Mariya Peyçinoviç Buriç: Avropa Şurası Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazırdır
Siyasət

Mariya Peyçinoviç Buriç: Avropa Şurası Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazırdır

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla Avropa Şurası (AŞ) arasında mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində görülmüş işləri, həyata keçirilmiş birgə proqramları qeyd edib, 2022-2025-ci illəri əhatə edən yeni Fəaliyyət Planını əlaqələrin dərinləşməsində mühüm vasitə kimi qiymətləndirib.

Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. O, Azərbaycan parlament nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəal iştirakını qeyd edib. O, ölkəmizin bir sıra mühüm konvensiyalara qoşulduğunu deyərək, bu məsələdə parlamentin mühüm rolu olduğunu bildirib.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova regionda gedən proseslər barədə ətraflı məlumat verib. O, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində görülmüş işlər, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üzrə təşəbbüsləri haqda danışıb.

Parlamentin sədri qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması üçün mühüm addım kimi qiymətləndirilib.

Eyni zamanda, Avropa Şurasının Azərbaycan və Ermənistan arasında etimad quruculuğu proseslərinə töhfə verə biləcək platforma rolunu oynamaq imkanlarına toxunulub. Milli Məclisin sədri mövcud reallıqları təhrif edən, iki ölkə arasında normallaşma prosesini zədələyən, sülh sazişinin tezliklə imzalanması perspektivlərinə xələl gətirən addımlara yol verilməməsini zəruri hesab edib.

Regionda davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmizin atdığı addımları təqdir etdiklərini bildirən Mariya Peyçinoviç Buriç Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.