Mədəni əlaqələrin inkişafının daha bir nümunəsi
Mədəniyyət

Mədəni əlaqələrin inkişafının daha bir nümunəsi

Bütün dövrlərdə ölkəmiz yaxın, uzaq qonşuları ilə dostluq və əmin-amanlıq şəraitində yaşamağı məqbul hesab edib. Bu mənada Azərbaycanın qonşu Gürcüstanla münasibətlərini xüsusi qeyd etmək yerinə düşər.

Dövlətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli siyasi, iqtisadi, mədəni və s. sahələrdə əlaqələr yaradıblar. Bu əlaqələr həm Azərbaycan, həm də gürcü ədəbiyyatı tarixinin inkişafında yeni bir mərhələnin yaranmasına geniş imkanlar açıb. Gürcüstana, gürcü xalqına məhəbbət və səmimiyyəti dahi Nizami Gəncəvinin yaradıcılığında da müşahidə etmək mümkündür. O, şeirlərinin birində bu diyarın gözəlliyini, Tiflis şəhərinin heyranediciliyini öz misralarında vəsf etmişdir. Görkəmli gürcü şairi Şota Rustavelinin əsərlərində Nizami yaradıcılığının təsiri aydın hiss olunur. Lakin XIX və XX əsrlərin əvvəlləri xüsusilə Tiflisdə ədəbi-mədəni mühitin inkişafı Azərbaycan ədəbiyyatına və mədəniyyətinə də təkan verərək görkəmli şəxsiyyətlərin yetişməsində mühüm rol oynamışdır.

Qeyd etdiyimiz kimi, XIX əsrin əvvəllərindən başlayaraq Tiflis Cənubi Qafqazın inzibati mədəniyyət mərkəzi olmaqla yanaşı, Azərbaycan və Gürcüstan xalqlarının dostluq və qardaşlıq mərkəzinə çevrilmişdir. Tiflisin o dövr üçün mədəniyyət paytaxtı olmasını Mirzə Cəlil özünün "Xatiratım" əsərində geniş şəkildə şərh edir. Həmin dövrdə Tiflisdə yaşamış Azərbaycan ədibləri, görkəmli şəxsiyyətləri bu mühitdə formalaşmışlar.

XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalını ilk dəfə Tiflisdə yayımlamağa başlamışdır. Bu baxımdan, Gürcüstan Azərbaycan mədəni-ədəbi mühitində öz yeri, rolu olan ölkədir. Dövlətimiz bütün bu amilləri əsas götürərək, hər zaman qonşu dövlətdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının bir hissəsi olan mədəni abidələrimizə qarşı diqqət və qayğı göstərmiş, Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda bir çox layihələr həyata keçirilmişdir. Tbilisidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən qurulub və xiyaban yaradılıb. Marneuli rayonu ərazisində XVI əsrə aid qədim məscid binası bərpa olunub. Bolnisi rayonunun Həsənxocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib. Dmanisi şəhərində Heydər Əliyev adına Təhsil Mərkəzi yaradılıb. Tbilisinin mərkəzində Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə salınıb. Dost ölkədə 1872-ci ildə yaranan Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrı, "ERA Teatrı" və yeni yaradılmış "Beez" uşaq teatrı, M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyi fəaliyyət göstərir. Muzeydə M.F.Axundov, C.Məmmədquluzadə və N.Nərimanovun ev-muzeyləri birləşib.

Ölkələrimiz arasında əməkdaşlıq yüksək səviyyədə davam edir. Oktyabrın 27-də Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının təməlqoyma mərasimi keçirilib. Mərasim Azərbaycanın Baş naziri Əli Əsədovun bu ölkəyə işgüzar səfəri çərçivəsində həyata keçirilib. Əvvəla onu qeyd edək ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və paytaxtın mədəniyyət ocağına çevriləcək. Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlinin qoyulması məhz bu ilə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il "Heydər Əliyev İli" elan olunub. Yeni teatr kompleksinin təməlqoyma mərasiminin Azərbaycan xalqının Ümummilli Lideri, Gürcüstanın böyük dostu Heydər Əliyevin 100 illiyinə həsr olunan mötəbər tədbirlər çərçivəsində keçirilməsi böyük rəmzi məna daşıyır. Təməli qoyulan teatr binasında müasir və qabaqcıl texnologiyalarla təchiz olunmuş 500-600 nəfərlik tamaşa zalı və interaktiv ekspozisiya sahəsinin yaradılması planlaşdırılır. Bununla da yüksək texnoloji imkanları ilə beynəlxalq əhəmiyyətli konfransların, müxtəlif növ sərgilərin keçirilməsi imkanı yaradılacaq.

Teatrın ümumi ərazisi 3564 kvadratmetrdir. Tbilisi Dövlət Azərbaycan Dram Teatrı 1872-ci ildə təsis edilib və 1947-ci ilə kimi fəaliyyət göstərib. 1947-ci ildə fəaliyyəti dayandırılan teatr böyük fasilədən sonra 1998-ci ildə yenidən bərpa olunub. Teatr fəaliyyəti dövründə Azərbaycan teatr sənətinin inkişafına da öz töhfələrini verib. Belə ki, Möhsün Sənani, Mustafa Mərdanov kimi görkəmli kino və teatr xadimlərimiz də məhz bu teatrın yetirmələridirlər. 2004-cü ildə Ulu Öndər Heydər Əliyevin adı ilə yenidən fəaliyyətə başlayan teatra dövlət statusu verilib.

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının təməlqoyma mərasimində, həmçinin İqtisadiyyat Nazirliyi və "Azərxalça" ASC-nin 2023-cü ildə birgə layihəsi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Dövlətin memarı. Bir ömür ensiklopediyası" adlı ensiklopedik xatirə xalça kompozisiyası da nümayiş olunub. Dövlətə, xalqa xidmətin ən yüksək meyarını yaradan tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin irsi və fəaliyyəti xalçadakı ilmələrdə əks olunur. Mərasimdə iştirak edən "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov "Azərxalça" ASC-nin teatrı bəzəyəcək nadir xalça nümunəsinin toxunması kimi rəmzi təkliflə çıxış edib. Konsepsiyaya uyğun olaraq toxunacaq Azərbaycan-Gürcüstan "Dostluq" xalçası özündə Ümummilli Lider Heydər Əliyevin portreti, hər iki ölkənin çoxəsrlik tarixini əks etdirən rəmzlər, memarlıq abidələri, orijinal xalça nümunələri həm Azərbaycanın, həm də dost Gürcüstanın mədəniyyət və adət-ənənələri nümayiş etdiriləcək. Bu xalça hər iki xalqın tarix, məişət və mədəniyyətinin genetik yaddaşının ifadəsi olacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".