Lobbiçilərin fəaliyyəti sabitliyi təhdid edir
Siyasət

Lobbiçilərin fəaliyyəti sabitliyi təhdid edir

Təəssüflər olsun ki, Azərbaycan suverenliyini bərpa etdikdən sonra Ermənistanın havadarları hayları daha açıq şəkildə dəstəkləməyə başlayıblar. Xüsusilə də, Cənubi Qafqazda öz maraqlarını reallaşdıra bilmək üçün haylara yeni vədlər verməklə yanaşı, onları silahlandırmaq və cəsarətləndirmək mövqeyini sərgiləyirlər.

Ötən günlərdə "3+3" formatında Tehranda nazirlərin görüşünün keçirilməsinə paralel olaraq, Ermənistanın riyakarcasına Fransadan "müdafiə" xarakterli silah-sursat alması qəbuledilən deyil. Bu, demək olar ki, Ermənistanın Qərbə açıq şəkildə meyillənməsini sübut edən növbəti faktdır. Təbii ki, Fransa Ermənistanı öz nəzarətində saxlamaq və Rusiyaya qarşı istifadə etmək istəyir. Eyni zamanda, Fransa Cənubi Qafqazda öz maraqlarını həyata keçirmək üçün Ermənistanı silahlandırmaq yolunu tutur. "Ukraynaya veriləcək silahımız qalmayıb", - deyən Fransa hazırda həmin silahların Ermənistana verilməsinə dair sənəd imzalayır. Qərbin, xüsusilə də Fransanın Ukraynaya verdiyi dəstəyi sonradan geri çəkməsi ölkəni hansı vəziyyətə saldığı heç kəsə sirr deyil.

Azərbaycan regionda uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün bütün səylərini səfərbər etdiyi təqdirdə Fransanın Ermənistanı bu cür silahlandırması məkrli planlardan xəbər verir. Həmçinin bu addımların birbaşa erməni diasporunun maliyyəsi hesabına həyata keçməsi də məlumdur. Məhz muzdlu erməni fanatı olan, erməni mövqeyini həmişə dəstəkləyən, lobbiçi xidməti göstərən almaniyalı siyasətçi Mixail Rotun da Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirməsinin əsasında da bu maliyyə məsələsi dayanır.

Azərbaycan beynəlxalq hüquq və konvensiyaların bütün müddəalarına əməl edir, humanitar hüquq qaydalarını yerinə yetirir və erməni əsilli şəxslərin inteqrasiyasına çalışır. Ancaq Ermənistandan bu addımları görmürük. Əksinə, Ermənistan Qarabağdan könüllü olaraq çıxan ermənilərin mənzil şəraitini yaxşılaşdırmaq, onlara lazımi dəstək göstərməməklə süni humanitar böhran yaradaraq öz havadarlarından və diaspordan yeni maliyyə vəsaitləri əldə etmək istəyir. Yaxşısı budur ki, Ermənistan "qaçqınların" problemlərini həll etmək üçün uzun illər separatçıları maliyyələşdirməyə hər il ayırdığı 150 milyon dollara yaxın vəsaiti onlara sərf etsin. Bu vəsait Ermənistana təşrif buyurmuş həmin erməni əsilli sakinlərin problemlərini həll etməyə xərclənə bilər.

Ermənistanın müstəqilliyinə tamamilə son qoyaraq öz təsirlərində saxlamaq istəyirlər. Bu proses təbii ki, Rusiyanın və İranın istəklərinə ziddir. Ancaq istənilən halda qətiyyən arxayınlaşmamalı, hər cür təxribatlara və oyunlara hazır olmalıyıq.

Naqif HƏMZƏYEV,

deputat.