“Kardiologiyada yeni çağırışlar-2023
Səhiyyə

“Kardiologiyada yeni çağırışlar-2023" mövzusunda beynəlxalq elmi konqres keçirilib

Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən "Kardiologiyada yeni çağırışlar-2023" mövzusunda beynəlxalq elmi konqres keçirilib.

"Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Azərbaycan və Türkiyənin tanınmış elm xadimləri və "ETKİ könüllüləri" iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ETKİ-nin direktoru Gülnaz Dadaşova çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından vacibliyini vurğulayıb, Heydər Əliyevin təşəbbüsü ilə görülən mühüm işlərdən danışıb. Tədbir haqqında məlumat verən ETKİ-nin direktoru konqresin ölkəmizdə kardiologiyanın inkişafına böyük töhfə verəcəyini bildirib.

Sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Ergin Həbibullayev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Mərkəzi Klinik Xəstəxananın baş həkimi professor Kamran Musayev və başqaları Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb və konqresin təcrübə mübadiləsi baxımından əhəmiyyəti haqqında məlumat veriblər.

Üç yüzə yaxın həkimin iştirakı ilə keçirilən tədbirdə tibdə yeni istiqamət olan kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.