İnklüzivlik təmin edilir
Ekologiya

İnklüzivlik təmin edilir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 müstəqil Azərbaycanın təşkil edəcəyi ən böyük beynəlxalq tədbirdir. Planetin qlobal problemlərindən olan iqlim dəyişmələri, suyun, havanın, torpaq örtüyünün çirklənməsi, səhralaşması probleminə qarşı Azərbaycan modeli dünyada yeni təcrübə rolunu oynayacaq.

Minilliyin başlanğıcından etibarən bu məsələlərin həlli istiqamətində müəyyən addımlar atılır. Məhz bu baxımdan, bu ilin payızına təsadüf edəcək COP29 tədbirində qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək. COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçımız iki həftə ərzində dünyanın mərkəzi olacaq Bakının təqribən 70 mindən çox xarici qonağı qəbul edəcəyini bildirib. Yeni uğurlara qədəm qoyduğu bir dövrdə bu cür mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin qazandığı uğurların bariz nümunəsidir.

COP-a üzv dövlətlərin Bakıda keçiriləcək növbəti sessiya ilə bağlı Azərbaycandan böyük gözləntiləri var. Tədbirin həm hazırlıq prosesinin, həm də özünün yüksək səviyyədə təşkil olunması üçün cəmiyyətin müxtəlif təbəqələrindən olan şəxslərin səfərbərliyi vacibdir. Həmin seqmentin isə Təşkilat Komitəsi adı altında birləşməsi tədbirin təşkil olunması üçün Prezident İlham Əliyevin 13 yanvar 2024-cü il tarixli Sərəncamı ilə öz əksini tapmışdır. Sərəncamda ölkə başçısı tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

Dövlət başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinə bəzi dəyişikliklər edilib. Adıçəkilən Komitədə gender balansı faktiki olaraq tam təmin olunub. Belə ki, qeyri-hökumət təşkilatları, Milli Məclis, platforma, fondlar və nazirliklərdən olan qadınlar komitənin tərkibinə cəlb edilib. Bu da Azərbaycan Prezidentinin qadınların cəmiyyətdəki roluna olan diqqət, etimad və hörmətinin göstəricisidir. Komitənin tərkibinə dəyişiklik edilməsi və onun genişləndirilməsi maksimum inklüzivliyin təmin edilməsidir. Məlum olduğu kimi, bu sahədə dünyada vətəndaş cəmiyyəti və QHT-lərin rolu çox aktivdir. Bu baxımdan TK-nə sözügedən qurumun nümayəndələri də daxil edilib. COP29-un ölkəmizdə uğurlu təşkilinə onlar da töhfə verəcəklər. Bundan başqa 29-cu sessiyada müasir çağırışlar və innovasiya məsələlərinin geniş müzakirə olunacağı nəzərə alınaraq, Komitədə iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar.

Qeyd edək ki, COP29-a ev sahibliyimiz təkcə ekoloji cəhətdən deyil, ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının reallaşması baxımından da dəyərləndirilməlidir. Məhz bu çərçivədə Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Tədbirin Azərbaycanda keçirilməsi isə ölkəmizin ekoloji problemlərə qarşı apardığı mübarizədəki müstəsna rolundan və səmərəli mövqeyindən xəbər verir.

Məlumdur ki, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Məhz bu çərçivədə iqtisadiyyatın karbonsuzlaşdırmaya yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları gerçəkləşir ki, bu da COP29-un Azərbaycana həvalə olunmasının nə qədər doğru qərar olduğunu göstərir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan edilməsi də ölkəmizin məsələyə xüsusi həssaslıqla yanaşdığını təsdiq edir.

Dövlət başçısı İlham Əliyevin liderliyi ilə yürüdülən uğurlu siyasət qlobal arenada Azərbaycanın imperativlərinin qəbulunu təmin etmişdir. Ölkəmiz problemlərin həllində aktor rolunu təsdiqlədib. Qlobal həllərin müzakirəsi üçün faydalı dialoq mühitinin formalaşdırılması, o cümlədən enerji resurslarından səmərəli istifadə barədə müzakirə subyektlərinin genişləndirilməsi ölkəmizin çoxvektorlu etibarlı tərəfdaş imicini, həm də humanitar dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Bütün dünya əmindir ki, Azərbaycan COP29 sınağından da uğurla çıxacaq.

Hazırladı:

Salman ALIOĞLU,

Tacir SADIQOV,

"Respublika".