Statistik göstəricilər inkişafdan xəbər verir
Region

Statistik göstəricilər inkişafdan xəbər verir

Bu ilin ötən 9 ayı Şabran rayonu üçün uğurlu olmuşdur. İqtisadiyyatın bütün sahələrində irəliləyiş vardır. Statistik rəqəmlər rayonun inkişafından xəbər verir.

Ötən aylar ərzində əldə olunan yüksək iqtisadi nəticələr barədə rayon Statistika İdarəsinin rəisi Yusif Musayev bir qədər ətraflı məlumat verərək bildirir ki, cari ilin yanvar-sentyabr ayları ərzində rayonumuzun iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin həcmi xeyli artaraq 228187,6 min manata çatmışdır. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 86,1 faiz, xidmət sahələrinin xüsusi çəkisi 13,9 faiz təşkil etmişdir. Rayonun iqtisadiyyatında sənaye aparıcı sahələrdən biridir. Ötən dövr ərzində 45501,8 min manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü  ilə müqayisədə sabit qiymətlərlə 2,0 faiz çox olmuşdur. Ümumi istehsalın 82,9 faizini sənaye məhsulları, 17,1 faizini isə sənaye xidmətləri təşkil etmişdir.

Xidmət sahələrində də iqtisadi göstəricilər qənaətbəxşdir. Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 4205 min nəfər sərnişin daşınmışdır. Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,0 faiz artım deməkdir. Avtomobil nəqliyyatı ilə 342 min ton yük daşınmış və 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,0 faiz artmışdır.

Digər xidmət sahələrinin də statistik rəqəmləri ürəkaçandır. İnformasiya və rabitə sahəsində ötən 9 ayda 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 1,1 faiz artaraq 582,5 min manat təşkil etmişdir ki, onun da 395,8 min manatı (67,9 faizi) əhali tərəfindən istifadə olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrünə nisbətən 14,8 faiz artmışdır.

Kənd təsərrüfatı rayonun iqtisadiyyatının mühüm sahələrindən biridir. Rayonda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 132486,9 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,2 faiz artmışdır. Rayonda kənd təsərrüfatı məhsullarının yığımı hələ davam edir. Oktyabr ayının 1-nə kimi dənlilərin və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 14587,1 hektarı biçilmiş və həmin sahələrdən 35245,5 ton və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz çox məhsul əldə olunmuşdur. Bundan əlavə, 360,0 hektar qarğıdalı sahəsindən 3266,8 ton məhsul yığılmış, hər hektardan orta hesabla 90,7 sentner qarğıdalı dəni götürülmüşdür. Qarğıdalı dəni nəzərə alınmaqla rayon üzrə taxılın istehsalı 38512,3 ton olmuşdur. Orta hesabla hər hektardan 25,8 sentner məhsul yığılmışdır.

Məhsul yığımı başlanandan oktyabr ayının 1-nə kimi sahələrdən 928,4 ton kartof, 4215,5 ton tərəvəz, 3,0 ton bostan məhsulları toplanmış, 7500,0 ton (43,7 faiz çox) meyvə və giləmeyvə, 3583,7 ton (14,2 faiz çox) üzüm yığılmışdır. Ötən dövr ərzində heyvandarlıq sahəsində 15249,2 ton ət (diri çəkidə), 11273,0 ton süd, 9223 min ədəd yumurta, 81,3 ton yun (fiziki çəkidə) istehsal edilmişdir.

Ziyafəddin BAYRAMOV,

"Respublika”.