Gəncədə “Müharibə cinayətləri: Mülki şəxslərə hücum
Region

Gəncədə “Müharibə cinayətləri: Mülki şəxslərə hücum" adlı beynəlxalq konfrans keçirilib

Oktyabrın 17-də Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Müharibə cinayətləri: Mülki şəxslərə hücum" adlı beynəlxalq konfrans keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ermənilərin Vətən müharibəsi zamanı Gəncə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı keçirilən konfransdan əvvəl qonaqlar və iştirakçılar Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə məruz qaldığı ərazini və ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Gəncə terroru ilə bağlı yeniyetmə rəssamların rəsm sərgisi ilə tanış olublar.

Beynəlxalq konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə sözə başlayan Agentliyin icraçı direktoru Aygün Əliyeva Gəncə terrorunun ikinci ildönümü ərəfəsində beynəlxalq konfransın təşkil edilməsinin əhəmiyyətindən danışıb, Ermənistanın döyüş meydanında yaşadığı məğlubiyyətin əvəzində mülki əhaliyə və infrastruktura vurduğu ziyanın hərbi cinayətkarlığın və barbarlığın göstəricisi olduğunu qeyd edərək deyib: "Təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən müharibə cinayətləri bu gün də davam edir. 30 il ərzində mina partlayışı nəticəsində 3000-dən artıq Azərbaycan vətəndaşı həyatını itirib və ya xəsarət alıb. İşğaldan azad olunmuş ərazilər minalardan təmizləndikcə, aşkar edilən kütləvi məzarlıqlar isə azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin bariz nümunəsidir. Regionda yaranmış yeni siyasi reallığı nəzərə alaraq, vətəndaş cəmiyyəti nümayəndələri də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəallığı davam etdirməli, Ermənistanın "Müharibə qurbanlarının müdafiəsi haqqında", "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" və digər konvensiyaların normalarını kobud şəkildə pozduğunu və beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyini beynəlxalq təşkilatların diqqətinə çatdırmalıdır".

Sonra çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin müavini Adil Tağıyev, Milli Məclisin deputatları Müşviq Cəfərov, Naqif Həmzəyev, Agentliyin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Çexiya Gənclər Assosiasiyasının rəhbəri Radek Smolka, Finlandiyanın Fimigrant Ri təşkilatının rəhbəri İlkka Yuvankovski, Polşa Demokratlar Assosiasiyasının rəhbəri Adrian Pioçeta bildiriblər ki, 44 günlük Vətən müharibəsində ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması onların çirkin niyyətlərini bir daha göz önündə canlandırdı. Qeyd olunub ki, uşaqların, qocaların və qadınların terrora məruz qalması, dünya ictimaiyyətinin bu vandallığa səssizlik nümayiş etdirməsi bütün beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Beləliklə, dünyanın gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlər törədirlər.

Sonra çıxış edən QHT sədrləri, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov və "Təmas Regional İnkişaf" İctimai Birliyinin sədri Südabə Məmmədova baş vermiş terror hadisələrini pisləyərək bu sahədə bütün beynəlxalq təşkilatlara haqq səsimizin çatdırılması istiqamətində QHT-ləri fəal olmağa çağırıblar.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Konfransın yekunu olaraq iştirakçılar adından bəyanat səsləndirilib.

AZƏRTAC