Marseldə erməni respublikası yaradılsın, adı da “Marsax
Siyasət

Marseldə erməni respublikası yaradılsın, adı da “Marsax" olsun!

Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə Fransa amili hər zaman xüsusi diqqət çəkir. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dediyi halda, Emmanuel Makron Azərbaycanın Qarabağ iqtisadi rayonunun ermənilərə məxsus olduğunu iddia edir.

Yelisey rəhbəri Cənubi Qafqazdakı geosiyasi reallığı dəyişməkdə Paşinyandan daha çox maraqlı olduğunu da öz dili ilə deyir. Hətta iyunun sonlarında Fransanın Marsel şəhərində erməni icmasının nümayəndələri ilə görüşündə Emmanuel Makron demişdi ki, Qarabağla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyandan daha çox müzakirə aparıb və o, bu məsələdə dəqiq mövqeyi olan yeganə şəxsdir. Ardınca isə fransız prezident ölkəsinin İrəvandakı səfirliyində hərbi attaşenin fəaliyyət göstərdiyini vurğulayaraq Ermənistanı müdafiə etmək üçün əllərindən gələni etdiklərini bildirib.

Məlum olduğu kimi, Fransada bütün yay boyunca iğtişaşlar davam etdi, hazırda da ölkə ərazisində stabillik tam şəkildə bərpa olunmayıb. Belə olan halda isə Makronun Marselə gedərək erməni icması ilə görüşdə Azərbaycanın daxili işlərinə müdaxiləedici açıqlama verməsi çox gülünc görünür. Bu, Makronun qeyri-ciddi olduğunun göstəricisi də sayıla bilər. Çünki Makronun başçılıq etdiyi hakimiyyətin Daxili İşlər Nazirliyinin polis əməkdaşı 17 yaşlı yeniyetməni xidməti odlu silahla qətlə yetirib, yəni bilərəkdən öldürüb. Belə şəraitdə onun Nanterə gedib qətlə yetirilən Naelin ata-anasından üzr istəyib ölkədəki iğtişaşların qarşısını almağa səy göstərməsi daha məntiqli görünərdi. Ancaq Makron Marseldə ermənilərlə görüşə getdi. Çünki Cənubi Qafqazda gedən proseslərdə, xüsusilə Azərbaycanla Ermənistan rəsmilərinin danışıqlarında Yelisey sarayı oyundankənar vəziyyətə salınıb. Ona görə də Makron Marselə səfər edib ermənilərə boş vədlər verməklə özünü və ölkəsini həmin dialoqun bir parçası göstərməyə çalışır. Deməli, Cənubi Qafqaz siyasəti iflasa uğrayan Makron ermənilərə və lobbisinə yalan danışmaqla onları yola verməyə çalışır.

Amma əgər Makron haylara qarşı dürüst olduğuna israr edirsə, o zaman Marseldə erməni respublikası yaratmalı, adını da "Marsax" qoymalıdır. Bu təklifi də əbəs yerə etmirik. Belə ki, hələ illər öncə ermənilər Fransanın ən böyük şəhərlərindən biri olan Marselə torpaq iddiası etmiş və hətta Marselin adının qədim erməni sözü olan "Marsax"dan gəldiyini demişdilər. Digər tərəfdən, Marseldə ermənilərin sayı 100000 nəfərdən çoxdur. Marselin vitse-meri Didye Parakyan da ermənidir. O, Fransa ermənilərinin bir araya gəlməsində və əlaqələndirilməsində mühüm rol oynayır. Elə bu səbəbdən də Marsel erməni ziyalılarının mərkəzidir. Hazırda şəhərdə 12 erməni kilsəsi, ticarət palatası fəaliyyət göstərir. Bütün bunların fonunda Fransa prezidenti Makron elə bir şərait yaratmalıdır ki, dünyanın hər yerindən ermənilər sərbəst şəkildə gəlib orada məskunlaşsınlar. Hətta Marsel ətrafı ilə birlikdə xüsusi statusa malik, öz parlamenti və adı olan, özünü idarə edən muxtar ərazi vahidi statusunu almalıdır. Eyni zamanda əgər Makron inadkarlıq göstərsə və "Marsax" əhalisinin öz müqəddəratını təyinetmə ilə bağlı ədalətli tələbinə mane olsa, soyqırımı siyasətinə görə Fransaya qarşı beynəlxalq sanksiyalar tətbiq edilməlidir. Hazırda ən ədalətli yanaşma budur. Əgər Makron özünün də etiraf elədiyi kimi, erməniləri ermənilərdən artıq istəyirsə, o zaman Qarabağla bağlı arzusu iflasa uğrayan "kiçik bacı"sına "Marsax"la təsəlli verməlidir.

Jalə QASIMZADƏ,

"Respublika".