İnklüzivlik COP29 tədbirində də səmərəliliyi artıracaq
Siyasət

İnklüzivlik COP29 tədbirində də səmərəliliyi artıracaq

Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ötən dövr ərzində, eələcə də Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Eyni zamanda dövlət başçısının uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq səviyyədə nüfuzunu günbəgün artırır. Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan ölkəmizin belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fərqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi üçün seçilməsi isə Azərbaycan Prezidentinin növbəti qələbəsidir. Dövlətimizin başçısı bu təşəbbüsü ilə ölkəmizin qüdrətini bir daha dünyaya nümayiş etdirdi və beynəlxalq aləmdə böyük etimad qazandığını göstərdi.

Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Məlumdur ki, bu istiqamətdə dövlətimiz tərəfindən mühüm layihələr həyata keçirilir. Məhz buna görə Prezidentimiz işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsini "yaşıl enerji" zonası elan edib. Hazırda bu ərazilərdə görülən işlər qürurvericidir. Əlbəttə ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu fəaliyyətini görür və dəyərləndirir. Biz şahidi olduq ki, Münxen Təhlükəsizlik Konfrasında dünya ölkələrinin və beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər Azərbaycan Prezidenti ilə görüş üçün müraciətlər edirdilər. Görüşlərdə əsas mövzulardan biri də COP29-la bağlı idi. Bu mötəbər tədbirlə bağlı ölkəmizlə əməkdaşlıq təklif olunurdu, Azərbaycana olan inam ifadə edilirdi. Bütün bunlar onu göstərir ki, bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də bu baxımdan müstəsna əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibi genişləndirilib və inklüzivlik təmin edilib. İqlim dəyişmələri və ekoloji problemlər öz təsirini hər bir sahəyə göstərir. Bu baxımdan, Təşkilat Komitəsində hökumət üzvlərinin yer alması təbii qanunauyğunluqdur. Eyni zamanda millət vəkilləri də Təşkilat Komitəsində təmsil olunur. Çünki mütəmadi olaraq ekoloji sahədə qanunvericiliyin tənzimlənməsinə və təkmilləşdirilməsinə ehtiyac yaranır. Əsaslı məqamlardan biri isə burada vətəndaş cəmiyyətinin təmsil olunmasıdır. Nəzərə alaq ki, ekologiya və ətraf mühitlə bağlı problemlərlə məşğul olmaq təkcə hökumətin və qanunverici orqanın işi deyil. Bu, hər bir vətəndaşın məsuliyyətidir. Çünki ekologiyanın, ətraf mühitin qorunması bütövlükdə cəmiyyətin hər bir fərdindən də asılıdır. Ona görə də vətəndaş cəmiyyəti tərəfindən bu yöndə maarifləndimə işlərinin aparılması olduqca zəruridir.

Sevinc FƏTƏLİYEVA,

Milli Məclisin deputatı.