Melioratorların   yeni  il  qayğıları
İQTİSADİYYAT

Melioratorların   yeni  il  qayğıları

Yeni  ilin  ilk  aylarından   ölkə   melioratorları yüksək əzmkarlıqla çalışırlar. Torpaq   kanallar   beton   üzlüyə  alınır,  suqəbuledici qurğular  tikilir, yeni   nasos  stansiyaları   istifadəyə    verilir. Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  bildirir ki, Ağsu rayonunda da meliorativ tədbirlər uğurla davam etdirilir. Suvarılmanın yaxşılaşdırılması üçün Ağsu rayonunun ərazisində yerləşən Qazanarx kanalı yenidən qurulub.

Ağsu çayının məcrasında isə Baş Su Qəbuledici qurğu tikilib. Əvvəlki illərdə Ağsu çayından su götürmək üçün xeyli çətinliklər yaranırdı. Bu qurğunun tikintisindən sonra saniyədə 5 kubmetr su götürmək üçün dəmir beton kanal da çəkilib. Baş Su Qəbuledici qurğu bir neçə hissədən ibarətdir. Qurğu çayın məcrasını ortadan su aşırımlı bənd vasitəsilə kəsir. Bu da suyun səviyyəsinin qaldırılmasına, eyni zamanda kanalların su götürməsinə kömək edir.

Qurğunun əsas üstünlüklərindən biri də çaya gələn sel sularının qarşısını almasıdır. Yekunlaşan işlər Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyəti (TOMİOBM) tərəfindən həyata keçirilib. Qazanarx kanalının əsas iş prinsiplərindən biri də suvarmanın aparılmadığı vaxtlarda Cavanşir gölünün su ilə doldurulmasına töhfə verməkdir. Bu məqsədlə Cavanşir gölündə təmir-bərpa işləri aparılıb.

Qeyd edək ki, Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdriyyəti tərəfindən Ağsu rayonu ilə yanaşı, ölkənin Hacıqabul və Şamaxı rayonlarında  da yeni nasos stansiyaları  tikilərək istifadəyə verilib.

Nəriman  CAVADOV,

“Respublika”.