Dünyanın sevdiyi sənətkar
Mədəniyyət

Dünyanın sevdiyi sənətkar

Azərbaycan ifaçılıq sənətində güclü, məlahətli, ürəyə yatımlı səsi ilə əbədiləşən sənətkarlardan biri də Rəşid Behbudovdur. Dünyaşöhrətli müğənni və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, “Lenin”, “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüş, Dağıstanın Xalq artisti, Gürcüstanın Əməkdar incəsənət xadimi kimi fəxri adlar almışdır.

1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşadan olan xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gələn Rəşid Behbudovun anası Füruzə xanım Qazax rayonunun Salahlı kəndindən olan Vəkilovlar nəslindən idi. İlk təhsilini 1933-cü ildə Dəmiryolu Texnikumunda alan Rəşid uşaq yaşlarından məktəb xorunda oxumuşdu. Hərbi xidməti başa vurduqdan sonra da həyatını musiqi sahəsində davam etdirir. 1943-cü ilin sonunda Rəşid Behbudov Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. Bununla da onun sənət yolunda kino karyerası başlayır. Tamaşaçılar onu həm də bir-birindən fərqli və bənzərsiz obraz yaradıcısı kimi də sevir, çəkildiyi film qəhrəmanları ilə də sevilir, şöhrət qazanır. "Arşın mal alan" filmində Əsgər bəy roluna görə keçmiş sovetlər birliyində məşhurlaşır və 1946-cı ildə "Stalin mükafatı"na layiq görülür. Ümumiyyətlə, bu obraz ona dünyaşöhrəti gətirir, kino sahəsində yeni bir yol açır. Onun filmlərdə ifa etdiyi mahnılar dillər əzbəri olur. Müğənniyə şöhrət gətirən, sevdirən kino obrazlarından biri də Bəxtiyardır. Musiqili filmlərimizdən olan "Bəxtiyar" filmində yaratdığı bu obraz sənətkarı tamaşaçıya fərqli istiqamətdən sevdirdi. Məhz Rəşid Behbudovun yaradıcılığı və sənət fəaliyyəti üzərində qurulan filmdə bəstəkar Tofiq Quliyev ifaçıya bir deyil, bir neçə mahnı yazır. Beləcə, Rəşid Behbudovun sənət karyerasında yeni bir mərhələ başlayır.

Yüksək səs tembrinə malik Rəşid Behbudov keçmiş SSRİ-də mikrofonsuz oxuyan çox az sayda ifaçılardan olub. Səsinin aktavası yüksək olsa da, oxuduğu mahnılarda qəribə bir rahatlıq, hüzn və sakitlik var idi. Onun səsi el dilində desək, məxmər kimi yumşaq idi. Mahir ifaçılıq məharəti müğənnini təkcə Azərbaycanda deyil, Sovet ittifaqının hər nöqtəsində, dünyanın bir çox ölkələrində sevdirdi. 1952-ci ildə Hindistana səfər edən Rəşid Behbudov böyük coşqu və məhəbbətlə qarşılanır. O, burada tanınmış hind kinoaktyorları Nərgiz Data və Rac Kapur kimi məşhur insanlarla tanış olur.

Müğənninin bəstəkar Tofiq Quliyevlə dostluğu sənət yollarında da öz müsbət təsirini göstərir. "Azərbaycan", "Neftçi mahnısı", "Züleyxa" və onlarla belə mahnı ona tamaşaçı sevgisi qazandırır. Rəşid Behbudov Fikrət Əmirov yaradıcılığına da müraciət edir. Bəstəkarın "Gülüş", "Ulduz" romanslarını və digər mahnılarını ifa edir. Olduqca tələbkar, peşə mədəniyyətinə, yüksək səsə və səhnə ustalığına malik ifaçı özünü həm də opera sənətində də təsdiq etmişdir. Bu sahədə yüksək ifaçılıq qabiliyyəti nümayiş etdirən Rəşid Behbudov 1953-cü ildə "Sevil" tamaşasında baş rolu - Balaş obrazını canlandırır.

Rəşid Behbudov 1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.

İfaçı keçmiş sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə də geniş repertuarla çıxış etmişdir. Xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında və sevilməsində çox böyük rol oynamışdır. Hətta Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır. Onun fəaliyyəti bunlarla bitmir, bir çox böyük ümumdünya mədəniyyət tədbirlərində, beynəlxalq gənclər festivalında, konsertlərdə iştirak etmişdir. Azərbaycan bəstəkarlarının mahnıları Rəşid Behbudovun ifasında 50-dən çox dildə səslənmişdir.

Rəşid Behbudov yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edərkən maraqlı bir faktla rastlaşır. Hindistanlı tərcüməçi şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. Həmin vaxt SSRİ Ali Sovetinin deputatı olan Rəşid Behbudov buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı kaseti alır. Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılır və hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır. R.Behbudovun fəal ictimai fəaliyyəti və vətənsevərliyi o vaxtkı rejimin diqqətindən qaçmır. Ona qarşı təqib və təzyiqlər başlayır. Maneələrə baxmayaraq bütün konsertlərini "Azərbaycan" mahnısı ilə açır. Bu mahnının yaranma tarixi və ümummilli lider Heydər Əliyevin ifaçı ilə dostluq münasibətləri də olduqca maraqlıdır. Ulu öndər bu barədə öz xatirələrində deyirdi: "Mən Rəşidə bir neçə mahnı haqqında öz fikrimi dedim. Nədənsə, birdən mən ondan soruşdum ki, sən nə üçün Rauf Hacıyevin "Azərbaycan" mahnısını indiyədək oxumursan? O dedi ki, nədənsə heç düşünməmişəm. Dedim, o mahnını sən bilirsən? Dedi ki, əlbəttə, bilirəm. Zərifə xanım oturdu, pianoda onu çaldı. Rəşid başladı bu mahnını bir balaca oxumağa. Bundan 10-15 gün keçəndən sonra o, mənə telefon etdi və dedi ki, bu mahnı artıq hazırdır".

Rəşid Behbudov təkcə ifaçılıq sənətində deyil, ictimai işlərdə də fəal iştirak etmişdir. Səsi ilə dünyanı dolaşan ifaçının ölümü müəmmalı olmuşdur. Dünyaşöhrətli müğənni 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat etmiş və Bakıda l Fəxri Xiyabanda dəfn edilmişdi.

Ramidə YAQUBQIZI,

"Respublika".