BMT-də islahatlar dünyanı daha ədalətli, təhlükəsiz edəcək
Siyasət

BMT-də islahatlar dünyanı daha ədalətli, təhlükəsiz edəcək

Müstəqilliyinin bərpasından sonra dünya ölkələri ilə dostluq münasibətləri quran Azərbaycan bütün sahələrdə əməkdaşlığa yönəlmiş uğurlu xarici siyasət həyata keçirdi. 1991-ci il oktyabr ayının 29-da demokratiya, azadlıq və bərabərlik yolu ilə irəliləmək, dünya birliyində layiqli yer tutmaq, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini vermək əzmində olan dövlətimiz BMT-nin Baş Məclisinə üzvlük haqqında müraciət etmiş, 1992-ci il martın 2-də BMT-nin 46-cı sessiyasında ölkəmizin təşkilatın üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul olunmuşdur.

Beynəlxalq sülhü və təhlükəsizliyi qoruyub möhkəmləndirmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə 1945-ci ildə dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış Birləşmiş Millətlər Təşkilatının əsas vəzifəsi münaqişələri sülh yolu ilə tənzimləmək və kollektiv tədbirlər qəbul etməklə ölkələr arasında dostluq münasibətlərini inkişaf etdirmək, humanitar, mədəni, sosial, iqtisadi xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığı həyata keçirməkdən ibarətdir. 1993-cü ildə BMT tərəfindən keçmiş Qarabağ münaqişəsinin dinc yolla həll olunmasını, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən (30 aprel 1993-cü il 822 saylı, 29 iyul 1993-cü il 853 saylı, 14 oktyabr 1993-cü il 874 saylı, 11 noyabr 1993-cü il 884 saylı) 4 qətnamənin qəbul edilməsi də bu məqsədi daşıyırdı.

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında iki dəfə - 2012-ci ilin may, 2013-cü ilin oktyabr ayında sədrlik vəzifəsini həyata keçirmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etmişdi. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan dünyada sülh və inkişaf siyasəti yürüdərək beynəlxalq hüququn bərpa olunması tələbi ilə çıxış etmiş, bir sıra məsələlərə, o cümlədən təhlükəsizlik problemlərinə, ilk növbədə, pozulmuş ərazi bütövlüyü məsələsinə BMT Təhlükəsizlik Şurasının gündəliyində baxılmasına nail olmuşdur.

(əvvəli 1-ci səhifədə)

Belə ki, Baş Assambleya tərəfindən 14 may 2008-ci ildə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə, BMT Təhlükəsizlik Şurasının sədri tərəfindən 7 bəyanat (12 may 1992-ci il, 26 avqust 1992-ci il, 27 oktyabr 1992-ci il, 29 yanvar 1993-cü il, 6 aprel 1993-cü il, 18 avqust 1993-cü il, 26 aprel 1995-ci il) qəbul edilmişdir. Bütün bunlara baxmayaraq, dünyanın ən nüfuzlu qurumu hesab olunan BMT tərəfindən qəbul edilən qərar və qətnamələrə işğalçı Ermənistan heç bir məhəl qoymamış və 2020-ci il sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsi ilə Azərbaycan BMT-nin 4 qətnaməsini özü həyata keçirərək ərazi bütövlüyünü təmin etmişdir.

Yeni dünya düzəninin formalaşdığı, dövlətlər arasında mövcud münasibətlərin yenidən qurulduğu çağdaş dövrümüzdə əlaqələrin daha da şaxələndirilməsi üçün BMT TŞ-nin tərkibinin genişləndirilməsi zərurətə çevrilmişdir. Belə ki, bütün beynəlxalq təşkilatlarda, o cümlədən ən böyük ali qurum olan BMT-də islahatların aparılması, dünyanı daha ədalətli, daha təhlükəsiz edəcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvar ayının 28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata bəyanatla çıxışı zamanı demişdir: "BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Hesab edirəm ki, bu, ədalətli olar".

Əsas öhdəliklərindən biri dünyada sabitliyi, təhlükəsizliyi təmin etmək olan BMT öz vəzifəsini yerinə yetirmək gücündə deyil. Buna misal olaraq, keçmiş Qarabağ münaqişəsinin həlli üçün qəbul etdiyi və Ermənistanın məhəl qoymadığı 4 qətnaməni göstərmək olar. Əlbəttə, bu qətnamələrin ən azından biri belə həyata keçirilsə idi, İkinci Qarabağ müharibəsi olmayacaqdı. Eyni zamanda, qurumun üzvləri arasında bir dənə də olsa müsəlman dövlətinin olmaması da ədalətli qərarların verilməsinə, qətnamələrin qəbul edilməsinə imkan vermir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "dünya 5-dən böyükdür" deməklə bu məsələyə diqqət çəkmiş, beynəlxalq sülhün, təhlükəsizliyin təmin olunmasında gücünü itirmiş bir qüvvəyə çevrilmiş, ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya olmaqla 5 daimi üzvü olan BMT-də islahatların aparılmasının, Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasının vacibliyini vurğulamışdır. Azərbaycan Prezidenti İlham Əliyev isə konkret olaraq Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının BMT-nin Təhlükəsizlik Şurasında təmsilçiliyini irəli sürmüşdür: "Mən hesab edirəm ki, mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir… Bir yer də Qoşulmama Hərəkatına verilməlidir… Çünki Qoşulmama Hərəkatında cəmləşən ölkələrin sayı 120-dir. Dünya qütbləşib və qarşıdurma dərinləşir. Qərblə Rusiya arasında uçurum dərinləşəcək, mən belə görürəm. Müharibənin nəticələri əlbəttə ki, buna təsir edəcək, müharibə başa çatandan sonra. Amma bu qarşıdurma və inamsızlıq uzun sürən bir prosesdir. Bu boşluq təbii ki, bu vakuum ola bilməz. Kim ola bilər burada güc mərkəzi? Mən hesab edirəm, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının bir üzvü".

Bu gün dünyada baş verən hadisələrə, siyasi gedişlərə BMT-nin heç bir təsir gücünün olmaması artıq dünya dövlətləri tərəfindən də qəbul edilir və Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılması vacib məsələ olaraq qarşıya qoyulur. Sözsüz ki, təxminən 80 il bundan əvvəl yaradılmış bir qurum daxilində yeni islahatların aparılması zamanın, dövrün çağırışıdır. İndi parçalanmış dünyada ölkələr arasında yeni münasibətlər yaranır, yeni əməkdaşlıq əlaqələri qurulur. Qloballaşan dünyada qütbləşmə prosesi gedir. Yeni dünya nizamı BMT-yə üzv olan ölkələrin sayının artmasını diktə edir. Qeyd edək ki, ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya BMT TŞ-nin daimi üzvləridir, Almaniya, Braziliya, Yaponiya və Hindistan da uzun müddətdir ki, təşkilatın daimi üzvlüyünə can atırlar. Lakin göründüyü kimi, TŞ-yə daimi üzv dövlətlər yalnız xristian ölkələrindən ibarətdir. Buna görə də üzv dövlətlərin sayı müsəlman ölkələrinin hesabına artırılmalı, ədalətli bölgü və doğru yanaşma prinsipi ilə həyata keçirilməlidir.

Mehparə ƏLİYEVA,

"Respublika".