Mədəni əlaqələr yeni inkişaf mərhələsində
Türk dünyası

Mədəni əlaqələr yeni inkişaf mərhələsində

Türk xalqlarını birləşdirən ən böyük amillərdən biri də onların eyniköklü mədəniyyətə mənsub olmalarıdır. Bu mədəniyyət onların zəngin tarixi keçmişindən xəbər verir. Ölkəmiz bütün dövrlərdə qardaş türk dövlətləri ilə mədəni əlaqələrin inkişafına xüsusi diqqətlə yanaşmışdı.

Bu dövlətlərdən bəziləri keçmiş SSRİ tərkibində Azərbaycanla bərabər on beş respublikadan biri olmuşdur. İstər həmin dövrdə, istərsə də müasir zəmanəmizdə Azərbaycan həmin dövlətlərlə qardaş, dost münasibətlərini qoruyub saxlamış, eyni kökdən, soydan olmağımız əlaqələrimizi daha da doğmalaşdırmışdır. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

Qeyd etdiyimiz kimi, iki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün Özbəkistanda yaşayan 70 minə yaxın azərbaycanlı ölkənin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyətə sahib olan, eyni kökə malik hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır.

Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz "Xəmsə"sini Nizami Gəncəvinin "Xəmsə"sindən ilhamlanaraq qələmə alıb. Əlişir Nəvai və Nizami Gəncəvi öz irsləri ilə bütün dünya ədəbiyyatına misilsiz töhfələr vermişlər. Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılıb. Bu gün görkəmli Azərbaycan və özbək klassiklərinin əsərlərinin qarşılıqlı şəkildə tərcümə olunması Azərbaycan-Özbəkistan ədəbi, mədəni əlaqələrinin inkişafının parlaq nümunəsidir.

Ölkələrimiz dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb.

1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də Özbəkistan dövləti ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısının 2004-cü il martın 23-24-də Özbəkistana səfəri zamanı "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə" imzalanıb. Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də həlledici rol oynayır. Hər iki prezident dövlət və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. 2022-ci il əlaqələrimizin inkişafı baxımından daha məhsuldar olub. Belə ki, hər iki dövlət başçıları bir neçə dəfə qarşılıqlı səfərdə olublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ildə üç dəfə Özbəkistana səfər etmişdir. Bu ölkələrimiz, xalqlarımız arasında olan dostluq, qardaşlıq münasibətlərinin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfərində olan Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib. Həmin səfər zamanı dövlət başçılarının diqqət göstərdiyi əsas istiqamətlərdən biri də mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu. Mədəniyyətin inkişafı baxımından atılan addımlardan biri də Azərbaycan və Özbəkistanın mədəniyyət xadimlərinin bir qrupunun dövlət başçılarının sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edilməsidir.

Avqustun 1-4-də isə Bakıda Özbəkistan mədəniyyət günləri böyük təntənə ilə keçirildi. Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə Özbəkistandan gələn 200 nəfərdən çox yaradıcı kollektiv zəngin özbək mədəniyyətinin incilərini nümayiş etdirirdilər. Azərbaycan və Özbəkistan mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyət günləri çərçivəsində həyata keçirilən böyük konsert proqramı ilə yanaşı, növbəti günlərdə teatr tamaşalarının nümayişi, kitab sərgisinin açılışı və digər maraqlı tədbirlər də keçirilib. Azərbaycan Milli Kitabxanasında "Özbək ədəbiyyatı guşəsi"nin açılışı xüsusilə yaddaqalan olub. Tədbir çərçivəsində Milli Kitabxanada özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qadirinin "Ötən günlər" əsərinin Azərbaycan dilinə tərcümə olunmuş yeni nəşri təqdim olunub.

Onu da qeyd edək ki, ölkələrimiz arasında keçirilən mədəniyyət günləri hələ ötən əsrdən mövcuddur. Belə ki, 1979-cu ildə Azərbaycanda keçirilən Özbəkistan SSR ədəbiyyatı və incəsənəti günlərinin davamı olaraq 1980-ci ilin iyununda Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçirilib. Bu gün isə həmin ənənə daha geniş və sıx şəkildə davam etdirilir. Ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışarkən görkəmli özbək şairi və tərcüməçisi Osman Qoçqarın Azərbaycan ədəbiyyatından tərcümələri də qeyd olunmalıdır. Onun Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Cəfər Cabbarlı ("Od gəlini", "Sevil", "1905-ci ildə" pyesləri) və başqa klassiklərimizdən, xüsusən Hüseyn Cavidin "İblis", "Əmir Teymur", "Şeyx Sənan" kimi əsərlərinin tərcümələri özbək ədəbi mühitində böyük rəğbətlə qarşılanıb.

Azərbaycan-Özbəkistan dostluğu, qardaşlığı bütün dövrlərdə hər bir sahə üzrə yüksək səviyyədə davam etdirilib. Bu gün isə daha da doğma, yaxın və isti münasibətlər üzərində qurulub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustun 22-də Azərbaycana növbəti dövlət səfəri isə qardaş ölkələrimiz arasında münasibətlərin tarixində yeni səhifə açdı. Hələ İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan işğal altında olan torpaqlarını azad edərkən ölkəmizə mənəvi dəstək olan ölkələrdən biri də Özbəkistan olmuşdur. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində yenə də Özbəkistan dövləti birincilik nümayiş etdirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli şəhərində məktəb binasının tikintisi təşəbbüsü ilə çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin bu təşəbbüsünü yüksək qiymətləndirdi. Bu günlərdə Özbəkistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində inşası uğurla başa çatan məktəb binasının təntənəli açılış mərasimi oldu. Belə ki, avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Ölkələrimiz arasında mədəni əlaqələr yüksək səviyyədə inkişaf edir. Ötən il, 16-22 oktyabr tarixlərində Özbəkistanda "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" yüksək səviyyədə keçirilmişdir. Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi ilə reallaşan tədbirlər paytaxtla yanaşı, Buxara, Nəvai və Səmərqənd vilayətlərini də əhatə etmişdir. Beləliklə, eyni soy-kökə və qədim tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

Ramidə YAQUBQIZI,

"Respublika".