İşçi qrupu rəhbərinin müavini: Şuşada kütləvi məzarlıqlarla bağlı axtarış işləri davam etdiriləcək
MÜSAHİBƏLƏR

İşçi qrupu rəhbərinin müavini: Şuşada kütləvi məzarlıqlarla bağlı axtarış işləri davam etdiriləcək

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən kütləvi məzarlıqlar aşkarlanıb. Belə məzarlıqlardan üçü Edilli kəndindədir. Onlardan birində 12, digərində 6 nəfərə, üçüncüsündə isə 5 nəfərə aid qalıqlar var idi.

Bunu AZƏRTAC-a açıqlamasında Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov söyləyib.

"Dövlət Komissiyası fəaliyyəti dövründə əsir, girovluqdan azad olunmuş şəxslərin ifadələrini sistemləşdirib. Biz həmin əsir, girovların ifadələrinə uyğun olaraq növbəti kütləvi məzarlığı Şuşa həbsxanasının həyətində aşkarlamışıq. İlkin rəyə görə, burada dörd nəfərin fərdi olaraq basdırıldığı müəyyən edilib. Şuşa şəhərinin ermənilər tərəfindən işğalından sonra Şuşa həbsxanası azərbaycanlı əsir girovların saxlanması, onlara qarşı çoxsaylı cinayətlərin törədildiyi bir məkan olub", - deyə Eldar Səmədov qeyd edib ki, araşdırmalara görə, Şuşa həbsxanasında 360 azərbaycanlı əsir, girov saxlanılıb. Onlardan 216- Dövlət Komissiyasının fəaliyyəti nəticəsində əsir, girovluqdan azad olunub, digərlərinin taleyi isə məlum deyil. Burada tapılan insan qalıqları da göstərir ki, həbsxanada qalan şəxslərə qarşı qəddarlıq qeyri-insani əməllər törədilib. Şuşada kütləvi məzarlıqlarla bağlı axtarış işləri davam etdiriləcək.