İran mediasının anti-Azərbaycan mövqeyinin fiaskosu
Siyasət

İran mediasının anti-Azərbaycan mövqeyinin fiaskosu

İran mediasının Azərbaycana qarşı qərəzli mövqedən çıxışlar etməsi hər zaman müşahidə olunur. Fars rejiminin sifarişi ilə ölkəmizə qarşı edilən media "hücumlar"ı elə mollaların özlərini ifşa edir. Xüsusilə "Səhər" televiziya kanalının Azərbaycan dövlətinə iftiralar atması, terror hadisələrini ört-basdır etməyə çalışması faydasız olduğu kimi, özlərinin kimliyini üzə çıxarır.

Yanvar ayında Tehrandakı səfirliyimizə qarşı edilən hücumdan sonra, "Səhər" televiziya kanalının jurnalisti hadisə yerindən reportaj hazırlayaraq bildirmişdi ki, polis hadisədən xəbər tutan kimi dərhal səfirliyin binasına yollanıb silahlı şəxsi həbs edib. Burada jurnalistin işlətdiyi "dərhal" sözü əslində məsələnin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Baş vermiş terror aktından sonra hadisələri malalamağa çalışan mətbuat hər şeyi "yaxşı" etmişdi, ancaq bir vacib məqamı unutmuşdular. Hadisənin ən düzgün obyektiv şahidlərini. Yəni görüntü kameralarını. Sonradan Azərbaycan tərəfindən yayılan istintaq görüntülərindən aydın oldu ki, İran polisinin silahlı şəxsə müdaxiləsi heç "dərhal" olmayıb. Fars rejimindən sifarişi alan şəxs əvvəlcə avtomobili ilə səfirliyin binasının önündə bir neçə dövrə vurur, daha sonra "kalaşnikov" silahıyla binaya hücuma keçir həmin anda polislə qarşılaşsa da maneəsiz şəkildə hərəkətinə davam edir. Xeyli müddət keçməsinə baxmayaraq, səfirliyin yaxınlığında qarşı tərəfdən hadisəni izləyən İran polisləri dedikləri kimi, "dərhal" terrorçunu zərərsizləşdirməyə çalışmırlar. Ona müəyyən vaxta qədər plana uyğun olaraq fürsət verilib. Bütün bu olanlar "Səhər" televiziya kanalının yalanını gün üzünə çıxarmağa kifayət edir. "Səhər"in ikinci şousu da polis bölməsində davam edir. Cinayətkardan müsahibə almaqla ona fürsət veriblər ki, özünü təmizə çıxartsın, yəni hadisəni ailə münaqişə qismində törətdiyini bildirsin, bununla da İran dövlətinin üstündəki məsuliyyət aradan qalxsın. Fars rejiminin hiyləgər olması bəllidir, amma ağıldan bu qədər kəm olmaqları da bir az təəccüblüdür.

Bir tərəfdən ölkəmizlə əməkdaşlığı vacib amil sayan, digər tərəfdən təxribatçı addımlar atmaqdan geri qalmayan İran hər vəchlə Azərbaycanı gözdən salmaq üçün durmadan fəaliyyətlərinə davam edir. Əsl üzünü İkinci Qarabağ müharibəsində göstərən cənub qonşumuzun yüksəkvəzifəli şəxsləri, gah mollaların vasitəsilə, gah da yerli mətbuatda hazırlanan proqramlarla qazandığımız qələbəyə xələl gətirmək istəyir.

Son olaraq Türkiyədə Prezident İlham Əli

yev Nikol Paşinyanın birgə çəkilən şəkillərini ön plana çəkməklə, yenidən ermənipərəst mövqe tutduğunu gizlədə bilməyib. Lakin onlar yaddan çıxarırlar ki, Azərbaycan Prezidenti istər müharibədən əvvəl, istərsə döyüşlərin ən isti dövründə dəfələrlə Nikol Paşinyana onun sahiblərinə çox sərt mövqe nümayiş etdirib. Hər zaman da Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını qeyd edib. Diplomatiyada belə halların baş verməsi - müharibədən sonra liderlərin bir-birilərinə normal münasibət göstərməsi ilk dəfə baş verən bir hadisə deyil.

Digər bir məqam isə "Səhər"in İran-Ermənistan münasibətlərinə bəraət qazandırmasıdır. Dönə-dönə vurğulanır ki, Azərbaycan Ermənistanla düşməndirsə biz niyə digər qonşumuzla iqtisadi əlaqələrimizi kəsməliyik yaxud da onlara dəstək verməməliyik? Onda onlara da sual olunur. İran-İsrail münasibətləri gərgindirsə İsrail adamlarının Zəngilanda açdığı hansısa ferma İran üçün niyə bu qədər problemə çevrilib? Danışdıqca batan fars mətbuatı ölkəmizə qarşı atdıqları böhtanları vaxt tapıb incələsələr görərlər ki, irəliyə sürdükləri bütün arqumentlər fiaskoya uğrayıb.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından ən çox ehtiyat edən dövlətlərdən biri İranın olması heç kimə sirr deyil. Məhz belə xırda məsələləri gündəmə gətirməklə sülh müqaviləsinin imzalanmaması üçün əlindən gələni edən Tehran rəsmiləri Ermənistanı silahlandırmağa davam edir. Səbəbi isə odur ki, 132 kilometrlik Azərbaycan-İran sərhədinə 30 ildən sonra yenidən nəzarət etməyimiz onların "kommersiya" fəaliyyətlərinə ciddi mane olur. Vaxtilə ərazilərimizdən "boz zona" kimi istifadə etməklə külli miqdarda narkotik vasitələr Ermənistan vasitəsilə məhz bu ərazilərdən Avropaya daşınıb.

Musa BAĞIRLI,

"Respublika".