Abadlıq şəhərin simasını dəyişir
Region

Abadlıq şəhərin simasını dəyişir

Şirvanın respublika tabeli şəhər statusu almasının 60 illik yubileyi ilə əlaqədar genişmiqyaslı abadlıq və təmir-bərpa işləri həyata keçirilir.

"Tədbirlər Planı"nda nəzərdə tutulmuş abadlıq-quruculuq işləri çərçivəsində park və xiyabanların, küçə və prospektlərin, məhəllə və məhəllədaxili yolların abadlaşdırılması, nümunəvi və abad məhəllələrin, avtobus dayanacaqlarının, metal məhəccərlərin, səkilərin, fəvvarələrin, şəlalənin təmiri və yeni yaşıllıq zolaqlarının salınması işlərinə başlanılmışdır.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Şirvan şəhəri, Naxçıvan küçəsində 8.11 hektar torpaq sahəsində 1264 mənzildən ibarət "Yeni Şirvan" yaşayış kompleksinin inşası davam etdirilir. "Bakı Abadlıq Xidməti" MMC və Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektləri yeni işıqlandırma sistemləri ilə təchiz olunub. Layihə çərçivəsində növbəti mərhələdə şəhərin 74 küçəsinin işıqlandırılması nəzərdə tutulmuşdur.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı Şirvan şəhərində "Azərsu" ASC tərəfindən su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış, cari ildə şəhərin küçə və prospektlərində ümumilikdə 10 505 poqonmetr müxtəlif diametrli su xətləri və 3 043 poqonmetr kanalizasiya xətləri çəkilmişdir.

Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 2023-cü ildə şəhər ərazisində yolların əsaslı təmiri işi sürətlənləndirilmişdir. "İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində abad məhəllənin salınması işlərinə başlanılmışdır.

Şəhərin Bayramlı qəsəbəsində abad məhəllənin salınması məqsədilə əraziyə tamet örtüyünün döşənməsi, səkilərin düzəldilməsi, rezin əsaslı süni örtüyün sərilməsi, kompleks uşaq əyləncə qurğularının, söhbətgahların, müasir oturacaqların, konteynerlərin quraşdırılması, açıq futbol meydançasının yaradılması işləri nəzərdə tutulmuşdur.

Şəhərin simasının daha da gözəlləşdirilməsi və sakinlərin asudə vaxtının daha yaxşı təşkil edilməsi məqsədilə abadlıq və yenidənqurma işləri mərhələli şəkildə davam etdiriləcəkdir.

Tofiq HÜSEYN,

"Respublika".