İqtisadi müstəqilliyin əsas qarantı
İqtisadiyyat

İqtisadi müstəqilliyin əsas qarantı

1997-ci ildə imzalanan sərəncamla hər il yanvarın 30-u respublikamızda gömrük işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Ölkəmizdə gömrük xidməti zəngin tarixi yol keçib. Hələ çar Rusiyası dönəmində, 1807-ci il fevralın 7-də Bakı Gömrük İdarəsi fəaliyyətə başlayıb. Müstəqilliyimizin əldə olunmasından sonra yaradılan yeni strukturlardan biri məhz gömrük sistemi olmuşdur. Rəsmi olaraq ilk dəfə AXC hökumətinin 1918-ci il 12 iyul tarixli qərarı ilə Qazax qəzasının Salahlı və Şıxlı kəndlərində, Poylu dəmiryolu stansiyasında gömrük postları yaradılmışdır. 1918-ci il avqustun 10-da Azərbaycan hökuməti gömrük sisteminin fəaliyyətə başlamasını təmin edən sənədi təsdiqləmiş və bu tarixdən sonra ölkəmizin sərhədlərində 99 gömrük postu yaradılmışdır. Müstəqilliyimizin bərpası ilə gömrük sahəsində yeni bir dövrün təməli qoyulmuş və 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi (DGK) yaradılmışdır.

Gömrük xidməti ölkəmizin təhlükəsizliyi istiqamətində önəmli yer tutur. Belə ki, dövlət xəzinəsinin dividendlərlə təmin edilməsi, qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji sərvətlərinin qeyri-qanuni yolla ölkədən çıxarılmasının qarşısının alınması məhz gömrük xidmətinin fəaliyyəti ilə bağlıdır. Unutmamaq lazımdır ki, Vətən sərhəddən başlayır. Bu çərçivədə Azərbaycan gömrük xidmətinin nümunəvi qurum kimi formalaşması dövlətimizin prioritet istiqamətlərindən biridir. Müstəqilliyimizin bərpa edilməsindən bu yana dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının əsas fəaliyyət prinsipi göstərilən etimadı doğrultmaq, qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir. Bu baxımdan, müasir dövrümüzə uyğun olaraq elektron xidmətlərin sayı artırılıb və digər sahələrdə islahatların əhatə dairəsi genişləndirilib. Qeyd edilən nüanslar öz növbəsində xidmət səviyyəsinin yüksəldilməsində və beynəlxalq ticarətin asanlaşdırılmasında mühüm rol oynayır.

Sovet imperiyasının süqutundan sonra müstəqillik qazanan ölkəmiz səriştəsiz idarəçilik ucbatından çətin vəziyyətlə üz-üzə qalmışdı. Belə bir dövrdə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqın ümid çırağını yandırdı, ölkəmiz dirçəliş dövrünə qədəm qoydu. Məhz bu hadisə bütün sahələrə olduğu kimi, gömrük işinə də ciddi təsir göstərdi. Ulu öndərin Azərbaycan Respublikası Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqda səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, gömrük xidməti müstəqil Azərbaycan dövlətinin əsas sütunlarından biridir: "Həqiqətən, gömrük xidməti Azərbaycanın iqtisadi müstəqilliyinin qorunub saxlanması üçün çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan sərbəst iqtisadiyyat yolu ilə gedir, Azərbaycan dünya iqtisadiyyatı ilə gündən-günə sıx inteqrasiya olmağa cəhdlər göstərir və bu sahədə artıq bizim nailiyyətlərimiz var". Ümummilli lider Heydər Əliyev ölkəmizin dinamik iqtisadi inkişafının əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz ulu öndərin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır.

COVID-19 virusunun tüğyan etdiyi bir dövrdə ölkələrin bütün sektorlar üzrə zəifləməsi müşahidə olunurdu. Lakin bu vəziyyətdən də Azərbaycan dövləti, xüsusilə gömrük orqanları üzağ çıxmağı bacardı. Belə ki, pandemiyanın iqtisadiyyatda yaratdığı qlobal problemlərə baxmayaraq, gömrük orqanlarımızın faəliyyətinin səmərəli şəkildə qurulması nəticəsində büdcə öhdəliyinin yerinə yetirilməsi, yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, hüquqpozmaların qarşısının alınması istiqamətində əsaslı tədbirlər görüldü.

Müasir dövrümüzdə gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malikdir. Ölkəmizin quru, hava və dəniz yollarında iqtisadi mənafeyi və təhlükəsizliyi qətiyyətlə qorunur, qaçaqmalçılığa qarşı mübarizə intensivləşdirilir.

Nurlan ABDALOV,

"Respublika".