Lənkəranda suvarma mövsümü başa çatır
Region

Lənkəranda suvarma mövsümü başa çatır

Ölkənin əksər bölgələrində bitkilərin suvarma mösümü başa çatır. Relyefindən asılı olaraq son 4-5 ay ərzində bəzi bölgələr təbii üsulla, yəni öz axımı ilə (məsələn, Mərkəzi Aran), bəzi regionlar isə (dağlıq və dağətəyi ərazilər) subartezian quyuları və ya güclü su motorları vasitəsilə suvarılırdı. Hidroqovşaqların, dəryaçaların, sututarlarının potensialından istifadə edən rayonlar da var.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti belə bölgələrdən birində - Lənkəranda suvarma mövsümünün başa çatması və bundan sonra görüləcək işlər barədə məlumat verib. Bildirilir ki, cənub bölgəsində suvarma mövsümü artıq geridə qalıb. Suvarma suyunun ərazilərə maneəsiz verilməsi üçün rayon ərazisində görülən işlər öz bəhrəsini verib. Əldə olunan yüksək məhsuldarlıq, xüsusən də strateji məhsul - taxıl, çay, çəltik və digər dənli bitkilərin vaxtında yığımı bunun bariz nümunəsidir.

Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin su anbarı Lənkəran rayonunun 7 min hektar, Astara rayonunun 2 min hektar və Lerik rayonunun isə 284 hektar əkin sahələrini suvarma suyu ilə təmin edir. Xanbulançay Su Anbarından başqa, Lənkərançay çayının 12 ədəd sututarından və 14 ədəd artezian quyusundan istifadə olunur. Mövsümün əvvəlində Xanbulançay Su Anbarına 50 milyon kubmetrdən artıq su yığılmış və səmərəli şəkildə əkin suvarmalarına istifadəyə verilib. Hazırda suvarma bitdikdən sonra Anbarda 18 milyon kubmetr su ehtiyatı qalıb.

İdarənin balansında 1600 kilometr uzunluğunda suvarma şəbəkəsi mövcuddur. Bunun 960 kilometr uzunluğunda hissəsi bağlı şəbəkələrə aiddir. Bundan başqa, Xanbulançay Hidroqovşağı İdarəsinin balansında 40 kilometrdən yuxarı beton üzlüklü magistral kanal mövcuddur ki, həmin kanallarda və hidrotexniki qurğularda hazırlıq işləri ilə əlaqədar cari təmir işləri görülüb və vaxtında suvarmaya hazır vəziyyətə gətirilib. Suvarmanın mütəşəkkil keçirilməsi üçün idarənin texnikaları tərəfindən suvarma şəbəkələrində mütəmadi olaraq lildən təmizlənmə işləri aparılıb. Mövsümün əvvəlindən 456 min kubmetr həcmində torpaqqazma işləri həyata keçirilib. Bu da öz səmərəsini işin keyfiyyətli olmasında göstərdi.

Qeyd edək ki, suvarma ilə yanaşı, Lənkəran və Astara rayonlarında əhalinin müəyyən qədər içməli su təminatı da Xanbulançay Su Anbarı vasitəsilə həyata keçirilir. Hərəkət istiqamətinə uyğun olaraq su sağ və sol sahil magistral kanalları ilə verilir.

 Qarşıdakı dövrdə Xanbulançay Su Anbarının işlənilən su ehtiyatının yenidən yerinə doldurulması bölgə melioratorlarının əsas vəzifələrindən biri olacaq. Çünki yay suvarma mövsümündə onun su ehtiyatının 32 milyon kubmetri işlənib.

Nəriman CAVADOV,

"Respublika".