İşğalçıya dəstək verən Makronla fransızlar arasında uçurum dərinləşir
Siyasət

İşğalçıya dəstək verən Makronla fransızlar arasında uçurum dərinləşir

Fransanın "Vicdan azadlığı uğrunda assosiasiyaların koordinasiyası birliyi" hüquq-müdafiə təşkilatı 30 il ərzində Qarabağda mövcud olan qanunsuz rejimin erməni əsilli sakinlərin hüquqlarının kütləvi şəkildə pozulması faktlarının aşkarlanması ilə bağlı bəyanat yayıb. Bildirilib ki, Azərbaycan hakimiyyəti həm Xocalı faciəsi qurbanları, həm də erməni əsilli sakinlərin iztirabları naminə ədaləti bərpa etməli, qanunsuz rejimin "rəhbər"lərini cəzalandırmalıdır.

Bəyanatdan da açıq-aydın göründüyü kimi, Fransa  hökumətini tarix boyu iflic vəziyyətinə salan ona rəhbərlik edən şəxslərdir. Məhz fransız hüquq müdafiəçilərinin sözügedən bəyanatı 2020-ci ildən başlayaraq Azərbaycana qarşı qərəzli mövqeyi ilə gündəmdə olan Emmanuel Makrona qarşı cavabdır. Bəyanatda Azərbaycan ilə Ermənistan arasında münaqişənin həllində guya ədalətli və tərəfsiz vasitəçi olmağı iddia edən Fransanın Emmanuel Makronun prezidentliyi dövründə açıq-aşkar Ermənistanın işğalçılıq siyasətinə dəstək verdiyi bildirilib. 

Məhz 30 il öncə Ermənistan Qarabağın azərbaycanlı sakinlərinə qarşı xüsusi amansızlıqla etnik təmizləmə siyasəti aparmış, Xocalı və başqa bəzi ərazilərdə kütləvi soyqırımı və qətliamlar törətmişdir. İşğal altında olan ərazilərdə yaradılan qurama dövlət də eynən "varisinin" siyasətini davam etdirərək, hətta öz millətindən olan sakinlərə qarşı belə zor tətbiq etməkdən çəkinməmişdir. Qarabağı tərk edən erməni əsilli şəxslərin dedikləri də bunu sübut edir. Azərbaycan kimi tolerant bir dövlətin himayəsi altında rahat yaşamaqdansa, hara getmələrinin səbəbinin isə separatçı rəhbərlərin təzyiqlərinin nəticəsi olduğunu bildiriblər.

Fransanın Prezidenti Emmanuel Makron isə kimə dəstək verdiyini hələ özü də bilmir. Ali tribunalarda terrorçuların şərəfinə "tost" deyən Makron bütün dünyada fransız imicinin zədələnməsinə səbəb olub. Azərbaycan tərəfindən saxlanılan keçmiş qondarma rejimin "rəhbər"lərini müdafiə etməyə çalışan Makron artıq sərsəmləmə dərəcəsinə çatıb. Ermənistanda belə gülünc qarşılanan Makronun bu siyasəti Fransada böyük utanc və təəssüf doğurur. Demək olar ki, Fransada kütləvi etirazlar onu göstərir ki, ölkənin qətiyyətli siyasət yürüdə bilən liderə ehtiyacı var. Terrorçuları və quldurbaşlarını müdafiə edib, onlara yardım göndərən Makron Fransada böyük rəzilliklə qarşılanır.

Bu arada separatçıların sonuncu "mogikanı" hesab olunan Samvel Şahmaranyan ötən gün öz separatçı birliyi ilə İrəvanda aksiya keçirib. Lakin etiraz aksiyası çox da "uğurlu" olmayıb, aksiya zamanı Samvelin fikirləri birmənalı qarşılanmayıb və nəticədə saxlanılanlar olub.

Rəsmi Bakı isə bu kimi qeyri-səmimi danışıqlara əhəmiyyət vermir. Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də separatçıların "son iqamətgah"ı olan Xankəndidə üçrəngli bayrağımızı dalğalandıraraq bu cür xülyaların boş olduğunu göstərdi. Azərbaycan necə ki, separatçıların "rəhbər"lərinə bu gün istintaq təcridxanasında isti çay təklif edir, digər qatil və terrorçular da bir-bir bu təcridxananın "qonağı" olacaqlar. Fransa Prezidenti Makronun isə Samvelin dünənki çıxışından təsirlənməsi ehtimalı var. Belə ki, qondarma rejimin yeni "mərkəzi" Strasburq və ya Marsel şəhərlərindən biri ola bilər. Lakin yerli fransızların erməni lobbisinin köləsinə çevrilən Makronla eyni fikirdə olduqları bəlli deyil.

Tacir SADIQOV,

"Respublika".