Mayın 10-da Ulu Öndərin Fəxri xiyabandakı məzarı önündə böyük izdiham yaşanıb
Sosial həyat

Mayın 10-da Ulu Öndərin Fəxri xiyabandakı məzarı önündə böyük izdiham yaşanıb

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olub. Əlamətdar yubiley Bakıda, bölgələrdə, o cümlədən Şuşada, eləcə də xarici ölkələrdə geniş qeyd edilib.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Ulu Öndərin Fəxri xiyabandakı abidəsi önündə böyük izdiham yaşanıb, əziz xatirəsi dərin ehtiramla anılıb. Səhər saatlarından başlayaraq axşamadək müxtəlif idarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri, hərbçilər, Qarabağ müharibəsinin veteranları, paytaxt sakinləri Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Məzar və abidə önünə təzə-tər güllər düzülüb, əklillər qoyulub. Dahi şəxsiyyətin Vətən qarşısında misilsiz xidmətləri bir daha minnətdarlıq duyğuları ilə xatırlanıb.

Müasir tariximizin bütöv bir qərinəsi Ulu Öndərin adı ilə bağlıdır. O, bütün ömrünü canından çox sevdiyi Azərbaycanın inkişafına, doğma xalqının rifahına həsr edib. Heydər Əliyev həyatda olmasa da, bu gün mənən xalqı ilə birlikdədir. Onun zəngin irsi, əbədiyaşar ideyaları yollarımızı işıqlandırır.

Xalqımız Azərbaycanın bugünkü dinamik inkişafına, qüdrətli, dünyada sayılıb-seçilən, qalib ölkəyə çevrilməsinə görə özünü Heydər Əliyevə borclu sanır. Fəxri xiyabanda yaşanan izdiham da Azərbaycan xalqının öz böyük oğluna vəfa borcunun ifadəsi idi.

Ulu Öndərin müdrik siyasi kursunun nəticəsi olaraq tolerantlıq ənənələri, milli-mənəvi dəyərlər dirçəldilib, yeni məna və məzmun kəsb etməyə başlayıb. Təsadüfi deyildi ki, Fəxri xiyabanı ziyarət etməyə gələnlər arasında müxtəlif millətlərin və dini konfessiyaların çoxsaylı nümayəndələrini də görmək olurdu.

Fəxri xiyabandakı izdiham bir daha göstərdi ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qəlblərdə daim yaşayacaq.