İrəvanətrafı ərazilərdə erməni vəhşilikləri
Tarix

İrəvanətrafı ərazilərdə erməni vəhşilikləri

Qərbi Azərbaycan əlverişli mövqeyi, zəngin yerüstü və yeraltı təbii sərvətləri ilə daim ermənilərin və onların havadarlarının diqqətini cəlb etmişdir. Tarixin müxtəlif dövrlərində qədim Oğuz ellərinə basqınlar edən haylara qarşı xalqımız ölüm-dirim mübarizəsi aparmış, qəhrəmanlıqlar göstərmişdir.

Qərbi azərbaycanlılara qarşı çar Rusiyası və onun Qafqazdakı əlaltısı Ermənistan tərəfindən aparılmış işğalçı siyasət nəticəsində dəhşətli talanlar edilmiş, xalqımız kütləvi şəkildə qırılmış, torpaqlarımız zəbt edilmişdir.

Zaman-zaman "Ermənistan" adlı bir qara kölgə Qərbi Azərbaycanın başı üzərində dolaşmaqda idi. 1920-ci ilin yazında Tiflisdə parlament nümayəndələri Ermənistanın paytaxtını müəyyənləşdirmək məqsədilə müzakirəyə başladılar. Azərbaycanın tarixi ərazisi olan qədim İrəvanın Ermənistana paytaxt verilməsi parlamentin üzvü Həsən bəy Ağayev tərəfindən kəskin etirazla qarşılandı. 28 parlament üzvündən 16-sı İrəvanın Ermənistan paytaxtı olmasına səs verdikdə Həsən bəy Ağayev etiraz əlaməti olaraq parlament üzvlüyündən çıxdı. Bir neçə gündən sonra daşnaklar onu Tiflisdə qətlə yetirdilər. 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan ətrafındakı 9 min kvadratkilometr ərazini əhatə edən torpaqlarla birlikdə erməni vandallarına verildi. Bura Yeni Bəyazid qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Eçmiədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası daxil idi (qəza mərkəzi Aleksandropol istisna olmaqla). Beləliklə, yeni yaradılmış Ermənistan Respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini təşkil edirdi.

Bu məsələ ilə bağlı Batumi konfransındakı bəzi məqamlara nəzər salaq. Sənədlər sübut edir ki, erməni tərəfi Batumi danışıqlarına və imzalanan müqavilələrə əsasən İrəvan və ətrafındakı soydaşlarımıza məxsus torpaqların onlara verilməsi müqabilində üzərinə bir sıra öhdəliklər götürdü. Lakin məqsədlərinə nail olduqdan sonra bütün öhdəlikləri birtərəfli qaydada pozaraq, işğalçılıq siyasətini davam etdirdi. Beləliklə, İrəvan və ətrafındakı Qərbi Azərbaycan ərazilərinin ermənilərə verilməsi barədə həm Batumi müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdi.

1918-ci ilin mayından 1920-ci ilin no

yabrına qədər hakimiyyətdə olan daşnak hökuməti azərbaycanlıların qanına susamışdı. Bu müddətdə onlar 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etmiş, Qərbi Azərbaycandakı yüz minlərlə soydaşımızı ata-baba yurdlarından qovmuşlar. 1920-ci ilin əvvəlinə kimi 220 mindən çox azərbaycanlı daşnak siyasətinin qurbanı olmuşdu. 1919-cu ilin noyabr-dekabr aylarında Türkiyə və İrana 250 minə qədər azərbaycanlı getmişdi.

Daşnak quldurlar şaxtalı bir qış gecəsində öz mənfur siyasətlərini həyata keçirmək məqsədilə Vedinin Reyhanlı kəndinə qəflətən hücum etdilər. Onlar bu kənddə hansı faciələri törətmədilər? Neçə-neçə dinc, günahsız insanlar evlərə doldurulub yandırıldı. Amansızlıqla qətlə yetirilib su quyularına dolduruldu. 10-15 südəmər uşaq qəddarlıqla sandıqlara doldurulub ağzı qıfıllandı. Günahsız körpələrin ah-naləsi ərşə ucaldı.

Ermənilər belə vəhşilikləri İrəvanətrafı digər rayonlarda da törətdilər. Neçə-neçə insanlar yaralı-yaralı maşınlarla Göyçə gölünə töküldü.

İrəvan nəinki bütün Qafqazda, hətta şərq ölkələrində belə iri ticarət, elm və mədəniyyət mərkəzi, tipik müsəlman şəhəri olmuşdur. Burada bir-birindən yaraşıqlı 8 məscid tikilmişdi. Əzəmətli Göy məscid və Günlüklü məscid son dövrlərə qədər qalırdı. Şəhərin bir tərəfi mənbəyini Göyçə gölündən alan Zəngi çayının sıldırım təpəsi üstündə, o biri tərəfi isə çuxurda yerləşirdi. Ağrı dağı vadisi bura qədər uzanırdı. İrəvan sıx meşə və bağlarla əhatə olunmuşdu.

Qədim yurd yerimizin başı üzərindən fəlakət qasırğası zaman-zaman ötüb keçmişdir. İran, Osmanlı imperiyası arasında qanlı müharibələr, vilayətin dönə-dönə əldən-ələ keçməsi talana, soyğunçuluğa, dağıntılara məruz qalması İrəvan şəhərinə ağır zərbələr vurmuşdu. XX əsrin birinci yarısında azərbaycanlıların qədim yaşayış məskəni olan İrəvan şəhərində erməni separatçıları analoqu olmayan faciələr törətmiş, dəfələrlə İrəvan qalası mühasirəyə alınmış, azərbaycanlılar amansızlıqla qətlə yetirilmiş, çar Rusiyası tərəfindən xaç qardaşları olan ermənilərə köməklik göstərilmişdir.

1920-ci ilin əvvəlində Qazax qəzasının cənub hissəsində Ermənistanın Dilican qəzası yaradıldı. Zəngəzur qəzasının bir hissəsi Ermənistan ərazisində qaldı. Qeyd etmək lazımdır ki, XI qızıl ordu Ermənistanı işğal etdikdən 3 gün sonra, yəni 1920-ci il dekabrın 1-də Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Komissarları Şurası Dilicanı, Qaraqoyunlu dərəsini və geniş əraziyə malik olan Göyçəni ermənilərə vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: "Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzur XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905, 1918-ci illərdə azərbaycanlı əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir".

Terror, şantaj, separatçılıq yolunu seçmiş ermənilər və onların faşist ideyalı "Daşnaksütyun" partiyası Qərbi Azərbaycan torpaqları və azərbaycanlı əhalinin dəhşətli faciəsi hesabına öz mənfur məqsədlərinə nail olmuş, soydaşlarımız XX əsrin müxtəlif illərində üç dəfə deportasiyaya məruz qalmışlar.

Qədir ASLAN,

"Respublika".