İslamofobiyaya qarşı mübarizədə Azərbaycan modeli
Siyasət

İslamofobiyaya qarşı mübarizədə Azərbaycan modeli

Müasir dövrdə neoimperializm və neokolonizm siyasətinin dirçəlməsinin elementi kimi dünyada islamofobiya meyillərinin sürətlə artması fonunda Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın keçirilməsi Azərbaycanın daha bir qlobal problemlə mübarizədə təşəbbüsü ələ aldığını göstərir. Azərbaycan Prezidentinin beynəlxalq konfrans iştirakçılarına göndərdiyi məktubda da ifadə olunduğu kimi, "islamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq". İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi, dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur.

Lakin konkret preventiv tədbirlərə gəldikdə, BMT özü başda olmaqla, heç bir beynəlxalq təşkilat və ümumilikdə beynəlxalq hüququn heç bir subyekti real, effektiv, təsirli addım atmırdı. Bunun da çox sadə səbəbi var idi, çünki müasir neoimperializm, neokolonializm, islamofobiya və müsəlmanlara qarşı təqib meyilləri elə üzdə olan qlobal subyektlərin, xüsusən Qərb ölkələrinin özlərinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Belə olan halda, təbii ki, beynəlxalq təşkilatların idarəçiliyində yer alan bu cür subyektlərin mövcud situasiya ilə mübarizəsi səmimi ola bilməz. Qlobal miqyasda bu qorxunc və qəbuledilməz tendensiya ilə ilk səmərəli mübarizə təşəbbüsü məhz Azərbaycan Prezidenti tərəfindən reallaşdırılıb.

Cənab İlham Əliyev 2022-ci ilin 1 noyabr tarixində Qoşulmama Hərəkatının sədri qismində Fəxri qonaq statusunda Əlcəzair Xalq Demokratik Respublikasında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində məhz qeyd edilən beynəlxalq subyektləri, ələlxüsus Fransanı ifşa etdi. Həmin tarixi çıxışında ölkəmizin  İslam həmrəyliyinə kifayət qədər töhfə verməsi, 2017-ci ilin respublikada "İslam Həmrəyliyi İli" elan edilməsi, Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə məlumat verən cənab İlham Əliyev həmrəyliyimizin, birliyimizin daha da möhkəmləndirilməsi üçün əlimizdən gələni bundan sonra da edəcəyini bildirmişdi. Həqiqətən də ötən dövrə nəzər saldıqda özlərini demokratik adlandıran bəzi Qərb təsisatlarının anti-İslam fəaliyyəti qarşısında Azərbaycanın uğurla dayandığını görmək olar. Təsadüfi deyil ki, islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən əsas platforma olan Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası məhz bu kimi fəaliyyətinə görə Azərbaycanı uğursuz formada hədəfə alır. Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə nail olması bu çirkab və korrupsiya yuvasına dönmüş, siyasiləşmiş radikal dini klub kimi davranan təsisatların bizə qarşı cəhdlərini uğursuzluğa düçar edir. Çox təəssüflər olsun ki, dünyanın bir sıra aparıcı media qurumları da fikir və ifadə azadlığı adı altında Qərbin anti-İslam siyasətinin mühüm aləti kimi davranır. Media etikasını və jurnalistikanın prinsiplərini bir kənara atmış bu KİV-lər İslam dininə, İslam mədəniyyətinə qarşı məqsədyönlü şəkildə fəaliyyətdə mühüm rol alır, cənab Prezidentin dediyi kimi, "İslamın gerçək mahiyyətini təhrif etməklə onu terrorla eyniləşdirmək, ləkələmək və qaralamaq cəhdləri həyata keçirir", Avropa məkanında müqəddəs "Qurani-Kərim"in yandırılması, Məhəmməd (ə.s.) Peyğəmbərin karikaturalarının yayılması, müsəlmanların digər formada təhqir edilməsini söz və ifadə azadlığı kimi qələmə verərək insanları buna təhrik edirlər. 

Bu çirkin kampaniyada əsas təşəbbüskarlığı isə müxtəlif islamofob davranışları özünün gündəminə çevrilmiş Fransa edir. Rəsmi Paris müstəmləkələrində gücləndirməkdə olduğu ənənəvi neokolonializm siyasəti ilə bərabər, Fransanın özünün sərhədləri daxilində, Avropada müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, bu cəhdlərini beynəlxalq normalara zidd şəkildə qəbul edilən qanunvericilik aktları ilə rəsmiləşdirir. Təəssüf doğuran digər məqam isə ondan ibarətdir ki, çoxunun qərargahı Fransada yerləşən beynəlxalq insan haqları təsisatları Parisin bu təcavüzkarlığını görməzdən gəlir, "dünyəvilik" adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarları yolverilən situasiya kimi qiymətləndirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində alban xristian irsini heç bir əsaslandırma olmadan "erməni irsi" elan edərək bu "irsin" qorunması davası edən Fransa öz ərazisində məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqların müxtəlif formalarda təhqirlərə məruz qalması, müsəlman vətəndaşların sıxışdırılması hallarına açıq dəstək verir.

Məlumdur ki, Fransanın birbaşa dəstəyi ilə Ermənistan tərəfindən torpaqlarımızın 30 il davam etmiş işğalı fonunda Azərbaycan özü də islamofobiyadan birbaşa əziyyət çəkən ölkədir. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurda mövcud olmuş 65 məscid məhz müsəlman irsi olduğu üçün yerlə-yeksan edilib, həmçinin Ermənistan və havadarları tərəfindən İslam irsinə qarşı çoxsaylı vandalizm törədilib, məscidlərimiz donuz damına çevrilməklə yalnız bəşəri əhəmiyyətə malik mədəni irsimiz deyil, bütövlükdə İslam dünyası təhqir edilib.

Azərbaycanın o zaman mövcud reallıqlarla bağlı mədəni irsin qorunmasına görə əsas ixtisaslaşmış qlobal təsisat olan UNESCO-ya müraciət edərək istər işğal zonasında, istərsə də Qərbi Azərbaycanda illər ərzində dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılmasına çağırış etməsinə baxmayaraq təşkilat bu müraciətə cavab verməmişdir. Əlbəttə, Azərbaycan bu reallığa dözə bilməzdi və Vətən müharibəsi, o cümlədən antiterror tədbirlərindəki böyük Zəfərlərimizlə Azərbaycan beynəlxalq hüququn aliliyini təmin etməklə bərabər, dünyanın ən əsas anti-İslam mərkəzlərinin birinin fəaliyyətinin qarşısını aldı.

Bu prosesdən sonra Fransanın xüsusi aktivlik göstərməsi, anti-Azərbaycan kampaniyaları başlatması göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunması, digər islamofob davranışlar Qərbin ümumi təcavüzkar siyasətinin bir hissəsi olub.

Əlbəttə, Azərbaycanın Ermənistan və havadarları üzərində qələbəsi son bir əsrdə anti-İslam dairələrə vurulan ən ciddi zərbə oldu. Lakin bu, son deyil və qlobal oyunçu kimi Azərbaycan digər regionlarda, o cümlədən Avropada vüsət almaqda olan və dinimizi gözdən salmağa yönəlmiş anti-İslam meyilləri və siyasətə qarşı mübarizədə qətiyyətlidir. Azərbaycanın qalib ölkə olaraq gücü ilə bərabər, həm də mənəvi haqqı var. Çünki ölkəmiz çoxmillətli və çoxkonfessiyalı ölkə kimi bütün dinlərin və etnik qrupların nümayəndələrinin əmin-amanlıq şəraitində bir ailə kimi yaşadığı, dini bərabərlik və inklüzivliyə sərvət kimi yanaşan çox azsaylı coğrafiyalardandır. Konfrans iştirakçılarına məktubunda da dövlət başçımızın qeyd etdiyi kimi, bu "Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir".

Bu mənada, "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransı təşkil etməklə Azərbaycan müasir dövrün çağırışlarından olan islamofobiya ilə mübarizə və bu istiqamətdə qlobal liderlərdən biri kimi çıxış etmək əzmini nümayiş edir. Heç şübhəsiz ki, Azərbaycanın bu təşəbbüsü islamofobiyaya qarşı birgə səylərlə mübarizəyə yeni nəfəs verəcək, dinlərin və inancların müxtəlifliyinə hörmətə əsaslanan tolerantlıq və sülh mədəniyyətinin təşviqində yeni bir nümunə - Azərbaycan modeli ortaya qoyacaq.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.