Nazir Məcnun Məmmədov Ağstafada təsərrüfatlarda olub
Region

Nazir Məcnun Məmmədov Ağstafada təsərrüfatlarda olub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa rayonunda olarkən Həzi Aslanov qəsəbəsinin sakinləri ilə də görüşüb. Kənd meydanında keçirilən görüşdə sakinlərin üzləşdiyi çətinliklər, kəndin əkin və örüş sahələrində vəziyyət, texnika təminatı və digər məsələlər müzakirə olunub.

Sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verilib. Əsasən heyvandarlıqla məşğul olan sakinlərə nazirliyin balansında olan torpaq sahələrindən örüş yeri ayrılması barədə müraciət müsbət həll olunub, payızlıq və yazlıq əkinlər dövründə kəndə əlavə traktor və qoşquların ayrılması qərara alınıb.

Nazir Ağstafa rayonuna səfər çərçivəsində nazirliyin balansında olan müəssisələrə, Dilbaz Atçılıq Kompleksinə baş çəkib, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb. Məcnun Məmmədov, həmçinin "Kur Fruit Company" şirkətinin Ceyrançöldə saldığı 150 hektar intensiv bağla və "Ağstafa Aqrar Sənaye Kompleksi" MMC-nin fəaliyyəti ilə tanış olub. Təsərrüfatlarda keçirilən görüşlər zamanı aqrar məhsulların istehsalı, qablaşdırılması, emalı və ixracı ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətlərdə görüləcək işlərə nazirlik tərəfindən dəstək veriləcəyi bildirilib.

Nəriman CAVADOV,

"Respublika".