Mədəniyyət

"İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi"

Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin "İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi" adlı elmi-tarixi, publisistik monoqrafiyası çap olunub. Kitab İrəvan mədəni irsinin canlı abidəsi olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi keçmişini və çağdaş dövrümüzdəki fəaliyyətini geniş elmi kontekstdə aydınlaşdırır. Həmçinin dünya azərbaycanlılarında milli ideologiyanın, vətənpərvərlik ruhunun vüsət alması, əbədi-əzəli torpaqlarından didərgin düşmüş, iki yüz ildə dünyanın müxtəlif ölkələrinə köç etmək məcburiyyətində qalmış soydaşlarımızın böyük qayıdışa səfərbər edilməsi, bu ideyanın tezliklə gerçəkləşməsi üçün həmvətənlərimizdə inamın gücləndirilməsinə təkan verilməsi, onlara mənəvi dəstək göstərilməsi və maarifləndirilməsi prinsiplərinin həyata keçirilməsi kimi mühüm məsələlərin həllini ehtiva edir.

Kitab Azərbaycan teatr sənətinin ən güclü, ən mükəmməl yaradıcı qolu olan, milli teatr sənətimizin inkişafına əvəzsiz töhfələr verən İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranma tarixinə, təşəkkül və inkişaf mərhələlərinə, müasir yaradıcılıq metaforalarına həsr olunub. Kitabın elmi redaktoru Əməkdar elm xadimi, akademik Nizami Cəfərov, rəyçi tarix elmləri doktoru, professor Minaxanım Əsədli, korrektoru Kamilə Dilbazidir.

Tədqiqat bir sıra yeni araşdırma üsulları və problem axtarışları ilə diqqət çəkir. Müəllif 1882-2023-cü illər arasında İrəvan Teatrının keçdiyi zəngin yaradıcılıq yolu, təşəkkül mərhələlərinin geniş təhlillərində sanki bütün hadisələrin canlı şahidi olaraq oxucu və tamaşaçıları ilə səmimi dialoq qura bilir. Müəllifin qənaətinə görə, Azərbaycanın renessans dövrü hesab olunan XIX əsrin ikinci yarısında Qafqazda yaranmış ədəbi-mədəni mühitin tərəqqisi peşəkar teatrın inkişafına zəmin yaratdı. Yerli ziyalıların və mötəbər səlahiyyət sahiblərinin səyi ilə təməli qoyulan teatrın fəaliyyətində dövrdə İrəvana gəlmiş görkəmli azərbaycanlı mütəfəkkirlərin, maarifpərvər insanların, teatr mütəxəssislərinin, öz əsərləri ilə İrəvan Teatrının inkişafına töhfə vermiş müqtədir ədiblərin, o cümlədən gimnaziya tələbələrinin də böyük əməyi və zəhməti olmuşdur.

Tədqiqatdan məlum olur ki, İrəvan Azərbaycan Teatrının bir neçə mərhələyə bölünən yaradıcılıq yolu həqiqətən də böyük çətinliklərdən keçmişdir. Teatr dəfələrlə düşmən qəsdinə məruz qalaraq qapadılmış, mərkəzdən əyalətə köçürülmüş, hətta bir neçə dəfə doğma yurdundan didərgin salınsa belə, bu qocaman sənət ocağı zərrə qədər də düşmənə boyun əyməmiş, öz əzmkar və fədakar fəaliyyəti ilə həmişə layiqli mübarizə aparmışdır. Müəllif əminliklə teatrın bütün yaradıcılıq yolunu işıqlandırmaqla diqqəti ona cəlb edir ki, "...bu sənət ocağının fədakar kollektivi bütün fəaliyyəti boyu yaratdığı çoxjanrlı sənət əsərləri ilə cəmiyyətin həqiqi aynasına çevrilmiş, bütövlükdə Azərbaycan teatr sənətinin yaradıcılıq salnaməsinə böyük töhfələr verməklə yanaşı, öz ənənələrini yaratmış, yaşatmış, daima inkişaf etdirmiş və özünəməxsus bir sənət məkanına çevrilmişdir".

Monoqrafiyanın "Oğuz elinin alınmaz qalası, əbədi dünyası İrəvan xanlığı" adlanan birinci fəslində İrəvan Teatrının təşəkkülü və formalaşması, teatrın yaranmasında mütərəqqi ziyalıların rolu; teatrın 1882-1927-ci illər repertuarı, ilk dram əsərlərimizin səhnə təcəssümləri; 1928-1948-ci illər arasında Azərbaycan və dünya dramaturqlarının əsərlərinin İrəvan Teatrı səhnəsində oynanılan tamaşaları təhlil edilir. Burada teatrın yaranışından 1967-ci ilə qədər keçdiyi dövr araşdırılır.

"Teatrın dirçəliş dövrü" adlanan ikinci fəsildə 1967-1989-cu illər arasında teatrın fəaliyyət yoluna nəzər salınır. Bu fəsildə teatrın bərpadan sonrakı fəaliyyəti araşdırılır, keçdiyi növbəti ağır sənət yolu faktların dili və canlı şahidlərin yaddaşlarında yaşayan xatirələrin dəlilləri ilə təhlil edilir. "Teatrın mükəmməl repertuar uğrunda mübarizəsi", "Teatrın yenidən qurulması və dirçəliş dövrü" və bu dövrün repertuarı şərh edilir.

Qeyd olunur ki, 1968-ci ildə erməni millətçi məmurları gənc, istedadlı jurnalist Hidayət Orucovu öz peşəsindən uzaqlaşdıraraq İrəvan Teatrına rəhbər vəzifəyə təyin edirlər. Məqsəd isə teatr rəhbərinin "səriştəsizliyi" bəhanəsi ilə teatrı bağlamaq idi. Gənc Hidayət dədə-babalarımızın min bir əziyyətlə və böyük çətinliklərlə bərpasına nail olunan, bir də qapadılsa yenidən bərpasının mümkün olub-olmayacağı şübhə altında qalan bu qocaman sənət ocağını "ölüm" təhlükəsindən qurtarmaq üçün çətin və məsuliyyətli vəzifəni öz üzərinə götürdü, yeni islahatlar apardı. Qərbi Azərbaycan məkanında milli əsərlərlə maraqlı tamaşaların yaranmasına meydan verdi.

Hidayət müəllim bütün qüvvəsini səfərbər edib İrəvan Teatrını "yarandığı gündən heç vaxt yüksəlmədiyi intibah zirvəsinə" qaldırdı və Qafqazın nümunəvi teatrına çevirə bildi. Yüksək bədii keyfiyyətli tamaşaların sorağı, getdikcə öz coğrafiyasını böyüdən geniş qastrol səfərlərinin uğurlu nəticələri ittifaq miqyasında yayıldı. "Teatrın tərcümeyi-halının maraqlı dövrü kimi səciyyələnən 1968-ci ildən İrəvan Teatrına on altı il rəhbərlik etmiş görkəmli Azərbaycan ziyalısı, ictimai xadim və tanınmış dövlət xadimi, çoxşaxəli ədəbi-bədii yaradıcılıq yoluna malik olan Hidayət Orucovun fəaliyyət dövrünün inkişaf dinamikası, dramaturgiyadakı uğurları geniş təhlil olunmuş, onun bütün çətinliklərə qarşı apardığı əzmli mübarizə prinsipi və həmişə də zəfərlə nəticələnən sonluq öz əksini dolğun şəkildə tapmışdır".

Kitabın "1989-2023-cü illər"i əhatə edən üçüncü fəslində teatrın deportasiya həyatına, 2000-ci ildən başlanan yeni sənət uğurlarına, 125 illik yubileyinin keçirilməsi və bu münasibətlə Türkiyə Cümhuriyyətinə ilk qastrol səfərinə, yeni premyeralarına nəzər yetirilir. Qocaman sənət ocağının fəaliyyətinin dördüncü dövrü kimi dəyərləndirilməsi doğru olan, 1989-cu ildən başlanan deportasiya həyatındakı fəaliyyətinin şahidinə çevrildiyimiz, ictimaiyyətə bəlli olan və olmayan tarixi məqamlar işıqlandırılır.

Müəllif İrəvan Teatrının yaradıcılıq yolunun araşdırıldığı dördüncü dövrünün özünü də dörd mərhələyə ayırır. Birinci mərhələ 1989-cu ildən 1994-cü ilə qədərki müddəti əhatə edir ki, bu müddətdə teatr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının nəzdində "Teatr-studiya" qismində çalışmaq imkanı əldə etmiş və Abşeron Rayon Mədəniyyət Sarayında məskunlaşdırılmışdır. İkinci mərhələ 1995-ci ildən 2000-ci ilə qədərki müddəti özündə ehtiva edir ki, İrəvan Teatrı "Teatr-studiya"dan Dövlət statuslu sənət ocağı səviyyəsinə yüksəldilmişdir. Müəllif bu mərhələdə "...teatr dövlət statuslu sənət məkanı kimi yalnız formalaşma prosesini həyata keçirməyə səy göstərmişdir. Ulu öndərin İrəvan Teatrına deportasiyadan sonra dövlət statusunu bərpa etməklə ona ölməzlik statusu verməsi birbaşa Qərbi Azərbaycana qayıdış konsepsiyasının təməlini qoymuş oldu" fikrini də diqqətə çatdırır. Heydər Əliyevin İrəvan Teatrına Dövlət statusu verməsi birbaşa Qərbi Azərbaycana qayıdış konsepsiyasına bir işarə idi.

Müəllif 2000-ci ildən 2007-ci ilə qədərki zamanı isə teatrın fəaliyyətinin dördüncü dövrünün üçüncü mərhələsi kimi təsnifatlandırır. Bu mərhələdə teatr öz fəaliyyətində yaratdığı əsaslı dönüş, təməlli yaradıcılıq prosesinin təhlilindən məlum olur ki, bu dövrdə teatr özünün tarixi-nümunəvi yaradıcılıq ənənələrini bərpa etmiş, sonra Azərbaycan teatr sənət ocaqları ilə zəncirvari yaradıcılıq prosesini formalaşdırmış, görkəmli teatr xadimlərini teatra cəlb etmiş, onlarla yaradıcılıq ünsiyyəti qurmuş, müxtəlif mövzulu əsərlərin ərsəyə gətirilməsinə, rəngarəng janrlı tamaşaların hazırlanmasına nail olmuşdur. Yaradıcılığı milli ənənələrə söykənən bu qədim sənət ocağı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Gənc istedadların teatra cəlb olunmasını, bununla yeni təfəkkürlü, istedadlı, böyük yaradıcılıq potensialına malik olan mütəxəssislərin yetişməsini təmin etmək üçün teatrın səhnəsinin yaradıcılıq bazasına çevrilməsinə rəvac vermişdir.

"Beynəlxalq layihələr - milli ideoloji təbliğat", Qafqazda sülh və barış, İrəvan gerçəklikləri; Qərbi Azərbaycan və Qarabağ həqiqətləri kontekstində qastrol səfərləri" adı ilə təqdim edilən elmi araşdırmanın dördüncü fəslində teatrın Gürcüstana və Dağıstana qastrol səfərləri, Binəqədi Rayon İcra Hakimiyyəti ilə həyata keçirilən müştərək layihələrdə iştirakı, 130 illik yubiley münasibətilə Türkiyə Cümhuriyyətinə səfəri, "Türkiyə-Azərbaycan kültür və sənətdə "DEV" qardaşlıq və candaşlıq layihəsi"ndə əldə etdiyi misilsiz uğurlar əhatəli və geniş şəkildə diqqətə çatdırılır. Səfərlərin əyani sıralanması kitabın "Qastroloqrafiya" bölümündə təqdim olunur.

Monoqrafiyanın uğurlu tərtibatında diqqətçəkən məqamlar sırasında kitabı müşayiət edən tarixi və müasir fotolar, sənət fədailərinin, İrəvan Teatrının müqtədir sənət korifeylərinin, aktyor və rejissorlarının şəkilləri, tamaşaların afişa və proqramları, teatra təqdim edilən fəxri diplomların, xatirə hədiyyələrinin fotolarının yerləşdirilməsi də təqdirəlayiqdir.

Kitabın məzmun və təhlil səviyyəsi, irəli sürülən müddəalar iyirmi üç ildir İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru işləyən İftixar Piriyevin aydın elmi təfəkkürə malik, teatr tarixinə, teatr nəzəriyyəsinə mükəmməl bələd olan sənətşünas alim, yaradıcı insan, həm də yüksək səviyyəli təşkilatçılıq qabiliyyətləri ilə seçilən rəhbər olduğunu göstərir.

 "İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi" adlı monumental ensiklopedik tədqiqat əsəri mədəniyyət tariximizə, sənətşünaslıq elminə layiqli töhfədir.

Nərminə AĞAYEVA,

"İrəvan Mədəni İrsinin Təbliği"

İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.