Kanadanın ermənidən artıq ermənilik iddiası
Siyasət

Kanadanın ermənidən artıq ermənilik iddiası

Kanada xarici işlər naziri xanım Melani Coli ötən həftə Ermənistana səfər edib. Səfər zamanı isə artıq ənənə halı almış Azərbaycana qarşı qərəzli fikirlər bu dəfə də eyni ssenari, fərqli xəttlə davam edib. Belə ki, Qarabağı tərk edən ermənilərin geri qaytarılmalı olduğunu bildirən xanım Melani Coli eyni ittihamı nədənsə Ermənistana qarşı səsləndirməyib. Ötən əsrdə Ermənistandan və Qarabağdan qovulmuş azərbaycanlılar haqqında bir kəlmə belə danışılmaması səlibçi mentalitetin bariz nümunəsidir.

Məlumdur ki, son dövrlər Azərbaycanın xarici siyasətdə ardıcıl uğurları, torpaqlarını işğaldan azad etməsi bəzi dairələrin yuxusunu ərşə çəkir. Bəzi qərb dövlətləri ölkəmizə qarşı qeyri-rəsmi koalisiya altında fəaliyyət aparır, müxtəlif yerlərdə ölkəmizə qarşı heç bir əsası olmayan ittihamlar irəli sürürlər. Qarayaxma kampaniyasının əsas iştirakçısı hələlik Fransa görünsə də, "ermənidən artıq erməni" olmaq sevdası bəzi ölkələri konqlomerat koalisiya olmağa vadar edir. Məhz bir-birilə əlaqəsi olmayan bu dövlətlər Azərbaycana qarşı səlib yürüşü elan edərək erməni təəssübkeşliyini ifrat dərəcədə nümayiş etdirirlər. Son dövrlərdə regionla heç bir əlaqəsi olmayan Kanada da bu oyunların əsas iştirakçılarından birinə çevrilib. Azərbaycana qarşı əsassız fikirlər səsləndirən Kanadanın müxtəlif dairələri öz tarixlərini isə görünür ki, yaxşı bilmirlər. Hökumət daxilində "erməni sevgisi"nin pik həddə yüksəlməsi hər iki dövlətin oxşar işğalçı və vandal tarixindən qaynaqlanır. Məhz regiondan on minlərlə kilometr uzaqda yerləşən Kanadanın Qarabağ məsələsinə müdaxilə cəhdi onun diletantlığından irəli gəlir. Rəsmi Ottavanı sözügedən diletantlığa sürükləyən isə həmişə olduğu kimi, erməni lobbisinin fəaliyyətidir. Heç bir arqument olmadan Ermənistanın məsələlərini özü üçün prioritet elan edən Kanadanın İrəvanı "su yolu"na döndərən xarici işlər naziri xanım Melani Colinin son səfəri zamanı Azərbaycanı etnik təmizləmə ilə ittiham etməsi və binoklla sərhəddə Azərbaycana baxması onun xalqımıza olan nifrətini göstərir.

Melani Colinin bölgənin avtoxton xalqı olan azərbaycanlılarla bağlı heç bir fikir bildirmədən birbaşa ermənilərə sevgi nümayiş etdirməsi əslində bir növ Kanadanın müstəmləkəçilik siyasətindən xəbər verir. Məhz öz ölkəsinin aborigen hindulara qarşı törətdiyi qətliamlar, həm də yaşlı və uşaq demədən hər kəsi qətlə yetirməsi və onları kütləvi məzarlıqda basdırması erməni xisləti ilə oxşarlıq təşkil edir. 1840-cı ildə bu ölkədə hindu uşaqlar üçün açılan internatlarda 150 mindən çox uşağın saxlanılması və öldürülməsi faktları beynəlxalq ictimaiyyətə bəllidir. Kanadanın 2015-ci ildə baş verənləri "mədəni soyqırımı" adlandırması əslində çirkin siyasətin göstəricisidir. Bütün bu faktlara rəğmən, kanadalı nazirin Azərbaycanı etnik təmizləmədə ittiham etməyə, demokratiya və etikadan danışmağa sadəcə haqqı yoxdur.

Rəsmi olaraq 2 fərqli, ingilis dilinin Amerika variantı və fransız dillərindən istifadə edən Kanada görünür, məlum ölkələrin ikili yanaşma siyasətlərini də mənimsəyib. Rəsmi Vaşinqton və Parisdən gələn göstərişləri qeyd-şərtsiz icra edən Kanada öz səriştəsiz, diletant siyasətini, əgər buna siyasət demək mümkündürsə gözdən salır. Nazirin Ermənistanda söylədiyi cəfəng fikirlərdən də onun məsələyə nə qədər diletant olduğu aydın hiss olunur. Əslində isə Kanadanın işğalçı və terrorçuları bilərəkdən və "yanlışlıqla" müdafiə etməsi və onlara dəstək verməsi qeyri-adi görünməməlidir. "Yanlışlıqla" sözünün xüsusi vurğulanmasının səbəbi isə ondadır ki, Kanada bu "yanlışlığa" keçən ay da yol verib. Sentyabrın 22-də Kanada parlamentində biabırçı hal yaşanıb. Məhz parlamentin spikeri Entoni Rota 98 yaşlı Yaroslav Hunka adlı bir nəfəri müdhiş alqış sədaları altında "Ukraynanın müstəqilliyi üçün vuruşan bir qəhrəman" olaraq tanıdıb. Lakin həqiqət pərdəsi sonradan açılıb. Görəsən, 338 nəfərdən ibarət Kanada parlamentində bir nəfər belə olsun sözügedən şəxs haqqında məlumat toplamayıbmı? Bu, tamamilə gülünc səslənir. İkinci Dünya müharibəsində elə də böyük nüfuza malik olmayan "Vaffen-SS" birliyinin "Qaliziya" diviziyasında döyüşən Yaroslav Hunkanın həmin dövrdə mülki şəxslərin toplu halda qətliamında iştirak etdiyi Kanada parlamentindəki 338 şəxsə sonradan məlum olub. Bu diletantlıq Parlamentin spikeri Entoni Rotanın istefasına gətirib çıxarıb. Nədənsə, parlamentdəki 338 deputatdan bir nəfər belə bu əlaqəni araşdırmayıb. Məsələn, parlamentdə oturan Kanadanın maliyyə naziri Kristia Friland prestijli Oksford Universitetini Slavyanşünaslıq üzrə magistr dərəcəsi ilə bitirib. Onun bu faktı bilməməsi qeyri-mümkün görünür. Belə bir hadisənin baş verməsi sadəcə təəccüblüdür.

Ümumilikdə isə Kanadanın bu diletantlığı görməzdən gələrək odla oynaması ölkəni böhrana sürükləyə bilər. Azərbaycana qarşı sanksiya tətbiqi barədə düşünən Kanada bunun əksi ilə qarşılaşdı. Çünki rəsmi Ottava öz uran ehtiyacını Mərkəzi Asiya ölkələri vasitəsilə təmin edir. Uranın isə hava yolu ilə daşına bilmədiyi məlumdur. Belə olan halda Kanada Mərkəzi Asiyadan uran tədarükünü ya Çin, ya da Azərbaycandan aparmaq məcburiyyətindədir. Mövcud siyasi vəziyyətə görə Çinin buna razılıq verməsi real görünmür. Azərbaycan isə istənilən zaman bu ixracı dayandırmaq iqtidarındadır. Bu isə əks-nəticə verərək Azərbaycanın Kanadaya qarşı sanksiya tətbiq etməsi ilə nəticələnəcək.

Qeyd edək ki, hazırda Kanada Fransa və bəzi dairələrin küyünə düşüb. Əslində isə öz tarixi Fransa kimi müstəmləkəçilik, etnik təmizləmə və qətliamlarla dolu olan Kanada Azərbaycanı eyni əsaslarla ittiham etməkdənsə, bölgə üçün sülh çağırışları etməli və bu prosesdə vasitəçi olmalıdır.

Tacir SADIQOV,

"Respublika".