Separatçılar torpaqlarımızı tərk edir
Digər xəbərlər

Separatçılar torpaqlarımızı tərk edir

Onlar böhtanların artıq mənasız olduğunu anlayırlar

Azərbaycanın 44 günlük müharibədə tarixi zəfəri ölkəmizin regionda və dünyada gücünü daha da artırdı. 30 illik münaqişənin təcavüzkar Ermənistanın məğlubiyyətilə nəticələnməsi haqq, ədalətin bərpasıdır.  Hərçənd,  bu tarixi qələbəni həzm edə bilməyən beynəlxalq aləmdəki anti-Azərbaycan dairələrinin öz fəaliyyətləri daha da artdı. Lakin qətiyyətli liderlik mövqeyi sərgiləyən ölkəmiz bu kimi hallara qarşı adekvat yanaşma sərgiləyir, Ermənistanın hərbi və siyasi müstəvidəki təxribatları uğurla dəf edilir.

Bunun məntiqi nəticəsidir ki, ermənilər artıq böhtanların mənasız olduğunu anlamağa başlayıblar. Belə ki, avqustun 21-də Xankəndi-Gorus istiqamətində Laçın sərhəd-buraxılış məntəqəsində 60-a yaxın erməni əsilli şəxs ərazini tərk edib. Onların əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Azərbaycan öz ərazisindəki digər milli azlıqlar kimi, erməni əhalisinə də humanizm prinsipləri çərçivəsində dəfələrlə reinteqrasiya üçün çağırışlar etsə də xain xislətli haylar bu təklifi qəbul etmirlər. Odur ki,  dinc şəkildə torpaqlarımızda yaşamaq istəməyənlərə qapı açıqdır, ərazimizi tərk edə bilərlər, bu istiqamətdə heç bir maneə yoxdur. Bununla yanaşı, Azərbaycan tərəfi  dəfələrlə qeyd etmişdir ki, suveren ərazilərimizdə ancaq vətəndaşlığımızı qəbul edən şəxslər yaşaya bilərlər.

Xankəndi-Gorus istiqamətində Laçın sərhəd-buraxılış məntəqəsindən keçid edən erməni əsilli şəxs Eren Arstamyan azərbaycanlı jurnalistlərə açıqlamasında sərbəst keçidin təmin olunmasından razılığını bildirib. Bu fakt, əslində Azərbaycanın digər ölkələrin vətəndaşlarına, ələlxüsus 30 il işğal altında qalmış torpaqlarımızda qeyri-qanuni məskunlaşan ermənilərə qarşı necə humanist davrandığının bariz nümunəsidir.

Müharibədən sonrakı dövrdə hayların revanşist hisslərinin getdikcə artması, havadarlarının və "böyük bacısının" əli ilə yenidən güc toplamaq arzusu mövcud geosiyasi vəziyyətdə sülh prosesinə maneə yaradan amillərdəndir. Bu ilin sonuna qədər imzalanması planlaşdırılan sülh müqaviləsinin hər yolla yubadılması diqqətdən yayınmır. Müxtəlif spekulyasiya və manipulyasiyalarla  sabitlik və inkişaf dövrünün bərqərar olmasına ciddi maneələr törədən təcavüzkara qarşı hələ də heç bir tədbir görülmür, törədilən cinayət əməllərinin üstü ört-basdır edilir, "ədalət qoruyucusu" qismində iştirak edən qərəzli qüvvələrin çətiri altında çirkin planlar qurulur. Mina xəritələrinin və itkin düşmüş azərbaycanlılar haqqında məlumatların verilməməsi, xarici ünsürlərin də aqressora dəstəyi ilə məsələnin mürəkkəbləşməsinə yol açılır.  Son dövrdəki "humanitar böhran", "blokada", TIR "şousu" kimi hədəfdən yayınma cəhdləri müşahidə edilir ki, bu da hayları bədbəxt sonluğa aparır. İntensiv olaraq Xankəndidə "gərgin humanitar vəziyyət" iddiası altında separatçılar saxta beynəlxalq ictimai qınaq yaratmağa cəhd edir. Hayların nəzarət-buraxılış məntəqəsindən iri yük maşınlarının keçməsinə səy göstərməsi provokativ addımların nümunəsidir. 30 ilə yaxın bir müddət ərzində Ermənistanın Azərbaycan ərazilərindəki özbaşınalığı - bu ərazilərə hərbi dəstələrin cəlb edilməsi, onların silah-sursatla təmini, təbii sərvətlərimizin qanunsuz istismar edilməsi kimi cinayət əməllərinin böyük əksəriyyətinin Laçın yolu vasitəsilə reallaşdırılmasını nəzərə alsaq, bu yolun təxribatçı haylar üçün nə qədər önəmli olduğunu başa düşərik. Elə buna görə də indi onlar bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün "Ağdam-Xankəndi" yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı hərbi və siyasi maneələr yaradır. Lakin bu hallar nəticəsiz qalır.

Azərbaycanın regionun lider dövləti  olaraq Avropaya verdiyi töhfələr göz qabağındadır. Bununla yanaşı, ermənilərin təxribat əməllərinə, Ermənistan lobbisinin hay-həşirinə güc verilməsinə baxmayaraq, çoxluq ölkəmizin haqq işinə yaxından bələddir. Bir sözlə, Ermənistan kimi oyuncaq bir dövlət Azərbaycan kimi haqqın tərəfində olan bir ölkəni sarsıda bilməz. Ermənistanın diplomatik məkandakı sonuncu məğlubiyyəti bunu deməyə əsas verir ki, artıq bu cür təxribatlar nəticə verməyəcək və beynəlxalq ictimai fikir bu yöndədir ki, sülh bərqərar olsun. Çünki sözügedən platformalardakı qlobal güclərin maraqları məhz Cənubi Qafqaz regionunda intensivləşməkdədir. Destabil bir məkanda isə heç bir iqtisadi dividendin əldə edilməsi mümkün deyil. Azərbaycanın məğlub dövlətə sülh təklif etməsi əslində xarici qüvvələri Ermənistana təzyiq göstərib sazişi imzalamağa sövq etməlidir.

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün təcili iclas keçirdi. Bu da erməni lobbisinin təxribatçı addımlarına uyan təşkilatların növbəti səhnəsi idi. Ermənistanın diplomatik müstəvidəki növbəti rüsvayçılığı ilə nəticələnən iclasda Azərbaycan haqq işini sona qədər davam etdirəcəyini bildirdi. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı bədnam kampaniyadan danışaraq hayların çirkin əməllərini göz önünə gətirdi. Azərbaycan dövlətinin məsələ ilə bağlı mövqeyi barədə əsaslı fikir formalaşdırıldı. Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan Yaşar Əliyev bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri  çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur.

Azərbaycan hər zaman olduğu kimi, öz qətiyyətini və prinsipiallığını qoruyub. Separatçıların təxribatçı və böhtan dolu əməlləri davam edərsə, bunun qarşısının alınması üçün sərt addımlar atıla bilər. Qarabağda vəziyyəti gərginləşdirən, separatizmi dəstəkləyən bütün ünsürlərin iflası ən vacib məsələlərdən biridir. Onlar sülhün bərqərar edilməsini yubadaraq öz məntiqli sonlarını yaxınlaşdırırlar.

Tacir SADIQOV,

"Respublika".