Lerikin qartal balası
Region

Lerikin qartal balası

Bu günlər dağlar diyarı Lerikin qartal balası, Birinci Qarabağ müharibəsinin şəhidi leytenant Arif Nuriyevin doğum günü adını daşıdığı Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində qeyd olunub.

Arif Ələskər oğlu Nuriyev 1971-ci il tarixdə Lerik rayonunda müəllim ailəsində dünyaya göz açmışdır. Vətənin dar günündə Qorkidə aldığı zabitlik təhsilini yarımçıq qoyub Bakıya qayıdır, burada təhsilini davam etdirir. Əzəli, əbədi yurd yerimiz, cənnətməkan Qarabağda gedən müharibədə ən qaynar döyüş bölgələrində doğma Azərbaycanın keşiyində durur. 8 yanvar 1994- ildə qəhrəman zabitimiz Ağdamın İlxıçılar kəndinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik məqamına ucalır. Şəhidliyi 23 yaşında ona əbədiyyət qazandırır.

 Rayon sakinləri ilə bərabər, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədr müavini E.Məmmədovun, rayon icra hakimiyyətinin nümayəndələrinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri V.Məlikovun, şəhid, leytenant Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyinin direktoru G.Şıxəliyevanın, liseyin şagird-müəllim kollektivinin, şəhidin ailə üzvlərinin qatıldığı mərasimdə qəhrəman Vətən oğlunun məzarı ziyarət olunub önünə gül-çiçək dəstələri düzülərək, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra mərasim iştirakçıları liseydə şəhid leytenant Arif Nuriyevin xatirəsinə yaradılan muzeyə baş çəkib onun şərəfli həyat yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan söz açıblar.

Z.ORUCOĞLU.