Memarlığın modern nümunələri
Mədəniyyət

Memarlığın modern nümunələri

Ötən beşillik müddəti götürsək, sosial sahədə aparılan davamlı islahatlar əhalinin həssas təbəqəsinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. İslahatlar ölkənin bütün regionlarında aparılır. Belə ki, ölkə böyüyür, inkişaf edir, əhalinin sıxlığı artır. Əlbəttə ki, bütün bunları nəzərə alan dövlətimiz vətəndaşların rifah halının yaxşılaşması üçün zəruri tədbirlər görür. Regionlarda olan inkişafı yeni yerlərini nəzərə alaraq inzibati binaların inşası həyata keçirilir. Fərqli, daha mükəmməl, müasir tələblərə cavab verən infrastruktur yaradılır.

Regionlarla bərabər, paytaxt Bakı şəhərində tarixi memarlıq üslubunu özündə yaşadan yeni modern binalar inşa edilir. Şəhərin görkəminə, mənzərəsinə başqa bir ovqat qatan bu binalar köhnəliklə yeniliyin vəhdətində yaranır. Eyni zamanda milli memarlıq üslubunu qoruyub saxlamaqla sabaha açılan pəncərə rolunu oynayır. Yaxın günlərdə Bakı şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binası istifadəyə verildi. Bina mürəkkəb konstruktiv quruluşa malik olmaqla yanaşı, həm modern postmodern üslubunda layihələndirilib. Son illər paytaxtda inşa olunan hündürmərtəbəli binaların sırasına qoşulub. Belə ki, binanın hündürlüyü 125 metr, mərtəbələrinin sayı isə 33-dür. Müasir memarlıq modern üslubda tikilən bina baş verə biləcək bütün fövqəladə hadisələr nəzərə alınaraq inşa olunub. Yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə davamlı olan binanın hər mərtəbəsi digərinə nisbətən 2,65 dərəcə dönür. Fasad müstəvisi 90 dərəcəlik burulma effekti yaradır.

Binanın daha bir özəlliyi isə ondan ibarətdir ki, kürsü mərtəbəsi Azərbaycan xəritəsinin quruluşunda inşa edilmişdir. Şərq tərəfdən isə "Xəzər dənizi" dekorativ hovuzu ilə əhatə olunmuşdur. Binada 254 otaq mövcuddur. Burada 537 əməkdaş fəaliyyət göstərəcək. Həmçinin binada müxtəlif səpkili tədbirlərin keçirilməsi üçün hər cür lazımi şərait yaradılmış, müasir tələblərə cavab verən multimedia vasitələrilə təchiz olunmuşdur. Binanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

Göründüyü kimi, şəhərimizin qədim görkəminə yeni, müasir modern formada inşa edilmiş binalar daha da gözəllik verir. Dövlətimizin bu istiqamətdə apardığı işlər məhz elə bu məqsədlərə xidmət edir.

Ramidə YAQUBQIZI,

"Respublika".