İnsanların ümid ünvanı, humanizm simvolu  Bizim Mehriban
Sosial həyat

İnsanların ümid ünvanı, humanizm simvolu  Bizim Mehriban

Azərbaycan qadını mərddir, qorxusuz və ismətli, azad düşüncəli, təmizqəlbli, nikbinruhludur. Mənsub olduğu ailənin şərəfini hər şeydən üstün tutmaq, el-obanın yükünü daşımaq bu zərif cinsin nəcib xüsusiyyətlərindəndir. Amma millətimizin qadını tarixən sadəcə məişət məsələləri ilə məşğul olmayıb. Zamanında kişilərlə bərabər at çapan, döyüşlərdə düşmənə qan udduran Tomrislər, Sara xatunlar da xalqımızın nümayəndələridir. XII əsr Şərq İntibahının Azərbaycan ulduzu Məhsəti Gəncəvi, Qarabağ Xanlığının sonuncu vərəsəsi Xan qızı Natəvan, XX əsr Azərbaycan qadınının əldə etdiyi ən yüksək məziyyətləri özündə əks etdirən Zərifə xanım Əliyeva, eləcə də adını çəkə bilmədiyim yüzlərlə, minlərlə qadın ölkəmizin başını hər zaman uca edib, müasir Azərbaycan qadınlarına əvəzsiz irs qoyublar. Yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, uğurlu ictimai fəaliyyətilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada etimad qazanan Mehriban Əliyeva da bu irsin görkəmli nümayəndələrindəndir.

Ölkəsinin inkişafı, azərbaycançılıq məfrukəsinin qorunub-saxlanılması naminə verdiyi hər sözə həssaslıqla yanaşır ölkəmizin birinci xanımı. Yurdumuzun sağlam gələcəyi üçün sözün əsl mənasında bir əsgər kimi şücaət göstərir. "Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!". Ümummilli lider Heydər Əliyevin bu fikri, sanki Mehriban Əliyevanın həyat amalına çevrilib. Bu gün də həmin amalla irəliləyərək kimisinə dost, sirdaş, kimisinə isə həmdəm olmağı bacarır. Onun bu xüsusiyyətləri isə özünü hələ erkən yaşlardan büruzə verib.

Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Uşaqlıq dövründə 11 yaşlı Mehribanın incə ruhunu duyan müəllif və rejissorlar 1975-ci ildə "Danışan məktub" filmində Validə obrazını neçə-neçə namizədlər arasından məhz ona həvalə edib. 1981-ci ildə isə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib, institutda 1988-1990-cı illərdə İnstitutda "Göz xəstəlikləri" ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə çap olunan "Azərbaycan - İrs" jurnalını təsis edib. 2002-ci ilin oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Mehriban Əliyeva Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi və həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir. Mehriban xanımın fəaliyyətinin əsas qayəsini isə sədaqət və mərhəmət təşkil edir.

"Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam heç zaman unutmayım ki, vicdan və ləyaqət, mərhəmət və xoşniyyət, ədalət və qarşılıqlı hörmət Tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir".

Mehriban Əliyevanın uğurlarının səbəbkarı da elə bu nəcib xüsusiyyətlərdir desək yanılmarıq. 2004-cü il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuda isə Mehriban Əliyeva "İlin qadını" adına layiq görülüb. Mehriban xanım 2005, 2010 və 2015-ci illərdə Milli Məclisin deputatı seçilib. Millət vəkili kimi fəaliyyəti dövründə isə milli maraqları üstün tutub. Onun təşəbbüsü ilə Milli Məclisdə gündəliyə çıxarılan mövzular geniş sosial sferanı əhatə edir. Azərbaycanın birinci xanımı diplomatiya, elm, təhsil, mədəniyyət, incəsənət, idman və digər sahələrdə göstərdiyi fəallığa, yenilikçi ideya və baxışlarına görə 9 iyun 2005-ci ildə "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə,  23 noyabr 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ilin mayında "Qızıl ürək" beynəlxalq mükafatına, 5 may 2009-cu ildə Heydər Əliyev mükafatına, 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeninə, 15 fevral 2010-cu ildə Fransa Respublikasının "Şərəf Legionu" ordeninə layiq görülüb. Həmçinin 24 iyun 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalı ilə təltif olunub. 13 aprel 2012-ci ildə Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru seçilib. Bundan başqa, Pakistan, İtaliya, Küveyt, Macarıstan, Rusiya və digər ölkələr də Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib.

H eydər Əliyev Fonduna rəhbərlik etməsi Mehriban Əliyevanın fəaliyyətində xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsinin davam etdirilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədilə yaradılmış fond xeyirxah təşəbbüslərlə cəmiyyətin mənəvi dəstəyinə çevrilir. Fondun dəstəyi ilə "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" proqramları çərçivəsində məktəblər əsaslı təmir edilir, onlarla yeni məktəb binaları inşa olunur. Loqosunda demokratiyanı, dürüstlüyü, simvolizə edən fond minlərlə insanın yarasına məlhəm olur.

"Biz minlərlə məktub alırıq. Çox zaman bu məktublarda insanlar yazırlar ki, Heydər Əliyev Fondu bizim son ümid yerimizdir. Biz bu məsuliyyəti çox yaxşı dərk edirik və ilk gündən fəaliyyətimizə başlayanda bəyan etmişdik ki, respublika əhəmiyyətli irimiqyaslı layihələrlə yanaşı, bizə müraciət edən hər bir insanın, vətəndaşın yanında olmağa, onu eşitməyə və imkan dairəsində onun probleminin həllində iştirak etməyə çalışacağıq. Biz bu prinsiplə işləmişik. Mənə elə gəlir ki, qazanılan hörmət məhz buna görədir. Çünki biz heç bir məktubu cavabsız qoymuruq, biz insanları eşitməyə və onların yanında olmağa çalışırıq".

Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycanla məhdudlaşmayaraq xarici ölkələri də əhatə edir. Bu mənada Mehriban Əliyevanın nüfuzlu xarici mükafatlara layiq görülməsinə tam mənəvi haqqı var. Bu layihələrdən biri Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərində qızlar məktəbinin inşasıdır. 2005-ci ildə Pakistanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində yetmiş min insan həyatını itirmiş, ölkənin infrastrukturuna ciddi ziyan dəymişdi. Azərbaycan hökuməti zəlzələnin ilk günündə ən zəruri ehtiyaclar üçün Pakistana 1,5 milyon dollar həcmində pul yardımı etdi. Əsas məramlarından biri xeyriyyəçilik olan Heydər Əliyev Fondu da bu nəcib missiyada yaxından iştirak etdi. Zəlzələnin dağıdıcı təsirinin qurbanlarının həm də uşaqlar olduğunu nəzərə alan fond Pakistan şagirdləri üçün müasir orta məktəb tikdirdi. Bizim üçün qürurvericidir ki, Pakistanın rəsmi dövlət orqanları tərəfindən bu məktəbə Mehriban Əliyevanın adı verilib. Mehriban Əliyevanın Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013" mükafatına, Pakistan İslam Respublikasının "Hilal-e Pakistan" ali ordeninə layiq görülməsi onun xidmətlərinin bu ölkədə yüksək qiymətləndirildiyini göstərir. Heydər Əliyev Fondu tərəfindən Gürcüstan, Misir, Rumıniya, Rusiya və Niderlandda da bir sıra məktəblərin yenidən qurulması məhz Mehriban xanımın humanist təşəbbüsləridir.

B ütün bunların fonunda Mehriban Əliyeva 2017-ci il fevralın 21-i ölkəmizin tərəqqisi və cəmiyyətimizin inkişafında göstərdiyi misilsiz xidmətlərinə, ictimai-siyasi sahədəki fəallığına görə, Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bu, xalqın ürəyindən xəbər verən siyasi qərar idi. Mehriban xanımın vəzifəsi dəyişsə də, amalı dəyişmir.

"Bizim arzumuz başqadır. Bizim vahid arzumuz "Qarabağ şikəstəsi"ni Qarabağ torpağında birlikdə eşitməkdir. Prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi və Allahın köməyi ilə biz buna nail olacağıq".

Doğma yurda qovuşmaq sevgisi ətrafında birləşən igidlərimizin mərdliyi və cəsarəti ilə Mehriban xanımın arzusu çin oldu, biz Qarabağa qayıtdıq. Hazırda 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Amma doğma yurdumuzun əsl sahiblərinin qayğısına ehtiyacı var. Bu məqsədlə Heydər Əliyev Fondunun üzərinə böyük yük düşür. Bu çətin, amma qürurlu missiyanı dərk edən Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki tarixi, mədəni, o cümlədən dini abidələrin bərpası üzrə layihəsinə başlanıldığını bəyan edib. Bununla həm də ölkəmizin birinci xanımı ona işarə edib ki, fond işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərini sürətlə icra etməyi öz öhdəliyinə götürüb.

Bütün bir xalqın yükünü öz çiyinlərində daşıyan, bir gün belə olsa bundan şikayət etməyən, qürur və iftixar hissilə millətinin yanında olan, yardıma möhtac olandan köməyini əsirgəməyən Mehriban Əliyeva xalq və dövlət birliyini fəaliyyətinin qayəsinə çevirib. Qarşılığında isə canından çox sevdiyi xalqının sevgisini qazanıb. Hər kəs bilir ki, bir xalqın dəstəyini qazanmaq asan deyil. Amma Mehriban Əliyeva bu güvəni qazana, zamanla Bizim Mehriban ola bilib.

Jalə QASIMZADƏ,

"Respublika".