LAÇIN dağların incisi olacaq
Region

LAÇIN dağların incisi olacaq

Laçın rayonu da erməni vandalizminə məruz qalıb, buradakı evlər, tarixi tikililər və abidələr dağıdılıb. Lakin işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı tikinti işlərinə başlanılıb və işlər sürətlə davam etdirilir.

Laçınlı keçmiş məcburi köçkünlərin sözü, söhbəti doğma yurda, qayıdışla bağlı olur. Həmsöhbət olduğumuz insanlar deyir ki, 30 ilə yaxın doğma torpaq nisgili ilə qovrulduq, ruhumuz o yerlərdə dolaşdı, elə bir gün olmadı ki, evimizi, ocağımızı xatırlamayaq. Çox şükür ki, nəhayət, bu nisgilimizə son qoyuldu. Azərbaycan öz tarixi torpaqlarını işğalçılardan azad edərək ərazi bütövlüyünü təmin etdi. Fəxrlə demək lazımdır ki, qazanılan böyük qələbələr Prezident, Qalib Ali Baş Komandanımız İlham Əliyevin milli maraqlara söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, rəşadətli əsgər və zabitlərimizin hünərinin, xalqımızın birliyinin məntiqi nəticəsidir. İşğaldan azad olunan Laçın rayonunda da bərpa və yenidənqurma işləri sürətlə aparılır, mühüm infrastruktur layihələr həyata keçirilir. Bütün işlər dövlət başçısının imzaladığı Sərəncamla təsdiq olunmuş "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi" çərçivəsində icra olunur.

Qeyd edək ki, 2022-ci il avqust ayının 26-da Laçın şəhəri, həmçinin Zabux və Sus kəndləri erməni işğalından tamamilə azad edilib. Laçın şəhərinin işğaldan azad edilməsindən az sonra Qalib Ali Baş Komandan İlham Əliyev rayona səfər edərək burada infrastruktur layihələrin təməlini qoyub. Tikinti-bərpa işləri sürətlə aparılır, çox keçməz ki, Laçına, həmçinin Zabux və Sus kəndlərinə əhalinin qayıdışı təmin olunacaq. Bakı Abadlıq Xidməti MMC tərəfindən hazırda Laçın şəhərində 600-ə yaxın evin təmir-bərpa prosesi həyata keçirilir, kommunikasiyalar bərpa edilir, dam örtükləri yenilənir. Şəhərdəki 2 nömrəli tam orta məktəb təmir edilir, yaxın günlərdə istifadəyə hazır olacaq. Eyni zamanda, Zabux və Sus kəndlərində də bərpa və quruculuq işləri həyata keçirilir. Bu kəndlərdə ermənilər tərəfindən dağıdılmış və yandırılmış evlərin söküntü işləri başa çatdırılıb, quruculuq işlərinə başlanılıb. Bu ilin iyul, avqust aylarında həm Laçın şəhər mərkəzinə, həm də Zabux və Sus kəndlərinə əhalinin ilkin köçürülməsi nəzərdə tutulub. İlkin mərhələdə Laçın şəhərinə təxminən 600 ailə, Zabux kəndinə 223 ailə, Sus kəndinə isə 73 ailə köçürüləcək.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən salınır, iri infrastruktur layihələr icra olunur. Prezidentin dediyi kimi, əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır. Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq. Bu sözlər, bu qəti mövqe qələbəmizi həzm edə bilməyən Ermənistana, onun havadarlarına, revanşist qüvvələrə, erməni ilə "qardaş" olan dövlətlərə çox açıq bir mesaj və xəbərdarlıqdır. Dağlar qoynunda yeni və müasir bir şəhər qurulur, yollar çəkilir, su xətləri quraşdırılır, enerji təsərrüfatı qaydaya salınır, təhsil və tibb müəssisələri inşa olunur, bir sözlə, Böyük Qayıdış üçün hər cür şərait yaradılır.

Rayonun şimalında Laçın Hava Limanının 70 kilometrlik tunellərdən keçən Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi uğurla aparılır. Zabux-Həkəriçay ərazisindəki çay üzərində respublika bəndin əhəmiyyətli tikilməsi ilə bağlı layihə dövlət başçısı tərəfindən təsdiq edilib. Laçın şəhərindən Həkəriçay gölü sahilinə funikulyor, Sus kəndinə kanat - asma körpü quraşdırılacağı barədə təkliflərin reallaşması nəticəsində Laçın həqiqətən də dağların incisinə, turizm mərkəzinə çevriləcək.  

Salman ALIOĞLU,

"Respublika".