“LƏK-LƏK”dən “SOVET ERMƏNİSTANI”na
Mədəniyyət

“LƏK-LƏK”dən “SOVET ERMƏNİSTANI”na

QƏRBİ AZƏRBAYCANDA MİLLİ MƏTBUAT - 110

XX yüzilliyin əvvəlində - 1914-cü il fevral ayının 22-də Qərbi Azərbaycanın mədəni həyatında əlamətdar hadisə baş verdi. Qərbi Azərbaycan ziyalılarının illərlə həsrətlə gözlədiyi ilk milli mətbuat nümunəsi meydana çıxdı. "Lək-lək" satirik məcmuəsinin ilk nömrəsinin çapdan çıxması İrəvan quberniyasında geniş əks-səda yaratdı. Bununla da Qərbi Azərbaycanda milli mətbuat yolunda ilk addımlar atıldı. Ümumiyyətlə, XX əsrin əvvəlləri Qərbi Azərbaycan milli mətbuatı tarixində mühüm mərhələ təşkil edir.

Qədim mədəniyyətə, zəngin ədəbi irsə malik olan Qərbi Azərbaycanda yaranan milli mətbuat ictimai-ədəbi fikir tariximizin inkişafında özünəməxsus yer tutur. XIX əsrin sonlarında İrəvanda yaşayan azərbaycanlı ziyalılar maarifi, mədəniyyəti, ədəbiyyatı inkişaf etdirməyin yolunu ilk növbədə məhz mətbuatda - ana dilli mətbuatın yaranmasında görürdülər. Onlar bu yolda ardıcıl mübarizə aparır, əvəzsiz xidmətlər göstərirdilər. İrəvanda Azərbaycan mətbuatının, maarifçilik hərəkatının, ictimai-bədii fikrinin aparıcı simaları Mirzə Ələkbər Elxanov, Məşədi İsmayıl Hacı Kazımzadə, Mirzə Kazım Qazi Əsgərzadə, Axund Əhmədov, Mirzə Əlixan Şəmsül Hükəma, Hacı Seyid Rza Əmirzadə, Axund Məmmədbağır Qazızadə, Abbas Razi Məmmədzadə, Cabbar Əsgərzadə, Əli Məhzun Rəhimov, Mirabbas Mirbağırov, Mirməhəmməd Mirfətullayev, Məmmədvəli Qəmərlinski, Mirzə Cabbar Məmmədzadə, Axund Əbülhəsən Qazızadə, Həsənzadə Mirzə Hüseyn İrəvani, Asəf bəy Şəfibəyov, Məmmədəli Nasir, Həsən bəy Qazıyev, Əkbər Rizayev və burada yaşayıb-yaradan onlarla bu kimi maarifpərvər ziyalılar səslərini xalqa çatdırmaq üçün ana dilində qəzet, jurnal təsis etməyin vacibliyini aydın dərk edir, həmin ideyanın gerçəkləşdirilməsinə ciddi səy və təşəbbüs göstərir, bu yolda qələmləri ilə mübarizə aparırdılar. İrəvanda ana dilli mətbuat orqanının yaranması isə günün ən vacib məsələsinə çevrilmişdi. Bunu həm də mövcud dövrün ictimai-siyasi, ədəbi-mədəni proseslərində baş verən mütərəqqi dəyişikliklər də zəruri edirdi. Lakin İrəvanda Azərbaycanın ictimai, ədəbi-mədəni həyatının ən mühüm hadisələrindən olan milli mətbuatın yaranması XX əsrin əvvəllərinə təsadüf edir. İrəvan şəhərində yaşayıb-yaradan ziyalılarımız əsrin ikinci on illiyində bu böyük missiyanı, məsuliyyəti öz üzərlərinə götürdülər və Azərbaycan dilində fəaliyyət göstərəcək mətbuatın əsasını qoydular. İrəvanda milli mətbuatın yaranması ideyasını gerçəkləşdirmək ilk dəfə nəinki İrəvanda, bütün Cənubi Qafqazda, hətta onun hüdudlarından kənarda tanınmış, yetkin qələm sahibi, jurnalist, şair Cabbar Əsgərzadə və Mirməhəmməd Mirfətullayevə nəsib olmuşdur.

"Lək-lək"in ilk nömrəsinin işıq üzü görməsi İrəvan ziyalıları və oxucular tərəfindən böyük sevinclə qarşılanmışdı. Jurnalın ilk nömrəsinin son səhifəsində "İdarədən" başlıqlı qeyd dərc olunmuşdu. Həmin qeyddə göstərilir ki, "bu nömrə üçün hürufat başqa bir kitaba işləndiyindən naşi kifayət verməyib, mündəricatın azlığına səbəb oldu. Bu barədə oxucularımızdan üzr istəyirik?!". Jurnalın ilk nömrəsinin cəmi 60 nüsxə ilə işıq üzü görməsi həm də onun maddi-texniki çətinlikləri ilə bağlı idi. Bu barədə jurnalın redaktoru Cabbar Əsgərzadə 2 mart 1914-cü ildə Məmmədəli Sidqiyə ünvanladığı məktubda yazırdı: "Əfəndim, hələ ki, "Lək-lək"imiz qanad bağlayıb o cür zülmün elçi quşlarına. Hər halda işıqlı qaralarınızla üzüağ olmağı təmənna edir. Müzayiqənizi əsirgəyib də necə ki, vədələr vermisdiniz kömək ediniz.

Bir də budəfəlik mürəttil və mətbəə cəhətdən görülən bir çox nöqsanları güzəşt ediniz. Hamınıza bir "Lək-lək" Əmircana uçdu". Bu fikirlərdən aydın olur ki, Cabbar Əsgərzadə "Lək-lək"in ilk nömrəsini Bakı nəşri-maarif cəmiyyətinin tabeliyində olan məktəbdə müəllimlik edən yaxın dostu Məmmədəli Sidqiyə göndərmişdir.

Bütün bunlara baxmayaraq, İrəvanda ana dilində ilk mətbuat orqanı olan "Lək-lək" Mirməhəmməd Mirfətullayevin maddi-mənəvi dəstəyi ilə işıq üzü görmüş, jurnalın bütün ağırlığını əməl dostu Cabbar Əsgərzadə ilə birlikdə öz çiynində daşımışdır. Cəmi 12 nömrəsi işıq üzü görən "Lək-lək" məcmuəsi bağlanandan sonra İrəvanda yaşayan azərbaycanlı ziyalıların ciddi səylərinə baxmayaraq, 1917-ci ilə kimi heç bir qəzet və jurnal nəşr edilməmişdir.

"Bürhani-həqiqət" məcmuəsi

1914-cü il iyun ayının 30-da 12-ci nömrəsi çıxdıqdan sonra İrəvan quberniyasında ədəbi-mədəni, ictimai mühitin əsas hərəkətverici qüvvələrindən olan "Lək-lək"in nəşri dayandırıldı. "Lək-lək"in nəşri dayandırılsa da İrəvanda yaşayıb-yaradan azərbaycanlı ziyalılar ana dilində yerli mətbuat orqanının nəşri uğrunda mübarizəni dayandırmadılar. Təxminən iki ildən artıq çəkən fasilədən sonra 1917-ci il yanvar ayının 1-də böyük maarifpərvərlər Əli Məhzunun (Əli Hacı Zeynalabdin oğlu Rəhimov) redaktorluğu və Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə "Bürhani-həqiqət" adlı jurnalın ilk nömrəsi çapdan çıxdı. Jurnalın 1-ci və 2-ci saylarında hissə-hissə dərc edilmiş "Həqiqət" adlı redaksiya məqaləsində "həqiqət" sözünün hansı anlayışları ifadə etməsi izah olunur və nə üçün bu mətbu orqana "Bürhani-həqiqət" adının verildiyi qeyd edilir: "Bürhani-həqiqət" həqiqətin dəlil və isbatı deməkdir. Buna görə də məcmuəmizə "Bürhani-həqiqət" namı verərək isminin müsəmma ilə mütabiq olub və həqq-həqqaniyyət tərəfdarı olmağına qeyrət edib, həqiqətən bürhani-həqiqət olacağını gələcək nömrələri möhtərəm qarelərimizə (oxucularımıza) isbat edəcəyinə ümidvarız. Filvaqe həqiqət hankı maddədə olacaqsa olsun, mənəviyyatda bir nurdur ki, ona yaxınlaşanları cəhalət və zillət zülmündən uzaqlaşdırıb şahrahi-nicata çatdırır". Fəaliyyəti dövründə cəmi 9 nömrəsi işıq üzü görmüş jurnalı ardıcıl izlədikdə həqiqətən də onun adı ilə əməlinin sıx bağlılığı aydın şəkildə yuxarıdakı fikirləri təsdiq edir.

"Bürhani-həqiqət"in ilk nömrəsində "Bürhani-həqiqət"in məsləki" adı ilə dərc olunan redaksiya yazısında jurnalın oxucular qarşısında öhdəliyi, bir növ proqramı açıqlanır. Jurnal birinci nömrəsinin ilk səhifəsindəcə öz ideya və məramını, tutduğu yolu aydın bəyan edərək yazırdı: "Haqq və həqqaniyyət tərəfdarı olaraq, həqiqətə bürhan olmaqdır. Qarelərinə (oxucularına) bacardıqca elmi, ədəbi, fənni, tarixi, siyasi, iqtisadi və tibbi məlumat verərək ümum nafe (faydalı) məsələlərdən bəhs ediləcəkdir".

Xalqımızın ictimai fikir və bədii şüur tarixinə milli düşüncənin ədəbi sənədi və abidəsi kimi daxil olmuş "Bürhani-həqiqət", "Molla Nəsrəddin", "Lək-lək" jurnallarının ənənələrini davam etdirmiş, milli-mədəni problemlərimizlə bağlı materiallar dərc etməklə Azərbaycan mətbuatı və jurnalistikasını daha da zənginləşdirməyə, ədəbi arenada mövcud olan dəst-xətti qoruyub saxlamağa çalışmışdı.

"Bürhani-həqiqət"in nəşri bu yolda çox böyük əziyyət çəkmiş Əli Məhzunun tale payına düşmüş nailiyyəti idi. Şübhəsiz ki, "Molla Nəsrəddin" deyəndə Cəlil Məmmədquluzadə, "Lək-lək" deyəndə Cabbar Əsgərzadə təsəvvürə gəldiyi kimi, "Bürhani-həqiqət" adını çəkərkən də Əli Məhzun yada düşür. Əli Məhzun jurnalın bütün ağırlığını, maddi və mənəvi əziyyətini çəkərək qısa zaman ərzində onu İrəvan quberniyasında yaşayan soydaşlarımızın ictimai-siyasi, ədəbi-mədəni, fəlsəfi-estetik ruporuna çevirə bilmişdi.

Əsasən bədii-publisistik, tarixi materialların təqdim olunduğu jurnalda çıxış edən müəlliflərin əksəriyyəti İrəvanın tanınmış ziyalıları idi. "Bürhani-həqiqət" dövrün qabaqcıl adamlarını düşündürən, mövcud dövrün tələbi olan ən vacib məsələləri oxucularına çatdırmaq istəyirdi.

"Bürhani-həqiqət"in daha böyük məqsədləri, amalı var idi və geniş fəaliyyət dairəsini nəzərdə tutmuşdu. Bununla bağlı jurnalın redaktoru Əli Məhzun, naşiri Həsən Mirzəzadə Əliyev jurnalı 16 səhifəlik çıxarmağa çalışsalar da, buna nail ola bilmədilər. Jurnalın nəşr olunduğu altı ay ərzində işıq üzü görmüş nömrələri mətbuat tariximizdə silinməz iz qoymusdur. Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri və rolu olan "Bürhani-həqiqət" XX əsr bədii, mənəvi sərvətimizin zəngin xəzinəsidir.

"Cavanlar şurası" qəzeti

XX əsrin əvvəllərində - 1917-ci ilin fevralında mütləqiyyət quruluşunun devrilməsi xəbəri müxtəlif yerlərdə, şəhərlərdə olduğu kimi, İrəvanda da ictimai-siyasi qüvvələri hərəkətə gətirdi, yeni bir dövrün başlanması uğrunda mübarizə başlandı. İrəvan şəhər dumasına keçirilən seçkilərlə yanaşı, yeni hakimiyyət qurumları yaradıldı. Dövrün mütərəqqi fikirli azərbaycanlı ziyalılarının səyi və iradəsi nəticəsində İrəvanda səkkizədək təşkilat və cəmiyyət yaradıldı. "İrşad", "İttihad", "Yeni firqə", "Nicat", "Nəsri-maarif", "Müdafiəyi-məzluman", "Müsəlman komitəsi", "İrəvan müsəlman xeyriyyə cəmiyyəti" kimi bir sıra ictimai qurumlar fəaliyyətə başladı.

"Müdafiəyi-məzluman" təşkilatı 1917-ci ilin ortalarında parçalanaraq onun sol qolu "İrəvan sosial-demokrat təşkilatı" adını almış oldu. Məlumdur ki, bu təşkilatın tərkibinə azərbaycanlılarla yanaşı, başqa millətlərin nümayəndələri, o cümlədən ermənilər də daxil olmuşlar. Məmmədəli Nasir İrəvani, Mirzə Cabbar Məmmədzadə, Cəlil Həsənoğlu, Hüseynağa Şaxtaxtlı, Rza Tağıyev, Mirməhəmməd Mirfətullayev və basqaları "Müdafiəyi-məzluman"ın ən fəal üzvləri idi. Təşkilatın ətrafında birləşən bir qrup ziyalı, xüsusilə gəncləri siyasi mübarizəyə cəlb etmək məqsədilə "Beynəlmiləl Gənclər Şurası" adlı qurumun yaradılması təşəbbüsünü irəli sürmüşdü. Adından da göründüyü kimi, Şuranın əsas məqsədi siyasi mübarizədə gənclərin fəallığını və ən əsası, İrəvanın azərbaycanlı və erməni gənclərinin qüvvələr birliyini təmin etməklə milli zəmində baş verən qanlı toqqusmaların qarşısını almaqdan ibarət idi. İrəvanın "Beynəlmiləl Gənclər Şurası" "Cavanlar şurası" adlı mətbuat orqanını da yaratmışdı.

Qəzetin tələbə Rza Tağıyev, Məmmədəli Nasir, Mirməhəmməd Mirfətullayev tərəfindən redaktə olunduğu bildirilir. Lakin "Cavanlar şurası" adlı qəzetin nəşri barədə verilən məlumat mübahisə doğurur.

Birincisi, 1918-1920-ci illərdə Qərbi Azərbaycanda barmaqla sayıla biləcək qədər azərbaycanlı qalmışdı. İkincisi, qəzetin redaktorları Məmməd Əli Nasir, Rza Tağıyev, Mirməhəmməd Mirfətullayev və qəzetin nəşrində yaxından iştirak edən Mirzə Cabbar Məmmədzadə həmin qanlı olaylar zamanı İrəvanı tərk edib Gəncə və Naxçıvan şəhərlərində məskunlasmağa məcbur olmuşdular. Bu baxımdan da 1918-1920-ci illərdə İrəvanda yaranmış vəziyyət burada nəinki "Cavanlar şurası" adlı qəzetin nəşrini, Azərbaycan dilində hər hansı bir mətbuat orqanının belə çıxmasını mümkünsüz edirdi. Bu faktlara istinad edərək belə bir nəticə hasil olur ki, "Cavanlar şurası" adlı qəzet 1920-ci ildə deyil, 1917-ci ildə çıxmışdır. Qəzetin "Beynəlmiləl cavanlar şurası"nın orqanı olduğundan onun yalnız Azərbaycan dilində çıxması da inandırıcı deyildir. Çox ehtimal ki, qəzet Azərbaycan, rus və erməni dillərində nəşr edilmisdir.

"Rəncbər" qəzeti

1920-ci il noyabr ayının 29-da Qərbi Azərbaycanda (indiki Ermənistan) sovet hakimiyyəti qurulduqdan sonra burada da ictimai-mədəni mühit kommunist ideologiyasının təsiri ilə yeni forma və məzmun almağa başladı. Hakimiyyət başına kommunist-beynəlmiləlçi cildinə girmiş daşnaklardan daha məkrli, daha siyasətbaz adamlar gəldi. Onlar özlərinin antitürk siyasətini bolşevik maskası altında daha incə üsullarla həyata keçirməyə başladılar. Amma iqtisadi cəhətdən Azərbaycandan tam asılı olduqları üçün çirkin məqsədlərini açıq şəkildə həyata keçirə bilmirdilər. Bunu sosial, siyasi həyatın bütün sahələrində görmək olardı.

Bütün respublikalarda olduğu kimi, Qərbi Azərbaycanda da sovet hakimiyyətinin güclənməsi, kommunist-bolşevik ideologiyasının təbliğini həyata keçirmək üçün ilk növbədə mətbuat orqanının yaradılması günün ən vacib məsələlərindən idi. Bu məqsədlə 1921-ci il yanvar ayının əvvəlində İrəvanda Azərbaycan dilində Ermənistan İnqilab Komitəsinin orqanı olan ilk bolşevik mətbuatı - "Kommunist" qəzeti nəşr olunmağa başladı. Qəzet ərəb əlifbası ilə 150-180 nüsxə çap edilirdi. Bu istiqamətdə apardığımız davamlı araşdırmalardan sonra aydın olur ki, qəzetin redaktoru Məmmədəli Nasir olmuşdur. Bunu Məmmədəli Nasirin irsini araşdıran nəvəsi, tədqiqatçı-alim Şəfəq Nasirin bizə təqdim etdiyi babasının əmək kitabçasının surəti də təsdiq edir. "Kommunist" qəzeti 1921-ci il fevral ayının 8-nə qədər nəşr olunmuşdur. Qərbi Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk ilində milli dildə "Kommunist" qəzetinin nəşr olunması haqqında "Zəngi" qəzeti 1927-ci il 47-ci nömrəsində yazmışdı: "Ermənistanda Şura hökuməti qurulandan sonra İrəvanda türkcə həftəlik "Kommunist" qəzetəsinin nəşrinə başlandı, qəzetə bir ay davam etdikdən sonra bir para səbəblərə görə qapandı".

Bir aya yaxın ömür sürən qəzetin cəmi üç nömrəsi çıxmışdır. 1921-ci il fevral ayının ortalarında erməni dasnakları İrəvanda yenidən tüğyan edərək terror, qətliamlar, total qırğınlar və dağıntılar törədərkən "Kommunist" qəzetinin redaksiyasını yandıraraq məhv etmişlər. Bununla da qəzetin fəaliyyəti dayandırılmışdır.

1921-ci il iyul ayının əvvəlində azərbaycanlı ziyalıların, xüsusən də Azərbaycandan İrəvana Xalq Daxili İşlər Komissarının müavini vəzifəsinə göndərilən, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Ermənistan Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət heyətinin üzvü, xalqımızın böyük oğlu Bala Əfəndiyevin, Ermənistan Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərən "Xırda millətlər şurası"nın sədri Cahangir Ələkbərbəyovun təşəbbüsü və fədakarlığı ilə EK(b)P MK tərəfindən "Rəncbər" adlı yeni bir qəzetin nəsrinə icazə verilmişdir.

1921-ci il iyul ayının 22-də "Rəncbər" qəzetinin ilk nömrəsi işıq üzü görür. Qəzetin nəşri Qərbi Azərbaycanda soydaşlarımız arasında geniş əks-sədaya səbəb olmuşdu. "Rəncbər" qəzetinin ilk sayında onun əsas vəzifələri, bu vəzifələrin yerinə yetirilməsi, partiya, sovet, komsomol təşkilatlarının, bütün zəhmətkeşlərin və ziyalıların qəzetə yaxından köməklik göstərmələri, rəhbər işçilərin, fəhlə və kəndlilərin rəy və arzuları, bölgələrdən qısa məlumatlar, respublika xəbərləri və bir neçə xarici xəbər dərc olunmuşdu.

Həftəlik çıxan "Rəncbər" qəzeti 1922-ci il 30 sentyabr 47-ci nömrəsinə kimi 2 səhifədən ibarət 500 tirajla çıxmışdır. 8 oktyabr 1922-ci il tarixli 48-ci nömrəsindən etibarən 4 səhifədən ibarət çap olunmuşdur.

1921-ci il iyul ayının 22-dən 1922-ci il dekabr ayının 31-nə kimi qəzetin 59 nömrəsi çıxıb. Cəmi 78 nömrəsi işıq üzü görən "Rəncbər" qəzeti davamlı nəşr oluna bilməmiş, 1923-cü ilin may ayından fəaliyyətini dayandırmışdı.

"Zəngi" qəzeti

1922-ci ilin sonlarında Zaqafqaziya Ölkə Partiya Komitəsi İrəvanda və Batumidə, Azərbaycan dilində qəzetlərin nəşrinin dayandırılması haqqında qərar qəbul etdi. Erməni şovinist dairələrinin məkrli siyasəti və donosu nəticəsində 1923-cü ilin may ayında Qərbi Azərbaycanda ana dilində yeganə mətbuat orqanı olan "Rəncbər" qəzetinin fəaliyyəti dayandırıldı. Bununla da azərbaycanlı oxucular yenidən anadilli mətbuat orqanından məhrum edildilər. İrəvanda və bölgələrdə yaşayan azərbaycanlı əhalinin isə qəzet nəşrinə olan tələbatı gündən-günə artırdı. Ziyalılar mədəni həyatda köklü dirçəlişin həyata keçirilməsi üçün anadilli mətbuatın yaranmasının zərurət olduğunu isə aydın şəkildə dərk edirdilər.

Bir qrup İrəvan ziyalısı, xüsusən EK(b)P MK-nın yanında fəaliyyət göstərən "Azsaylı xalqlar şöbəsi"nin müdiri Bala Əfəndiyev erməni şovinist dairələrinə Azərbaycan dilində mətbu orqanın nəşrinə icazə almaq üçün dəfələrlə rəsmi şəkildə müraciət etsələr də, buna icazə verilməmişdi. Amma milli düşüncəli, qeyrətli azərbaycanlı ziyalılar Bala Əfəndiyev, Mustafa Hüseynov, Əkbər Rzayev, Murtuza Muradov, Mehdi Kazımov bu çətinliklərin öhdəsindən gələrək ana dilində qəzet nəşr etdirməyə nail olub, bununla da Azərbaycan mətbuatı tarixində mühüm bir vəzifəni yerinə yetiriblər. Onların təşəbbüsü, milli və siyasi iradəsi, qətiyyəti, uzunmüddətli gərgin mübarizəsi sayəsində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi 1924-cü il noyabr ayının ortalarında Azərbaycan dilində "Zəngi" adlı qəzetin nəşr olunmasına icazə verir.

"Zəngi" qəzetinin nəşrinə icazə verilməsinə baxmayaraq, onun işıq üzü görməsi heç də asan olmamışdır. Mətbəədə türkcə şriftin az olması, onun da "Rəncbər" qəzetinin nəşri vaxtından qalması, bunun da yalnız 2-3 səhifəyə kifayət edəcəyi böyük çətinliklər yaradırdı. Mətbəədə texniki və mütəxəssis çatışmazlığına baxmayaraq, qəzetin nəşri məsələsi, ilk nömrəsinin çıxması nəzərdə tutulduğu vaxtda 1924-cü il noyabr ayının 29-da çıxmışdı. Bala Əfəndiyevin redaktorluğu ilə 2 səhifədən ibarət olan "Zəngi" qəzetinin nəşri tarixi ilə bağlı mübahisə doğuran məqamlardan biri də ondan ibarətdir ki, "Zəhmətkeş" imzası ilə çap edilmiş "İki bayram" adlı məqalədə və bəzi mənbələrdə "Zəngi"nin nədənsə 1925-ci il noyabr ayının 29-da işıq üzü görməsi haqda məlumatlar öz əksini tapmışdır. Amma "Zəngi" qəzetinin əldə etdiyimiz ilk nömrəsi bu mətbu orqanın nəşri tarixinə aydınlıq gətirərək sübut edir ki, qəzet 1925-ci ildə deyil, 29 noyabr 1924-cü ildə işıq üzü görmüşdür.

Qəzetin ilk və sonrakı bir neçə nömrəsi Bala Əfəndiyev, Mustafa Hüseynov, Murtuza Muradovun böyük əzmkarlığı və səyi ilə araya-ərsəyə gəlir və bütün redaksiya işləri bu üç nəfər tərəfindən görülürdü. Onlar bütün qüvvə və bacarıqlarını qəzetin vaxtlı-vaxtında, yüksək keyfiyyətlə çıxmasına sərf edirdilər. Yerlərdə Məmməd Paşayev, Bilas Şadlinski, Nəzər Paşayev, Adil Cəlilov, Əli Şabanov və başqaları qəzetin ən fəal müxbirləri idilər.

Cənubi Qafqazda aparıcı mətbuat orqanlarından birinə çevrilən bu qəzet 1928-ci il dekabr ayının 31-nə kimi "Zəngi" adı ilə fəaliyyət göstərmişdir. Müxtəlif vaxtlarda Bala Əfəndiyevin və Mustafa Hüseynovun redaktorluğu ilə işıq üzü görən "Zəngi" qəzeti fəaliyyəti dövründə öz vəzifəsini şərəflə yerinə yetirərək, ictimai-siyasi və mədəni həyatımızın salnaməsi olub.

"Qızıl şəfəq" qəzeti

Qərbi Azərbaycanda ana dilində yeganə mərkəzi mətbuat orqanı olan "Zəngi" qəzeti adında və fəaliyyətində böyük milli-mənəvi mənaları ifadə etdiyi üçün bu adı heç cür həzm edə bilməyən Ermənistanın şovinist dairələri müxtəlif bəhanələr gətirərək onun adını dəyisdirib "Qızıl şəfəq" qoydular. Qəzetin adı dəyişdirilsə də mətbu orqanın yaradıcı kollektivi sələfinin ənənələrini qoruyub saxlamış və daha da inkişaf etdirmişdir.

"Zəngi" qəzeti 1 yanvar 1929-cu ildən "Qızıl şəfəq" adı ilə nəşr olunmağa başladı. "Qızıl şəfəq" qəzeti Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Mərkəzi İcraiyyə Komitəsinin rəsmi mətbuat orqanı idi. Qəzet 4 səhifə həcmində, kiçik formatda, əsas hissəsi latın əlifbası, sonuncu səhifəsi isə ərəb əlifbası ilə həftədə 2 dəfə nəşr edilirdi. Qəzet 19 yanvar 1929-cu il tarixindən, 5-ci nömrəsindən etibarən bütünlüklə latın əlifbası ilə nəşr olunmuşdu.

"Qızıl şəfəq"in meydana çıxması, üzləşdiyi problemlər, qazandığı uğurlar, müxbirlərin fəaliyyəti və onların qarşısında duran vəzifələr haqqında qəzetin 1930-cu il 129-cu nömrəsində bir neçə material çap olunmuşdur. Bu baxımdan, qəzetin 5 illik yubiley nömrəsi xüsusi əhəmiyyət kəsb edir.

1937-ci illər Qərbi Azərbaycanda Azərbaycan ədəbi-mədəni, ictimai mühiti üçün olduqca mürəkkəb, keşməkeşli və ziddiyyətli bir dövr olmuşdur. Bütün bunlara baxmayaraq, "Qızıl şəfəq" qəzeti aparıcı mövqeyini əldən verməmiş, öz şərəfli missiyasını yerinə yetirməyə çalışmışdır.

"Kommunist" qəzeti

Müxtəlif vaxtlarda İrəvanda "Rəncbər", "Zəngi", "Qızıl şəfəq" kimi milli-mənəvi məna ifadə edən mətbuat orqanlarının bu adlarla nəşr olunmasını erməni şovinist dairələri heç cür həzm edə bilmirdilər. Çünki gələcəkdə erməni şovinist dairələrinin həyata keçirəcəkləri "uca məram" üçün bu adlar yaramırdı. Bu baxımdan, Ermənistan Kommunist bolşevik Partiyası Mərkəzi Komitəsinin 8 sentyabr 1937-ci il tarixli qərarı ilə "Qızıl şəfəq" qəzetinin adı dəyişdirilərək "Kommunist" adı ilə əvəzləndi. Belə bir qəzetin çap olunması haqqında "Qızıl şəfəq" qəzeti 11 sentyabr 1937-ci il tarixli sayında oxuculara bu barədə məlumat verərək yazırdı: "Qızıl şəfəq" qəzeti yaxın günlərdə böyük formatda "Kommunist" adı ilə nəşr olunacaqdır". Qəzetin adının siyasi və məkrli məqsədlərlə dəyişdirilməsinə baxmayaraq, azərbaycanlı ziyalılar ilk növbədə, ana dilində çıxan qəzetin varlığını qoruyub saxlamağa və əhali arasında yayılmasını təmin etməyə ciddi səy göstərirdilər. Müxtəlif adlarla fəaliyyət göstərsələr də, onların hər biri öz üzərlərinə düşən missiyaları şərəflə yerinə yetirmişdir.

2 oktyabr 1937-ci il tarixdən "Kommunist" adı ilə nəşr olunan qəzet gündəlik 4 səhifədən ibarət böyük həcmdə latın qrafikası ilə çap edilib. Müxtəlif vaxtlarda qəzetə Əkbər Rzayev və Müslüm Əliyev redaktorluq etmişlər.

Nəticə etibarilə belə qənaətə gəlmək olar ki, 1937-1938-ci illərdə Qərbi Azərbaycanda tüğyan edən repressiyalar dalğası "Kommunist" qəzetinin də redaksiyasından yan keçməmiş, bu baxımdan da Qərbi Azərbaycanda maarif və mədəniyyətin inkişafında eyni zamanda yaradıcı insanların üzə çıxmasında öz rolunu lazımi səviyyədə oynaya bilməmişdir.

"Sovet Ermənistanı" qəzeti

Qərbi Azərbaycanda milli dildə mərkəzi mətbuat orqanı olan "Kommunist" qəzeti 221-ci - sonuncu nömrəsindən sonra 1939-cu il sentyabrın 26-da "Sovet Ermənistanı" qəzeti adı altında nəşr olunmağa baslamısdır. 1939-cu ildə cəmi 79 nömrəsi işıq üzü görən qəzet gündəlik 4 səhifədən ibarət böyük formatda çap olunurdu.

Mətbuatın sürətli inkişafına, işin təşkilinə kütləvi fəhlə-kəndli hərəkatı çox böyük köməklik göstərmişdir. Araşdırmalardan aydın olur ki, 1941-ci ilin may ayına kimi qəzetlə daim əməkdaslıq edən fəhlə-kəndli müxbirlərinin sayı 800-dən çox olmuş, onların sayı ilbəil getdikcə daha da artmışdı. Redaksiya kəndli müxbirlərindən hər gün 35-40 məktub alırdı ki, bu da hər ay orta hesabla 800-850 məktub edirdi. Redaksiya təkcə 1940-cı ildə 6167 müxbir məktubu almışdır ki, bunlardan da 4924 məktub qəzetin səhifələrində çap olunmuşdur. "Sovet Ermənistanı" qəzeti redaksiyasına yalnız Qərbi Azərbaycanın müxtəlif bölgələrindən deyil, eyni zamanda keçmiş İttifaqın müxtəlif şəhərlərindən, xüsusilə də Azərbaycandan il ərzində minlərlə məktub gəlirdi. Redaksiyanın məktublar şöbəsi onları çeşidləyib, ayda bir neçə dəfə "Bizə yazırlar" rubrikası altında qəzetin səhifələrində dərc edirdi. Yerlərdən redaksiyaya məktub axınının belə çox olması Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların bu qəzetə olan inamının göstəricisi idi. "Sovet Ermənistanı" qəzetinin redaksiyasında müraciətlərə diqqətlə yanaşılırdı. Həllini tapan bütün məktublar "Sovet Ermənistanı"nın köməyi ilə" rubrikası adı altında qəzetdə dərc edilirdi.

İkinci Dünya müharibəsindən sonra əvvəlki illərlə müqayisədə "Sovet Ermənistanı" qəzetində də dönüş nöqtəsi yaranmışdır. Müharibədən sonrakı quruculuq dövri mətbuatın inkişafını stimullaşdıran qüvvəyə çevrilmişdir. Həmin dövrdə "Sovet Ermənistanı" qəzeti xalq təsərrüfatının ayrı-ayrı sahələrindən müntəzəm yazılar verməklə yanaşı, ədəbi-mədəni mühitlə bağlı yazılar da vermişdir. Qəzetin əsas heyətini fəhlə-kəndli müxbirlər təşkil etsə də o, öz səviyyəsini və operativliyini qoruyub saxlaya bilmişdir.

1946-cı ildə qəzetin ən fəal bölgə müxbirləri sırasında yer almış Ağa Ağayev, Əli Dünyamalıyev (Keşişkənd), Səməd Novruzov (Amasiya), Nurəli Qurbanov (Qafan), Əli Həsənov (Qarabağlar), Elman Məmmədov (Noyemberyan), Oktay Məmmədov (Kalinino) və başqaları üzərilərinə düşən missiyanı şərəflə yerinə yetirmişdilər. Qəzetin müxbirləri yerlərdə abadlıq, inşaat, kolxoz quruluculuğu və s. istiqamətdə aparılan mühüm işlərə dair ən kiçik məlumatı belə mətbuat vasitəsilə oxuculara çatdırmağa çalışırdılar. Həmin illərdə Allahverdi rayonu üzrə qəzetin ən fəal bölgə müxbirlərindən biri Tapdıq Novruzov olmuşdur.

Böyük inkişaf yolu keçən qəzetin tarixində 1971-ci il yeni bir mərhələnin başlanğıcını qoyur. Qəzetin 1971-ci il 4 səhifədən ibarət böyük formatda çıxan 126-cı yubiley nömrəsi rəngli və nəfis tərtibatı ilə seçilir. Yubiley nömrəsində "Sovet Ermənistanı" qəzetinin nəşrə başladığı vaxtdan onun fəaliyyətində aktiv iştirak edən müxbir və əməkdaşların fotoşəkillərinin verilməsi həmin illərdə qəzetin keçdiyi inkişaf yolu haqqında geniş təsəvvür yaradır.

Yubiley münasibətilə 1971-ci ildə qəzet SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanına əsasən "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Bu fərman 50 illik fəaliyyəti dövründə qəzetə və onun əməkdaşlarına verilən ən yüksək qiymət idi.

Maraqlı faktlardan biri də Azərbaycanın görkəmli şair və yazıçılarının, elm xadimlərinin, tanınmış ziyalılarının qəzetə göndərdiyi təbrik məktublarıdır. Qəzetin yubileyi münasibətilə buraxılmış xüsusi nömrəsində Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun "Yaşa və çiçəklən", yazıçı Nurəddin Babayevin "Ürəkdən-ürəyə", Xalq şairləri Məmməd Rahimin "Dostluq gülzarında", Süleyman Rüstəmin "Söz gülüstanı" başlığı ilə dərc olunmuş təbrik məktublarında bu mətbu orqanın 50 ildə keçdiyi şərəfli yola qiymət verərək "Sovet Ermənistanı" qəzetinin nəinki Qərbi Azərbaycanda, eyni zamanda regionda milli mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin təbliğində və inkişafında böyük rol oynadığını yüksək dəyərləndirmişlər.

İrəvanda yaşayıb-yaradan, ədəbi-mədəni mühitin aparıcı simalarından olan şair, ictimai xadim, vaxtilə qəzetdə ədəbi işçi kimi çalışan Hidayət "Sovet Ermənistanı" qəzetinin əlli illik yubileyinə ithaf etdiyi "Sənin ömrün" adlı şeirində bu mətbuat orqanının keçdiyi keşməkeşli yola poetik təsvir verməklə həm də bu barədə aydın təsəvvür yaradır:

"Qızıl şəfəq" boylananda üfüqlərdən yurdumuza,

Ulduz-ulduz doğulmusan.

"Rəncbər" dərdli, "Zəngi" səsli

Bəstəkarım sən olmusan.

Sənin eşqin, sənin ömrün daim gənclik yaşındadır!

Sənin ömrün mübarizlər sırasında!

Sənin ömrün bir az kədər, bir az qəzəb -

İllər ötür, dəyişirik nəsil-nəsil,

Sən qalırsan.

Bir nəslin yox, neçə nəslin

Zəhmətini, əməlini, arzusunu, istəyini

Zaman-zaman yaşadırsan.

Əslində həmin dövrdə Hidayətin "Rəncbər" dərdli, "Zəngi" səsli kimi dərin siyasi məna kəsb edən sözləri cəsarətlə şeirə gətirib, poetik ifadə vasitələrinə çevirmək tendensiyası hətta açıq mahiyyət kəsb edir. Hidayəti jurnalist kimi səciyyələndirən xüsusiyyətlərindən biri də bu idi ki, o, çoxlarının deyə bilmədiyi, görə bilmədiyi, deməyə cəsarəti çatmadığı fikirləri özünəməxsus müdriklik, mərdanəliklə ucadan deyə bilirdi.

1989-cu ilə qədər fəaliyyət göstərən, erməni şovinizmi əhatəsində son dərəcə gərgin, mübarizələrlə dolu yol keçmiş, Azərbaycan milli mətbuatı tarixində parlaq bir səhifə təşkil edən "Sovet Ermənistanı" qəzeti siyasi təbliğatçılıq funksiyasından daha çox Qərbi Azərbaycanda xalqımızın milli maraqlarının ifadə olunmasına xidmət göstərmişdir.

Cəlal ALLAHVERDİYEV,

filologiya üzrə fəlsəfə doktoru, dosent.