Məğrur şəhid anaları, bayramınız mübarək!
Sosial həyat

Məğrur şəhid anaları, bayramınız mübarək!

Bu gün Sizin bayramınızdır, qəhrəman şəhid anaları, bacıları, ömür-gün yoldaşları! Yer üzünə gələn gündən qadın-ana həmişə müqəddəs sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazmışdır.

Vətən müharibəsində müqəddəs torpaqlarımız uğrunda qazandığımız Şanlı Qələbədə şəhidlər verdik. Vətən müharibəsi bizi müqəddəs torpaqlarımıza - Ana Vətənimizə qovuşdurdu. Əzəli torpaqlarımıza qayıtmaq Azərbaycan Anasının tək arzusu və tək diləyi oldu. Şərəfimiz və qürurumuz olan müstəqil dövlətimizin ərazi bütövlüyü tam bərpa edildi, üçrəngli bayrağımız Şuşada dalğalandı, arzular çin oldu.

Azərbaycan qadınının mətinliyini, təmkinini, ağbirçəkliyini şəhidlərini qarşılayanda, son mənzilə yola salanda da gördük! Oğul itirmiş analarla rastlaşanda, görüşəndə, bir şəhidin dəfnində iştirak edəndə anaların qüruruna, dözümlüyünə sonsuz dərəcədə həsəd aparmışam. Hamısı bir ağızdan: Vətən sağ olsun, deyib!

Vətən müharibəsini, xüsusilə Şuşa azad olunandan sonra bu şəhərin necə alınması haqqında məlumatları maraqla izləyirdik. Alınmaz qala saydığımız Şuşaya dişi-dırnağı ilə cığır açan oğulları, məhz bu analar gətirib dünyaya! Bəli, bu, Ana Vətəni, torpağını sevənlərin qəhrəmanlığı idi. Onların qarşısında diz çökməyə, qırışlı alınlarından, qabarlı əllərindən öpməyə dəyər!..

Vətən müharibəsi yenicə bitmişdi. Həmin dövrdə yaddaşıma dərin həkk olunmuş şəhid anaları ilə bağlı bir neçə məqamı xatırlamaq yerinə düşərdi. Müharibənin ilk günlərində şəhid oğlunun tabutunu gətirən əsgərə ananın ilk sualı: "Şuşanı nə vaxt alırsınız?..". Bu sual qarşısında nə deyib, nə cavab verəsən. Əhsən, min əhsən belə analara! Dünyaya elə qəhrəman, igid gətirmiş oğulların da anaları qəhrəman olurmuşlar.

Biz Vətən müharibəsində yeganə oğlunu itirən, "Şəhadətin mübarək olsun, oğul!" deyən şəhid anasının mətanəti qarşısında da susduq. Deməyə söz tapmadıq. Oğlu Cavidin tabutunu qarşılayan ana, Yardımlı rayonunun Əsədabad kənd sakini Səkinə Sahratova bildirirdi ki, mən oğlanlarımı Vətən üçün böyütmüşəm, hamısı əsgərliyini çəkib, Vətənə xidmət edib: "Cavid kimi oğlanlarımızla fəxr edirəm. Onlar hamısı mənim balamdır. Cavidin tabutu gələndə dedim ki, mənim çiynimə qoyun, son mənzilə də çiynimdə aparım".

Yaxud Şamama ananın tərbiyəsi ilə böyümüş Milli Qəhrəman, adını xalqımızın tarixinə əbədi yazmış Azərbaycan şəhidlərinin sərdarı adlandırılan Mübariz İbrahimovun valideynlərinə ünvanladığı: "Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim artıq dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanacan bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz... Haqqınızı halal edin", - müraciətindən necə təsirlənməyəsən.

Bu hadisənin də canlı şahidiyəm. Adamların dəstə-dəstə ziyarətgaha, İbrahimovlar ailəsinə gələn günlərin birində Şamama ana telekanalların birinə müsahibə verirdi. Başına toplaşmış, onu bir dəqiqəlik də olsa, tək buraxmayan qonşu qadınların, qız-gəlinlərin əhatəsində olan Şamama ana çox böyük iradə ilə "Mən bütün analara Mübariz kimi oğul böyüdüb tərbiyə etməyi arzulayıram...", - söylədi. Bu, bir ana müdrikliyidir. Üz vermiş ağır kədərə mətanətlə, dözümlə, səbirlə üstün gəlmək Şamama xanım kimi müdrik analara aiddir. Ağır, kədərli günlərdə Şamama ananı da qohum-qonşu qadınları arasında son dərəcə məğrur gördük. Bəli, Mübariz kimi Vətən, torpaq yolunda öz canından keçməyi bacaran oğulları ancaq belə məğrur, hər şeydən uca tutan analar dünyaya gətirə bilər. Eşq olsun belə analarımıza!..

Hətta Vətən müharibəsində şəhid həyat yoldaşının tabutunu daşıyan, sınmayan, əyilməyən cavan gəlinlərimizi də gördük! Həyat yoldaşı qəhrəmanlığı ilə düşmənə sinə gərdi, özü isə məğrur davranışı ilə düşmənə qeyrət, qürur dərsi keçdi!

Şəhid Anaları, şərəfli Zəfərimizə görə məhz Sizə borcluyuq! Başınızı daim uca tutun! 8 Mart Qadınlar Gününüz mübarək!

Müşfiq MİRZƏ,

"Respublika".