Kanadalıların fransız genləri“erməni sevgisi
Siyasət

Kanadalıların fransız genləri“erməni sevgisi" qarşısında duruş gətirə bilmir

Kanada tezliklə Ermənistana Avropa İttifaqının mülki monitorinq missiyasına qoşulacaq iki müşahidəçi göndərəcək. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan açıqlama verib.

O, həmçinin əlavə edib ki, rəsmi Ottava Qarabağdan olan "məcburi köçkünlərə" humanitar yardımın həcmini üç dəfə artırıb. Üstəlik, Ermənistanda Kanada səfirliyi də açılıb. Açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İrəvanda səfərdə olan Kanadanın baş diplomatı Melani Coli də iştirak ediblər. Coli ilə bağlı bir məqam diqqət çəkir. Belə ki, Kanadanın xarici işlər naziri Ermənistanı "su yolu"na döndərib və ölkəsində anti-Azərbaycan isterikasının başında durur. O, riyakarcasına tələb edir ki, Azərbaycan Qarabağdan könüllü çıxan ermənilərin qayıtmasına şərait yaratsın.

Özü də Kanadanın xarici işlər naziri artıq neçənci dəfədir ki, etik çərçivə və normaları aşaraq anti-Azərbaycan ruhlu bəyanatlarla çıxış edir. Ermənistanın 30 illik işğalı zamanı səsi çıxmayan Kanada, nə BMT-nin bölgəyə səfər edən missiyasının, nə də Beynəlxalq Qırmızı Xaç Komitəsinin hesabatlarını nəzərə almır.

Maraqlı məqam isə odur ki, dünyada baş verən ciddi münaqişələrə reaksiya verməyən, əsasən neytral qalmağı üstün tutan Kanada hökumətində son bir neçə ildə "erməni sevgisi" pik həddə yüksəlib. Hətta daha dəqiq desək, "marionet dövlət" Kanada 2020-ci ildən Azərbaycan və Türkiyəni hədəfə almağa başlayıb. Sözsüz ki, rəsmi Ottavanı ermənilərə "sevgi" göstərməyə məcbur edirlər. Əslində, tarixən Fransanın müstəmləkəsi olan bir dövlətin fransızların neokolonialist siyasətinə qarşı qətiyyətli mövqe tutan Azərbaycan əleyhinə bu cür iddialarla çıxış etməsi gözlənilən idi. Bəlkə də Melani Colinin fransız genləri "erməni sevgisi" qarşısında duruş gətirə bilməyib. Eyni zamanda, Kanada ilə Amerikanın hər hansı bir ştatı arasında yeganə fərq ondadır ki, ştat qubernatorlarının daha çox səlahiyyəti var, nəinki Kanada hökumətinin. Ştat qubernatorları belə bəzən Vaşinqtondan fərqli mövqe tuta bilərlər, Kanada hökumətinin isə belə bir səlahiyyəti yoxdur. Yəni rəsmi Ottava da İrəvan kimi yalnız de-yure müstəqildir və bu mənada oyuncaq dövlətlərin marionet iqtidarlarının eyni mövqedən çıxış etməsi təəccüb doğurmamalıdır.

Amma tapşırığı kimdən aldığından asılı olmayaraq, Kanada XİN başçısının səriştəsizliyi qəbuledilməzdir. Çünki özbaşına Ermənistanla şərti sərhədə gələn, ölkəmizi binokulla müşahidə edən xanım nazirin hərəkətləri Vyana Konvensiyasının tələblərinə tam ziddir. Lakin Kanada üçün bu, ilk belə hal deyil. Məhz bu dövlət hər zaman beynəlxalq hüququn prinsiplərini pozmaqla tanınıb. Elə qəribə olan da odur ki, Fransa və Kanada kimi ölkələr digər dövlətlərə qarşı hansısa absurd ittihamlar irəli sürərkən qətiyyən öz qanlı tarixlərini xatırlamaq istəmirlər. Məsələn, Kanadanın bir dövlət kimi yerli xalqların soyqırımı nəticəsində yaradılması bütün dünyaya məlumdur. Kanadanın Kamlups şəhərindəki hindu uşaqları üçün olan internat məktəbində adsız məzarlıqda 215 uşağın dəfn olunduğu, ümumilikdə 1831-1996-cı illərdə ölkə ərazisində fəaliyyət göstərən bu tip internat məktəblərində 150 minə yaxın hindu uşağının evlərindən və ailələrindən güclə ayrıldığı, bu uşaqlardan bir çoxunun fiziki və cinsi istimara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalmaları, bəzilərinin isə üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən ölmələri barədə məlumatlar da dünya mediasında kifayət qədər işıqlandırılan mövzulardır.

Melani Colinin təmsil etdiyi Kanada hökumətinin birinci şəxsi, ölkənin baş naziri isə cəmi iki il bundan öncə ölkə tarixinin ən böyük uşaq istismarı hadisəsinin 2010-2015-ci illərdə fəaliyyət göstərmiş kilsədə baş verdiyini özü rəsmən etiraf edib və bütün bu cinayətlərə görə məsuliyyəti bu ölkədən 8 min kilometr məsafədə yerləşən Vatikanın daşıdığını və onların üzr istəməsinin vacibliyini bildirib. Təsəvvür edin, hüdudları daxilində öz vətəndaşlarına, həm də uşaqlara qarşı törədilən cinayətlərə görə məsuliyyət daşımaqdan imtina edən bir ölkənin naziri Azərbaycanı etnik dözümsüzlükdə ittiham etməyə çalışır. Amma yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılmış Kanada hansısa ölkələri entik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlətdir.

Görünür, Kanada və Ermənistanı da məhz hər iki ölkədə dövlət səviyyəsində dəstəklənən insanlıq əleyhinə çoxsaylı cinayətlərin ehtiva olunduğu keçmiş bağlayır. Ermənilər də güman ki, onlardan ilhamlanaraq Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törədib, Kanadadan nümunə götürərək soydaşlarımızı kütləvi məzarlıqlarda basdırıb. Eyni zamanda, bu iki dövlətin siyasətinin əsas xətti ksenofobiya və islamafobiyadır. Ermənistan monoetnik dövlətdir və bu dövlətin ərazisində erməni xalqından başqa heç kəs yaşamır. Kanada isə BMT-də azsaylı xalqların hüquqlarının tanınması ilə əlaqədar beynəlxalq sənədin əleyhinə səs verib. Etdikləri yanlışlıqlardan nəticə çıxarıb Azərbaycanın multikulturalizm, tolerantlıq kimi ənənələrini öyrənmək, tətbiq etmək əvəzinə bacardıqca səhvlərinin arxasında dururlar. Kanada azsaylı xalqları dissimilyasiya edərək kökündən uzaqlaşdırmağa çalışır.

Sonda bir məqamı da vurğulamaq lazımdır. Belə ki, Kanadanın xarici işlər naziri Melani Coli Azərbaycanı sanksiyalarla hədələyib. Bu isə onu göstərir ki, xanım nazirin heç adi coğrafi bilikləri də yoxdur. Əks halda, o, ölkəmizin əhəmiyyətini anlayardı. Belə ki, hazırda Kanada özünün uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uran hava yolu ilə daşına bilməz, ona görə uranı ya Çin, ya Azərbaycan üzərindən Kanadaya aparmaq mümkündür. Mövcud siyasi vəziyyətə görə Pekinin buna razılıq verməsi mümkün görünmür. Odur ki, Kanada bu məsələdə rəsmi Bakıdan asılıdır. Azərbaycan istənilən vaxt bu ixracı dayandıra bilər və dayandırmalıdır. Bu isə o deməkdir ki, Kanada Azərbaycana yox, ölkəmiz Ottavaya qarşı məhdudiyyət tətbiq edə bilər. Ümumilikdə isə daha öncə Azərbaycana qarşı qərəzli bəyanat verən ölkələrin yalanları həqiqətlər qarşısında iflasa uğrayıb. Kanada da bu sondan qaça bilməyəcək, mütləq şəkildə öz layiq olduğu dərsi alacaq və almalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".