Köç karvanı: yolumuz Ağalıyadır...
Sosial həyat

Köç karvanı: yolumuz Ağalıyadır...

Daha bir qrup sakin doğma torpaqlara yola düşəcək

Torpaq insana güc verir deyirlər. Elə torpaq da insandan alır gücü. Beləcə, insan torpağa bağlı olanda, torpaq insanları qoynuna alanda Vətən də güclü olur. Torpaq yad baxışı, özgə nəfəsini sevməz, deyirlər, doğma bir əlin hərarəti bəs edər ki, qoynunda nə varsa açıb düzsün süfrələrə. Uzun illər həsrətini çəkdiyi doğmalarının gəlişinə sevinər, torpaq...

Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Püşkatmada 22 ailə (106 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 9-u üçotaqlı, 9-u dördotaqlı, 4-ü beşotaqlı fərdi yaşayış evləri ilə təmin olunublar. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayanlardır. Beləliklə, daha bir köç karvanı yola düşəcək. Bu dəfə də köçün üzü Ağalıyadır...

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə başlayan geniş quruculuq işləri Böyük Qayıdış planının reallaşması prosesinə zəmin yaratdı və dövlət başçısının qabaqcadan verdiyi vəd yerinə yetirildi. Yəni 2022-ci il Azərbaycan tarixinə Böyük Qayıdış ili kimi düşdü. Belə ki, həmin il Zəngilanın Ağalı kəndinin açılışı oldu və kənd sakinlərinin bir hissəsi öz doğma yerlərinə qayıtdılar. Beləliklə, birinci pilot layihə uğurla reallaşdırıldı.

Qeyd edək ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirirdi. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayırdı. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi mərhələ-mərhələ baş tutur. Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan" şəhərciyindən əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib köçürülən ailələrin sırasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri olub.

Ağalı kəndində reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri - yəni 5 komponent üzrə aparılıb. İnşa edilmiş 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunub.

Ötən il iyulun 25-də köçürülmənin birinci mərhələsində dördüncü köç karvanı yola salınıb, 10 ailə (58 nəfər) yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşıb. Ümumilikdə "ağıllı kənd" konsepsiyasına uyğun olaraq Ağalı kəndində 4 mərhələdə 41 ailə (201 nəfər) hər cür şəraitlə təmin olunub. Sakinlər yüksək keyfiyyətli, "ağıllı" texnologiyalarla təchiz edilmiş evlərlə təmin edilib, əhalinin məşğulluq, sosial, təhsil, tibbi məsələləri də nəzərə alınıb.

Sentyabrın 7-də isə Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanıldı. Böyük Qayıdışa uyğun olaraq Ağalı kəndinə 25 ailə (125 nəfər), sentyabrın 9-da isə 13 ailə köçürüldü.

Oktyabrın 19-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərləri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra obyektlərin təməlqoyma mərasimində iştirak edib, həyata keçirilən layihələrlə tanış oldular. Belə ki, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun Şükürbəyli-Cəbrayıl hissəsi istifadəyə verildi. Cəbrayılda 35 kilovoltluq elektrik yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyuldu. Dövlət başçısı və xanımı Qubadlı şəhərinin Baş planı ilə tanış oldu, İşğal və Zəfər muzey kompleksinin təməlqoyma mərasimində iştirak etdi. Onlar həmin gün, həmçinin Zəngilanın Ağalı kəndinin sakinləri ilə də görüşdülər. Əvvəlcə onlar kənd məktəbində olub şagird-müəllim kollektivi ilə söhbət etdilər. Məktəbdəki şəraitlə tanış olan dövlət başçısı uşaqlarla səmimi söhbətində dedi: "...Bax, sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək. Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız...".

Mehriban xanım Əliyeva da məktəbli qızlarla söhbətində bildirdi: "Azərbaycanın işğaldan azad olunmuş belə bir gözəl yerində belə gözəl qızlarla bir yerdə olmaq mənim də böyük arzum idi. Çalışacağam tez-tez gəlim sizin yanınıza, İnşallah". Sonra onların dərsləri, dərsdən sonrakı məşğuliyyətləri ilə də maraqlandı.

Dövlət başçısı və xanımı kənd sakinləri ilə də söhbət etdi. Yaşlı kişi sakinin: "Qanlı göz yaşları ilə çıxmışdıq, sevinc göz yaşları ilə qayıtdıq. Bu günümüzə min şükür", - sözlərinin cavabında Prezident: "Allaha şükür. Əlbəttə mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırıq... bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün siz də qayıtmısınız", - dedi.

Digər bir kişi sakin isə kənd sakinləri adından danışaraq dövlət başçısına minnətdarlıq edərək dedi: "Hörmətli Prezident, hörmətli Ali Baş Komandan, hörmətli sərkərdə, Siz Azərbaycan xalqının döyüş tarixini yazdınız. Biz sizin bu işinizlə fəxr edirik. Hörmətli Prezident, birinci növbədə, Sizə təşəkkürümü bildirirəm, Vətən müharibəsi əlilləri adından da minnətdaram".

Ağalı daha bir qrup sakinini qarşılamağa hazırlaşır. Otuz ilin həsrətliləri görüşəcək yenə. Və ən çox sevinən torpaq olacaq, bir doğma baxışdan, bir isti nəfəsdən sinəsinə çəkilmiş yaraların məlhəmini tapacaq, unutduracaq acıları...

Zümrüd QURBANQIZI,

"Respublika".