“Xilaskar nazir” istefaya göndərildi
Digər xəbərlər

“Xilaskar nazir” istefaya göndərildi

Vardanyan istefaya göndərildi

Bu il fevralın 23-də Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların “lideri” Araik Arutyunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib. Düşmən öz çirkin əməllərini etiraf etməkdən boyun qaçırsa da, sapı özlərindən olan baltalar onların əsl xislətini üzə çıxarır. Belə ki, Vardanyanın ölkəmizin əzəli torpağı Qarabağda nə iş çevirdiyi heç erməni ictimaiyyətinin özünə də bəlli deyil. Erməni siyasi şərhçi Edik Andreasyan “dövlət naziri”nin Qarabağa nə üçün gəldiyini sorğulayıb. O, həmçinin Ruben Vardanyanın hərəkətlərində Ermənistanın siyasi maraqlarına uyğun heç nə görmədiyini qeyd edib. Görünür, erməni xalqı hələ də naməlum fəaliyyətlə məşğul olan saxtakarların əlində qalıb. Baş nazirləri rəzil, “dövlət nazirləri” ondan da rəzil...

Andreasyan Vardanyanı rüşvət almaqda ittiham edərək onu Paşinyana bənzədib.  Məsələdə ən diqqətçəkən məqamlardan biri isə Arutyunyanın “dövlət naziri”ni nə üçün vəzifəsindən azad etdiyinin açıqlanmamasıdır. Şübhəsiz, bu, Vardanyanın daha bir qanunsuz fəaliyyəti ilə bağlıdır. Təsadüfi deyil ki, Rubenin adı bir çox fırıldaq biznes fəaliyyətində hallanır. Ermənistan mediası onu “Rusiyanın casusu” kimi qələmə verir. Onun Ermənistan vətəndaşı olmağına regionda inananlar çox azdır. Daha maraqlı məqamlardan biri isə Vardanyanın Rusiya vətəndaşlığından da çıxarılması faktıdır. Prezident İlham Əliyev 2022-ci il noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən Vardanyan ilə bağlı fikrini bildirib: “Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın bir gündəliklə göndərilib”.

Laçın-Xankəndi yolunda etiraz aksiyası başlayandan bəri Qarabağ ermənilərinin Vardanyana qarşı aqressiyası daha da artıb. Qarabağdakı qondarma rejimin rəhbərliyinə namizəd Sergey Amiryanın erməni mediasına verdiyi açıqlama bunun təzahürüdür. O, Vardanyanın özünü “xilaskar” kimi göstərməsinə baxmayaraq, anormal fəaliyyətlə məşğul olduğunu bildirmişdir. Son baş verənlər Azərbaycan vətəndaşı olan ermənilərin Vardanyanı qəbul etmədiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, o, rus xalqının vergilərini oğurlamaq hesabına böyük vəsait yığıb. Şübhəsiz ki, sözügedən vəsaitdən yalnız fırıldaq Vardanyanın deyil, Rusiya elitasının da qazancı var. Bundan başqa, erməni fəal İşxan Verdyan Rubenin Qarabağda güc tətbiq etməsinin qeyri-mümkün olduğunu diqqətə çatdırıb: “Qarabağ Azərbaycanın qanuni ərazisidir. O, Qarabağda güc tətbiq edə bilməz, çünki bu, dərhal soyqırımı kimi qiymətləndiriləcək və problemə beynəlxalq yanaşmaların yenidən nəzərdən keçirilməsinə zəmin yaradacaq”. 

Xatırladaq ki, Vardanyanın qeyri-qanuni işləri bununla da kifayətlənmir. O, torpaqlarımızda milli sərvətlərimizin qanunsuz istismarı ilə də məşğul olub. Bu baxımdan, Vardanyanın Qarabağda istənilən şəkildə qalması dövlətimizin qanunlarına zidd hesab olunur. Beləliklə, nə məzhəbə qulluq etdiyi bəlli olmayan Vardanyan kimilərin birdəfəlik ərazilərimizi tərk etməsinin vacibliyi bir daha öz təsdiqini tapır.

Nəzrin ELDARQIZI,

“Respublika”.