Azərbaycan ilə Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib
Türk dünyası

Azərbaycan ilə Qırğızıstan arasında birgə hökumətlərarası komissiyanın iclası keçirilib

İyulun 26-da Çolpon-Ata şəhərində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Baş nazirin müavini Əli Əhmədovun başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edib.

Əvvəlcə Baş nazirin müavini, komissiyanın Azərbaycan Respublikası tərəfindən sədri Əli Əhmədov və Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, komissiyanın Qırğızıstan tərəfindən sədri Bakıt Torobayev məhdud tərkibdə görüş keçiriblər. Görüş əsnasında ikitərəfli gündəlikdə olan aktual məsələlərə toxunulub.

Sonra iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Birgə hökumətlərarası komissiyanın iclası olub.

Ə.Əhmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə görə Qırğızıstan hökumətinə təşəkkürünü bildirib.

Tərəflər Azərbaycan-Qırğızıstan dostluq əlaqələrinin və strateji tərəfdaşlığının hərtərəfli inkişafından məmnunluq ifadə ediblər. Vurğulanıb ki, Azərbaycan və Qırğızıstan prezidentləri arasında fəal siyasi dialoq və şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir.

Söhbət zamanı, həmçinin iqtisadi-ticari əlaqələrin müsbət dinamikası məmnunluqla qeyd olunub. Bunu 2022-ci ilin yekunlarına dair əmtəə dövriyyəsinin 19 faiz artması da göstərir. Bununla yanaşı, tərəflər qarşılıqlı ticarətin həcminin iki ölkənin iqtisadi və mövcud potensialının inkişafı səviyyəsinə uyğun olmadığı barədə ortaq mövqe ifadə ediblər. Bununla bağlı 2023-2028-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafı üzrə kompleks Proqramın hazırlanması və imzalanmasının vacibliyi qeyd edilib.

Tərəflər, həmçinin qarşılıqlı investisiya qoyuluşunun təşviqinə tərəfdar olduqlarını bildirib, bu kontekstdə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun təsis edilməsi prosedurunun başa çatmasını yüksək qiymətləndiriblər.

Ə.Əhmədov Azərbaycanda mövcud olan əlverişli investisiya mühitindən bəhs edib. Qırğız tərəfinin diqqətinə çatdırılıb ki, inkişaf etmiş infrastruktur, dövlət səviyyəsində sərmayələrin qorunması ölkəmizi investisiya baxımından cəlbedici edir.

Görüşdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın dinamikası da müsbət qiymətləndirilib. 2022-ci ilin yekunlarına görə, Azərbaycan ilə Qırğızıstan arasında yükdaşımaları təxminən 1,7 dəfə artıb, tranzit yükdaşımaları iki dəfə çoxalıb.

Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin aktuallığı qeyd olunub. Tərəflər Orta Dəhlizin əlaqələndirilmiş şəkildə rəqəmsallaşdırılması işinin aparılmasına, həmçinin bu nəqliyyat istiqamətinə əlavə yüklərin cəlb olunması məqsədilə cəzbediciliyinin artırılmasına dair razılıq əldə ediblər.

Tərəflər, həmçinin bərpaolunan enerji mənbələri, kənd təsərrüfatı, turizm, mədəni-humanitar və digər sahələrdə ikitərəfli qarşılıqlı münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

Hər iki tərəf qarşılıqlı faydalı əməkdaşlığın bütün kompleksi üzrə konstruktiv dialoqun davam edirilməsinə hazır olduğunu ifadə edib.

İclasın yekunu olaraq Ə.Əhmədov və B.Torobayev Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 5-ci iclasının Protokolunu imzalayıblar.