazisində aparılmış ilkin tədqiqatlar onu deməyə əsas verir ki, orada təqribən 35-40 hektar sahəni əhatə edən və divarlarının ümumi uzunluğu (perimetri) 3500 metrə yaxın olan böyük bir qala olub. Başqa sözlə, Basqal qalası sahəsinə görə indiyədək Azərbaycan ərazisində məlum olan qalaların ən böyüyüdür.

Abidənin tarixini və xarakterini müəyyən etmək məqsədilə qala divarları daxilində 4 yerdə yoxlama qazıntısı aparıldı. Onlardan birində təqribən 1.5 metr dərinlikdə, 3.5 metr uzunluğu olan kürəbənd qalığı aşkar edildi. Kürəbənd enli və yastı daşlardan istifadə olunmaqla tikilib, altı, üstü və yanları daşla hörülüb. Kürəbəndin maillik istiqaməti onun "Qalalar" ərazisindən kənara istiqamətləndiyini deməyə əsas verir. Maraqlıdır ki, yerli sakinlər həmin ərazidə nə vaxtsa hamam olduğunu söyləyirlər. Görünür, aşkar olunan kürəbənd də məhz həmin hamamın çirkab sularının "Qalalar" ərazisinin qərbindəki yarğana axıdılmasına xidmət edib. Tədqiqat aparılan digər 3 yerdə isə ərazidə yaşayış qatının, yəni mədəni təbəqənin mövcudluğuna və onun xarakterinə dair hələlik elə də ciddi material tapılmadı. Doğrudur, ərazinin demək olar ki, hər tərəfində yer üstünə səpələnmiş yonulmuş daşların nə vaxtsa və hansı formadasa tikintidə istifadə olunduğundan xəbər verir. Həmin tikintilər haradadır?! Onların dövrü və quruluşu barədə nə demək olar? Bu suallara sözsüz ki, yalnız gələcək tədqiqatlar aydınlıq gətirə bilər. Hələlik isə tikinti xüsusiyyətlərinə və ərazidən son antik və erkən orta əsrlər dövrünə aid aşkar olunan maddi mədəniyyət qalıqlarına əsasən Basqal qalasının erkən orta əsrlərdə Albaniya ərazisində inşa olunmuş  feodal qalalarından biri olduğunu ehtimal etmək olar.

Qafar CƏBİYEV,

AMEA Arxeologiya, Etnoqrafiya və

Antropologiya İnstitutu Albanşünaslıq

Elmi Mərkəzinin rəhbəri,

Basqal arxeoloji ekspedisiyasının rəisi,

tarix elmləri doktoru, professor.