MƏKTƏB ZƏNGLƏRI: DÜNYANIN ƏN GÖZƏL SƏSLƏRI İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARDA BU, ƏBƏDI OLACAQ
Elm və təhsil

MƏKTƏB ZƏNGLƏRI: DÜNYANIN ƏN GÖZƏL SƏSLƏRI İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARDA BU, ƏBƏDI OLACAQ

Həyatın elə bir dönəmi var ki, zənglə başlayıb zənglə də bitir. Hə, orta məktəb illərini, ömrümüzün ən mənalı, qayğısız, bir göz qırpımında ötüb keçən illərini deyirəm. Tanrının insana əmanət etdiyi ömür payı bu qoca, yaşı bilinməyən dünyamızla müqayisədə o qədər qısadır ki, lap yuxu kimi görünür bəzən. Taleyimizə yazılan o illər acılı-şirinli anları ilə qalır yaddaşımızda və zaman keçdikcə çözələnir, xatırlanır. Ən çox xatırlanmaq isə uşaqlığımızın, gəncliyimizin payına düşür, çünki şıltaq, qaynar, gözlənilməzliklərlə doludur o illər. Bu illərin ən şirinidir məktəb illəri. Bir mahnıda deyildiyi kimi:

Məktəb illəri - ömrümün ən şirin,

             duyğulu, qayğısız günləri

Hər anı bir ömrə bərabər

             sehrli günləri

Ən təmiz arzulu günləri...

Hər il payızın ilk günlərinin birində bir zəng səsinə açılır səhərimiz. Özlərindən ağır çantalarını çiyinlərinə alıb muncuq kimi düzülür körpə fidanlar məktəb yollarına. Onu qarşıda nəyin gözlədiyindən xəbərsiz-xəbərsiz kimisi könülsüz, göz yaşı içində, kimisi də üzündəki gülüşlə üz tutur onun üçün hələ sirri bəlli olmayan bu müqəddəs məkana. İllər ötür, bir vaxt qorxa-qorxa, çəkinə-çəkinə qədəm qoyduğu o binaya yaşlaşıb, müdrikləşib bir də dönür o birincilər. Ata, ana, nənə, baba kimi o şirinliyi duya-duya. Bax, onda bir daha yada düşür məktəb illəri. Doğrudur, üzü bəri uzanıb gələn o illərin xatirələri bir qədər köhnəlib silinsə də, korşalmış yaddaşımızın künc-bucağında xatırlamaq üçün nəsə tapılır yenə...

Yola saldığımız ötən əsrdə millət olaraq çox şeylər yaşadıq, iki fərqli cəmiyyətin vətəndaşları, həkimi, mühəndisi, müəllimi, şagirdi olduq. Çox şey dəyişdi. Sovet təhsil sistemində o körpələrə dostluq, qardaşlıq, bütün millətlərlə birgə, rahat, mehriban yaşayış qaydalarını öyrətdilər. Dini, irqi ayrı-seçkiliyin qəbuledilməz olduğunu anlatdılar hər birinə, uşaq dilində, uşaq düşüncəsi ilə. Bir çox millətlərin nümayəndələri ilə birgə oxudular, oynadılar. Böyüdülər, gəncləşib qocaldılar:

Qoy həmişə günəş olsun

Qoy həmişə səma olsun

Qoy həmişə anam olsun

Mən də olum həmişə

mahnısının insanda gələcəyə inam doğuran sədalarını heç vaxt unutmadılar. Yaxşı arzudur, bol günəş, aydın səma, bir də hər zaman görmək istədiyimiz analar... Sovet ideologiyasının o qədər də pis səslənməyən bu "tezisləri" sən demə, elə sözdə belə imiş. Sən demə, yaşadığımız 70 illik sovet rejimində baş pambıqla kəsilirmiş. Elə kəsilirmiş ki, heç insanın ruhu da incimirmiş. Bütün bunları 70 il hökmranlıq edən bir dövlətin süqutundan sonra daha açıq görə bildik. Yenidənqurma adı altında son çırpıntılarını edən SSRİ dövləti Azərbaycana qarşı son "pisliyini" də etdi.

1988-ci ildə əbədi düşmənimiz olan, lakin sovetlərin istədiyi kimi "mehriban qonşu" kimi görünən Ermənistan ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Əvvəlcə Qərbi Azərbaycandakı 300 minədək soydaşımız zorla ev-eşiyindən çıxarıldı, minlərlə insan öldürüldü. Qocaya, yaşlıya, uşaqlara belə rəhm edilmədi. Körpə balalarımız diri-diri yandırıldı. Sağ qalanlar qaçqına çevrildilər. Uşaqlıqları əllərindən alındı. Məktəblərindən ayrı düşdülər, şirin xatirələrini də elə doğma yerlərdə qoyub gəldilər. Yeni yaşayış yerlərində təzə məktəblərə getdilər, sıxıla-sıxıla. Tanımadıqları uşaqlarla ünsiyyət quranacan, yeni mühitə alışanacan çətin oldu onlara, doğma məktəb, köhnə dostlar, sevimli müəllimləri üçün darıxdılar. Uşaq olsalar da, qəribsədilər, ətəyində oynadıqları yamyaşıl yamacların, gülünü-çiçəyini dərdikləri çəmənliklərin, suyunda səs-səsə verib çimdikləri çayların, içəndə dişlərini sızladan bulaqların... dağlara əmanət qoyduqları uşaqlıqlarının, məktəb illərinin xiffətini çəkdilər.

Ardınca gözəl Qarabağımızın cənnətini cəhənnəmə çevirdi ermənilər. Ən çox əziyyət çəkən yenə də uşaqlar oldu, təkcə insanlar deyil, məktəblər də "məcburi köçkün"ə çevrildilər. Bakı məktəblərinin binalarında müvəqqəti yer verildi o məktəblərə, tədris prosesi pozulmasın deyə. Beləcə 30 il köçkünlük həyatı yaşadı Qarabağ məktəbləri. Boşaldılmış, xarabalığa çevrilmiş yurd yerlərimiz məktəb zənglərinə, uşaq gülüşünə həsrət qaldı. Və bir gün həsrətin sonu gəldi. Müzəffər sərkərdəmiz barışmadı işğalla. Çadır şəhərciklərində yaşayan balalarımızın uşaqlığını, xoşbəxtliyini, sevincini, yurd həsrətli insanların, balaların halal haqlarını qaytarmağı özünə müqəddəs borc bildi. Hər görüşündə "O yerlərə qayıdacağıq!", - dedi, təsəlli kimi yox, əminliklə söylədi, vəd verdi. Bu vədin yerinə yetirilməsinə cəmi 44 gün lazım gəldi. 30 illik işğala 44 gündə son qoyuldu. Cəhənnəmə dönmüş o yerlərə hər dəfə ayaq basdıqca, ermənilərin vəhşiliyini gördükcə daha mübariz oldu: "Biz o yerləri dirçəldəcəyik!", - dedi: "O yerlərə həyat qayıdacaq, uşaq gülüşləri qayıdacaq! Yeni məktəblər tikiləcək, yenə də zəng səsləri eşidiləcək", - söylədi... Və bu xoşbəxtlik ilk dəfə zəngilanlı balalara nəsib oldu.

2022-ci ilin ilk dərs gününü Ağalı kəndinin sakinləri böyük bayram kimi qarşıladı, çünki övladlarını yeni tikilmiş məktəblərə yola saldılar, qürurla. Məktəbin açılışında dövlət başçısı və birinci xanım da iştirak edirdi. O gün 30 ildən sonra Qarabağda ilk məktəb zəngi çalındı. Adama elə gəlirdi ki, bu zəng əvvəlki zənglərə bənzəmir. Elə bil daha cingiltili idi. Sanki dünyaya səs salır: "Biz - bu yerlərin doğma sakinləri əbədi qayıtmışıq!" - deyirdi.

Mehriban xanım şagirdlərlə, xüsusilə də qızlarla səmimi söhbət etdi: "Mən bu gözəl yerlərin gözəl qızları ilə görüşməyi çoxdan arzu edirdim. İmkan düşdükcə buraya tez-tez gələcəm" dedi, onlarla xatirə şəkli çəkdirdi, tövsiyələrini verdi.

Dövlət başçısının Sərəncamı ilə işğaldan azad olunmuş Laçın şəhəri, Zabux və Sus kəndlərində də yeni məktəb binalarının tikintisinə başlanıldı. Builki dərs ilində artıq Laçına köçmüş sakinlərin balaları da yeni 2 nömrəli məktəbə gedəcəklər. Şəhərin 1 nömrəli məktəbi gələn dərs ilində öz sakinlərini qəbul edəcək.

Füzuli rayonunda isə qardaş Özbəkistanın hədiyyə olaraq tikdirdiyi M.Uluqbəy adına orta məktəbin qapıları da sentyabrın 15-də açılacaq şagirdlərin üzünə. Beləcə, Qarabağın bir neçə bölgəsində eyni vaxtda məktəb zəngi çalınacaq. O anlar əbədi həkk olunacaq yaddaşlarına, çünki adları 30 illik işğaldan sonra tikilmiş ilk məktəblərin şagirdləri kimi yazılacaq tarixə. İllər keçəcək o zəngin çağırışı ilə gələcəyə doğru gedəcəklər inamla, ilhamla. Bu dövlətə dəstək olacaqlar. Elə edəcəklər ki, 30 il zülm çəkən torpaqlardan bir daha barıt qoxusu gəlməsin, güllə səsləri eşidilməsin, cingiltili məktəb zənglərinin səsi kəsilməsin. Çünki dünyanın ən gözəl səsidir məktəb zəngləri...

Zümrüd QURBANQIZI,

"Respublika".