İrimiqyaslı layihələrin reallaşmasına geniş imkanlar yaradılır
Siyasət

İrimiqyaslı layihələrin reallaşmasına geniş imkanlar yaradılır

Zəngin təbii ehtiyatlara, enerji resurslarına sahib olan Azərbaycan bu gün dünyanın bir çox ölkələri ilə hərtərəfli əməkdaşlıq siyasəti yürüdür. Yeraltı və yerüstü sərvətlərindən düzgün, səmərəli şəkildə istifadə olunması nəticəsində iqtisadiyyatını möhkəmləndirməyə nail olan müstəqil dövlətimiz dünya birliyində enerji dialoqu aparan ölkəyə çevrilib. Belə ki, Avropanın enerji təchizatçısı rolunda çıxış edən Azərbaycan neft-qaz hasilatı, bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələlər üzrə irihəcmli layihələr reallaşdırmaqla enerji diplomatiyası həyata keçirir.

Uzun illər boyu yalnız neft ölkəsi kimi tanınan, bu gün isə Avropanın enerji xəritəsini dəyişən, qitənin qaz təchizatında önəmli rola malik olan Azərbaycan bərpaolunan enerji istehsalında da mühüm addımlar atır. Bu baxımdan, neft-qaz sənayesinin inkişafı və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə ölkəmiz dünyanın diqqət mərkəzindədir.

Uğurlu enerji siyasəti sahəsində dünya ölkələri ilə əlaqələri daha da möhkəmləndirmək, şaxələndirmək isə dövlət siyasətinin əsas istiqamətidir.

Bu gün Azərbaycan enerji potensialını səmərəli şəkildə gücləndirir. Ənənəvi enerji istehsalına böyük önəm verildiyi respublikamızda bu istiqamətdə əhəmiyyətli layihələr gerçəkləşdirilir, elektroenergetika sahəsində mühüm işlər həyata keçirilir, yeni elektrik stansiyaları tikilib istifadəyə verilir. Bununla ölkəmiz öz təbii resurslarından tam istifadə etməklə həm daxili tələbatını ödəyir, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük nailiyyətlər əldə edir. Fevral ayının 13-də Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin elektroenergetika mərkəzi hesab olunan Mingəçevirdə fəaliyyət göstərən və respublikanın elektrik enerjisinə olan tələbatının böyük bir hissəsini ödəyən elektrik stansiyasının təməlinin hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıraraq qeyd etmişdir ki, 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə birinci blokunun açılışı baş tutmuş 2400 meqavat gücündə olan elektrik stansiyası o zamandan bəri ölkəmizin elektrik enerjisinə olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynamışdır. Ölkə başçısı 2018-ci ildə stansiyanın 8 blokunun tamamilə yenidən qurulub istifadəyə verildiyini və 2020-ci ildə əvvəlki gücü ilə işlədiyini bildirmiş və təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, müstəqilliyimizin ilk illərindən etibarən ölkəmizi elektrik enerjisi ilə təmin edən elektrik stansiyasının İkinci Qarabağ müharibəsi zamanı da xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır: "Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi".

Azərbaycanın daxili resursları hesabına tikiləcək və təxminən 1300 meqavat gücündə olacaq elektrik stansiyası təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bu da öz növbəsində ölkəmizin böyük həcmdə təbii qaza ehtiyacı olan Avropa ölkələrinin enerji təhcizatında önəmini daha da artıracaq. Bununla yanaşı, müasir standartlar səviyyəsində inşa olunacaq elektrik stansiyası fəaliyyətə başladıqda karbon qazının miqdarını 2 milyon tonadək azaltmaqla ətraf mühitin mühafizəsinə də önəmli töhfə verəcək.

Təməlqoyma mərasimində çıxış edən ölkə başçımız bu elektrik stansiyasının məhz Mingəçevirdə tikilməsinin səbəbini bu şəhərdə güclü elektroenergetika infrastrukturunun mövcud olması ilə əlaqələndirmiş, ölkəmizin az vəsaitlə böyük enerji potensialına malik olcağını demişdir.

İqtisadi cəhətdən inkişafının dayanıqlılığını təmin edən, bir çox dövlətlərin etimad göstərdiyi etibarlı tərəfdaşa çevrilən, ildən-ilə neft və qaz ehtiyatlarının istismarını genişləndirən ölkəmiz özünün enerji təhlükəsizliyini tam təmin edərək bir sıra dövlətlərlə ikitərəfli münasibətlər zəminində neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələlər üzrə əməkdaşlıq əlaqələri qurur. Əsas ticari tərəfdaşlar olan Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrin əsasında bu sahədə əməkdaşlıq mühüm yer tutur. Belə ki, enerji diplomatiyası sahəsində Avropa İttifaqı ilə əlaqələrini genişləndirən müstəqil Azərbaycan birgə əməkdaşlıq səylərini artıraraq daha yüksək səviyyəyə qaldırır. Avropa ölkələrinin artan enerji ehtiyacını təmin etmək üçün dövlətimiz yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri - elektrik enerjisi, hidrogen və yaşıl hidrogen və s. istehsalı üzrə sıx əməkdaşlığa böyük üstünlük verir. Fevral ayının 13-də təməli qoyulan 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində inşa edilməsi bunu bir daha təsdiq edir. Stansiyanın tikintisində Çin Respublikası, o cümlədən İtaliya şirkətlərinin iştirak edəcəyini diqqətə çatdıran ölkə başçımız demişdir: "Bildirməliyəm ki, bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətlər və "Made in Italy" naziri iştirak edir… Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik…".

Bu gün Azərbaycan məqsədyönlü şəkildə yürütdüyü enerji siyasəti ilə enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi sahəsində ölkələr arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirərək qarşılıqlı etimadı gündən-günə artırır. Qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsində irimiqyaslı layihələr həyata keçirən ölkəmiz Avropanın və dünyanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bərpaolunan enerji mənbələri sahəsində pilot layihələr, yaşıl enerji zonasının yaradılması, yaşıl hidrogenin hasilatı və ixracı imkanlarını təqdim edən ölkəmiz, həmçinin ənənəvi resurslardan istifadəyə də böyük önəm verir. Bu baxımdan, Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama uyğun olaraq, fevralın 13-də "Gülüstan" sarayında təməli qoyulan, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki "Azərbaycan" İES-in ərazisində "Azərenerji" tərəfindən əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası ən böyük enerji layihəsi olmaqla uğurlu enerji istehsalına mühüm töhfə olacaq. İtaliyanın "Ansaldo Energia" şirkətinin istehsalı olan 4 qaz turbini, 4 generator, Çinin "Dongfang Electric" şirkətinin istehsalı olan 4 util qazan və 4 blok transformator quraşdırılması ilə inşa olunacaq yeni istilik elektrik stansiyası ölkəmizin enerji potensialını gücləndirməklə bərabər, eyni zamanda enerji təhlükəsizliyi sahəsində ixrac imkanlarını daha da genişləndirəcək. Məqsədyönlü şəkildə görülən işlər çoxtərəfli əməkdaşlıq çərçivəsində irimiqyaslı layihələrin reallaşmasına geniş imkanlar yaradacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".