Kolonializmin fəsadları və neokolonializmlə mübarizədə Azərbaycan faktoru
Siyasət

Kolonializmin fəsadları və neokolonializmlə mübarizədə Azərbaycan faktoru

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə BMT-nin Cenevrədəki ofisində "Neokolonializm: insan hüquqları, sülh və təhlükəsizlik" mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü ildə keçirilən və kolonializmə qarşı mübarizə aparan, azad olmağa çalışan xalqlara dəstək xarakterli sayca dördüncü beynəlxalq konfransdır. Burada Fransanın keçmiş və indiki müstəmləkələrindən olan nümayəndələr Parisin bu ölkələrdə davam etdirdiyi neokolonializm siyasətinin mənfi nəticələri haqqında danışıblar. Qeyd edilib ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr edir, hazırda müstəmləkə altında saxladığı ölkələrdə fundamental insan hüquqlarını pozur, bu xalqların təbii sərvətlərini qanunsuz olaraq istismar edir. Konfransın sonunda Yekun Bəyannamə qəbul olunub. İştirakçılar göstərilən dəstəyə görə Prezident İlham Əliyevə, həmçinin Bakı Təşəbbüs Qrupunun üzvlərinə təşəkkürlərini bildiriblər.

Konfransın iştirakçıları burada dinc aksiya keçirib, müstəmləkə ölkələrini kolonializmə son qoymağa çağırıblar. Etirazçılar əllərində "Pıçıldayan dəyişiklik: müstəmləkəyə son qoyun, humanist olun, sülhü təmin edin!", "Səssiz səslər, gurultulu dəyişiklik: sülh və hüquqlar naminə müstəmləkəyə son!", "Ədaləti pıçıldayaraq, sülh qışqıraraq: hamı üçün müstəmləkəyə son qoyaq!" kimi sözlər yazılmış plakatlarla BMT binasının qarşısına toplaşaraq beynəlxalq ictimaiyyəti onları dəstəkləməyə çağırış ediblər.

Artıq hər kəsə məlumdur ki, Fransa Afrikada yerli xalqların süni şəkildə assimilyasiya edilməsi siyasəti yürüdür və qeyri-qanuni miqrantların bu ərazilərə köçürülməsi ilə yerli xalqların müstəqillik uğrunda mübarizəsini boğmağa cəhd edir. Əlcəzairi 132 il işğal altında saxlayan Fransa burada 1,5 milyondan artıq insanı qətlə yetirib. Paris özünün geostrateji mövqeyini möhkəmləndirmək üçün müstəmləkəsinə çevirdiyi ölkələri hərbiləşdirib, orada hərbi bazalarını yerləşdirib.

Müasir dövrdə kolonializmi hələ də davam etdirən Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edib, onların sərvətlərini talayıb, insanlıq tarixinin utancverici cinayətlərini törədib. Həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmiş fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Lakin rəsmi Paris hələ də insanlıq əleyhinə törədilmiş bu cinayətlərə görə üzr istəməyib, hətta çirkin əməllərini davam etdirməkdə maraqlıdır. Bu ərazilərdə həyata keçirilən nüvə sınaqları, uranın zənginləşdirilməsi istiqamətində fəaliyyət bu məkrli siyasətin göstəricisidir. Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilib. Bu kimi hallar əhalinin səhhətində ciddi fəsadlar yaradıb, ətraf mühitə böyük ziyan vurub. 1980-ci ildə Fransa özünün də ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktı qəsdən pozur, ölkələrin daxili siyasətinə müdaxilə edir, xalqların öz müqəddəratını təyinetmə hüququnu əlindən alıb.

2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələri yekdilliklə Azərbaycanın Hərəkata sədrliyini dəstəkliyib. Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirən, insani prinsipləri təbliğ edən dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatlardan biridir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu qurumda da layiqincə təmsil olunub, humanist siyasət təbliğ edilib.

Azərbaycan müasir dövrdə keçmiş müstəmləkəçilik ənənələrinin davam etməsindən narahatlığını dəfələrlə ifadə edib. Bu mövzuda bir çox elmi konfransların keçirilməsi, kolonializmdən əziyyət çəkən xalqlara dəstək göstərilməsi ölkəmizin humanist siyasət yürütməsinin, ədalətli mövqedən çıxış etməsinin əyani sübutudur.

Nurcan SÜLEYMANOVA,

"Respublika".