Keçmişin qalıqları fayda verə bilməz  
Siyasət

Keçmişin qalıqları fayda verə bilməz  

“Cənubi Qafqazda Qarabağ problemi ilə bağlı ATƏT-in Minsk qrupu 30 il danışıqlara cəlb olunmuşdu. ATƏT isə münaqişəni həll etmək əvəzinə, danışıqları uzatmağa çalışırdı. Beləliklə, Azərbaycan 2020-ci ildə 44 günlük müharibədə və 2023-cü ildə antiterror tədbirləri zamanı ərazi bütövlüyünü təmin etdi”.

Bu sözləri XI Bakı Qlobal Forumda çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Qardaş ölkənin baş diplomatının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər reallığa tam uyğundur və gündəmlə səsləşir. Belə ki, sözügedən beynəlxalq platformanın yalnız formal şəkildə mövcudluğunu da iddia etmək mümkündür. Böhranlı vəziyyətlərlə bağlı müzakirələr keçirib həll mexanizmlərini yaratmaq onların icrasını təmin edə bilmədikdən sonra mənasızdır.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı qətnamə 27 il ərzində icra edilmədi. Böyük dövlətlər Ermənistana təzyiq göstərmək əvəzinə, ATƏT-in keçmiş Minsk qrupu adlanan mənasız qurum yaradaraq status-kvonu möhkəmləndirməklə məşğul oldu. Hətta onlar 2009-cu ildə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermədə ölkəmizin əleyhinə səs verdilər. Bununla da siyasi müstəvidə nizamlanma prosesi daha da qəlizləşdi. Amma dövlətimiz 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Yəni Azərbaycan öz qüdrəti hesabına ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Amma görünür, Minsk qrupunun təmsilçiləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bölgəyə turist səfərləri etməkdən zövq alır. Buna görə də ötən ilin sonlarında Şimali Makedoniyanın Skopye şəhərində keçirilən iclasda ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani sözügedən qurumun Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını dəstəklədiyini bildirib. Hətta vurğulayıb ki, alyans konstruktiv dialoq üçün platforma da təklif edir. Bu, Bakı və İrəvanın nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli ola bilər. Amma XİN başçısı Ceyhun Bayramov Nazirlər Şurasının 30-cu iclasındakı  çıxışında bildirib ki, uzun illər boyu Ermənistanla sülh prosesində vasitəçilərin adekvat addımlar atmaması səbəbindən razılıq əldə olunmayıb. Hər dəfə Azərbaycanın narahatlıqlarının bağlı qapılar arxasında qəbul edilməsinə baxmayaraq, ictimai bəyanatlarda selektiv yanaşmaya üstünlük verilib:

"ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu. Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstərmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi".

Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib. Ermənistanla Azərbaycan arasında normallaşma prosesi ikitərəfli xarakter daşıyır. Bununla belə, biz görürük ki, bəzi xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi proseslərə mənfi təsir göstərir. ATƏT-in keçmiş Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi kimi strukturların hələ də qalması sülh prosesinin inkişafını ləngidir. Bu səbəbdən də keçmişin qalıqları olan bir sıra mexanizmlər rəsmi qaydada ləğv edilməlidir.

Jalə QASIMZADƏ,

“Respublika”.