Kənar aktorları bölgədən uzaqlaşdıran yeni format
Siyasət

Kənar aktorları bölgədən uzaqlaşdıran yeni format

Oktyabrın 23-də Tehranda "3+3" formatı çərçivəsində xarici işlər nazirlərinin iclası keçirilib. Toplantıda Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN rəhbərləri iştirak edib.

Azərbaycanı Ceyhun Bayramov, Türkiyəni Hakan Fidan, Rusiyanı Sergey Lavrov, İranı Hüseyn Əmir Abdullahiyan, Ermənistanı isə Ararat Mirzoyan təmsil edib. Onlar siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov vurğulayıb ki, region ölkələri arasında praqmatik, nəticəyönümlü və qarşılıqlı əməkdaşlıq şərtdir.

Amma Gürcüstan "3+3" formatına daxil olmasına baxmayaraq, Tehran görüşünə qatılmayıb. Rəsmi Tbilisi nümayəndələri "3+3" formatının 2021-ci il Moskvada baş tutan ilk görüşündə də iştirak etməmişdi. Bu isə anlaşılandır. İlk növbədə, Gürcüstan Abxaziya və Cənubi Osetiya probleminə görə Rusiya ilə eyni masada əyləşmək istəmir. Digər tərəfdən, regional format kənar aktorları Cənubi Qafqazdan uzaqlaşdırmağı hədəfləyir. Gürcüstan isə Avropa İttifaqına üzvlüyə can atır. Buna görə də, qərbin maraqlarına xidmət etməyən proseslərdən kənar qalmaq istəyir. Çünki Gürcüstanın "3+3" regional format çərçivəsində Tehran görüşündə iştirakı Avropa liderlərinin narazılığına, Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı mənfi qərar verilməsinə səbəb ola bilər. Buna görə də Gürcüstan rəhbərliyi bu iştirakdan ehtiyat edir. Burada sual oluna bilər ki, Ermənistan da qərbmeyilli siyasət yürüdür. Bəs nəyə görə İrəvan bu platformada təmsil olunur? Bu sualın cavabı isə "3+3" formatının qazandıra biləcəyi iqtisadi dividendlərdir.

Belə ki, bu platforma həm də nəqliyyat kommunikasiyalarının açılması və bütün regionun iqtisadi inkişafı məsələlərinin müzakirəsi üçün çox vacibdir. Hesablamalara görə, "3+3" formatında olan ölkələrin ümumi iqtisadiyyatı 3 trilyon dollara yaxındır ki, bu da ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı deməkdir. Bu yeni format 331 milyon nəfər əhalisi ilə dünyada 3-cü, ərazisinə görə isə birincidir. Bu miqyas onu göstərir ki, formata daxil olan ölkələr arasında qarşılıqlı sərmayə qoyuluşu, sənaye, aqrar və xidmət sektorunda əməkdaşlıq imkanları çox genişdir. "3+3" formatı regional ticarətin və iqtisadi artımın sürətlənməsinə səbəb ola bilər. Hər bir milli iqtisadiyyat yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan bazarlara çıxışı olsun. Ötən əsrin ikinci yarısından başlayaraq nisbətən uğurlu inkişaf yolu keçmiş ölkələrin təcrübəsi göstərir ki, regional ticarət böyük əhəmiyyətə malikdir. Cənubi Qafqaz ölkələri Avropa İttifaqı ilə Avrasiya bazarlarına istiqamət götürüblər, amma regional əlaqələr zəifdir. Regional ticarətin inkişafı iqtisadi artım üçün əsaslar yarada bilər. Ümumilikdə, yeni reallıqlar fonunda "3+3" formatında əməkdaşlıq mexanizmi real və perspektivli görünür. Benilüks və Skandinaviya, bir sıra Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrinin regional əməkdaşlıq platformaları çərçivəsində səmərəli işbirliyi nümunələri yaratması təcrübəsi var. "Altılıq" təşəbbüsü də real siyasi-iqtisadi platformaya çevrilə bilər. Əsas məsələ tərəflərin geosiyasi iradə nümayiş etdirməsidir. Hər halda, zaman göstərəcək. Ermənistan tərəfi də regional əməkdaşlığın gətirdiyi iqtisadi qazanclardan məhrum olmaq istəmir. Ona görə də, qərb faktoruna baxmayaraq, regional dövlətlərlə dialoq aparır. İrəvanın bu platformada təmsil olunması Cənubi Qafqazda sülhə inamı artırır. Əgər Ermənistan bölgə dövlətləri ilə bu formatda əməkdaşlıq etməyə razılaşarsa, bu, bölgədənkənar güc mərkəzlərinin Cənubi Qafqaza təsir və təzyiq imkanlarını kifayət qədər məhdudlaşdıra bilər. Bununla yanaşı, Ermənistan siyasi rəhbərliyi hələ də ölkəsinin inkişaf perspektivlərini xarici güclərin bölgəyə cəlb edilməsində görür. Ermənistan rəhbərliyi sülh haqqında danışsa da, ölkələr arasında qarşılıqlı etimadı gücləndirə biləcək "3+3" formatında əməkdaşlıqla bağlı aydın və birmənalı mövqe göstərmir. Bu məsələdə Ermənistanın qeyri-konstruktiv yanaşması təəssüf doğurur.

Amma istənilən halda, görüşün indiki dönəmdə keçirilməsi qütbləşməkdə olan güclərin bölgədə ata biləcəkləri addımları nəzarətdə saxlamaq baxımından əhəmiyyətlidir. Yəni regionun təhlükəsizliyi baxımından, bölgə dövlətlərinin müzakirələrin aparılması məqbul hesab olunmalı və növbəti mərhələdə də davam etdirilməlidir.

Jalə QASIMZADƏ,

"Respublika".