Milli irsimiz dünyanın gözündə
Mədəniyyət

Milli irsimiz dünyanın gözündə

Tanrının möcüzəsi, ruhun qidasıdır muğam

UNESCO. Son vaxtlar bu humanitar mahiyyətli təşkilatın adı siyasi müstəvidə tez-tez çəkilir. Daha doğrusu, dünyada gedən ikili standartlar ondan da yan keçməyib ki, bu da onun işinə xələl gətirir. Bu təşkilat Azərbaycana münasibətdə də ikili standartlardan çıxış edib, istər işğal zamanı, istərsə də torpaqlarımız işğaldan azad edildikdən sonra dağıdılmış tarixi-mədəni abidələrimizin real vəziyyətini qiymətləndirmək üçün missiya göndərməkdən çəkinib.

Bütün bunların fonunda onu da qeyd edək ki, UNESCO dünyanın mədəni irsinin nümunələrini öz siyahısına daxil edib, onların mühafizəsi missiyasını üzərinə götürüb. Azərbaycanın da bir neçə mədəniyyət nümunəsi bu təşkilatın qeyri-maddi mədəni irs siyahısına daxildir. İlk olaraq bu siyahıya 2008-ci ildə Azərbaycan muğamı düşüb...

Dəfn edin siz məni

            Zabul-Segahın mayəsinə

Deyirəm bəlkə, məni bir

            gün oyandırdı muğam.

Çox kitablar oxudum,

            zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi

            ahəstəcə qandırdı muğam.

Xalq şairimiz Bəxtiyar Vahabzadənin qələmindən süzülərək bu sətirlərə düzülən misralarda bir daha anlayırıq muğamın eşq fəlsəfəsini...

Muğam möcüzədir, Tanrı möcüzəsi. Heç bir adı bəlli bəstəkar tərəfindən bəstələnməyən muğamı yalnız seçilmişlərə bəxş edib ulu Yaradan. Ruhun qidası onun saflaşmasına, inkişafına təsir edən ən güclü vasitədir. Bəmdən pillə-pillə zilə istiqamətlənən muğamın şöbələri kulminasiya nöqtəsinə çataraq əql və ruhun təkan nöqtəsinə dönür. Bu yolun gedişi uzun, dönüşü anidir, lakin hər ikisi çətin və əzablıdır.

Ruhumuz kainatdan gəlib, kainata da dönəcək. Axı, ilk və son mənzilimiz Allahın dərgahıdır! Muğam sözün əsl mənasında səsin sükutu, kainatdan gələn ündür. Bu sənət əsərini, bu sənət tablosunu yaradan isə bu ünü eşidən, duyan sənətkar, onun ifasıdır.

Yaranışından bəri hər bir tarixi dövr muğama yeni çalar, ifa rəngarəngliyi verib. Öz məzmununda fəlsəfi məna daşıyan muğam insanın məhəbbəti, sevgisi, eşqi üzərində qurulduğundandır ki, onu dinləyəndə varından yox olursan, başqa bir dünyaya çəkib aparır səni. Ayaqların yerdən üzülür, üzü göylərə sarı asta-asta uçursan. Pərdə-pərdə dəyişdikcə, zahirən ritmsiz, ölçüyə sığmayan bu möcüzəli səs batində bəlli ritmə, ölçüyə tabe olur.

Müxtəlif hadisələrlə əlaqədar yaranan muğamların emosional təsir dairəsi də rəngarəng və bir-birindən fərqlidir. Muğamın ən mühüm cəhətlərindən biri burada musiqi ilə sözün, həqiqi poeziyanın vəhdətdə olmasıdır. Bu qədər qüdrətli bir musiqinin insanlara, dinləyicilərə daha dərindən çatdırılması üçün hökmən güclü bir poeziyaya ehtiyac duyulur, ancaq hər poeziya nümunəsi də muğamla oxuna bilməz. Muğamın özü ciddi bir ahəng əsasında mövcud olduğu üçün, istifadə olunan poeziya da dərin bir ahəngə tabe olmalıdır. Muğamda istifadə olunan şeir əsasən poeziyanın qəzəl formasıdır. Bu qəzəllər də öz ritmlərinə, ölçülərinə, bəhrlərinə görə fərqlənirlər. Poeziya muğamın dinləyicilərə daha dərindən çatdırılmasına yardım etdiyi kimi, muğam da sözün, qəzəlin daha dərindən anlaşılmasına kömək edir. Bax, beləcə muğamın ifası üçün daha uyğun qəzəl axtarıldığı kimi, gözəl bir qəzəlin də dinləyicilərə çatdırılması üçün uyğun muğam forması seçilir:

Hər kim deyirsə,

            sevmə bu rəna gözəlləri,

Bilmir ki, sevgi

            aləmi biixtiyaridir.

Bir gün gələr ki, mən

            gedərəm, xalq söyləyər:

Biçarə Vahidin bu

            qəzəl yadıgaridır.

Məclislərimizin bəzəyi olan muğam musiqisinə təəssüflər olsun ki, müəyyən dövrlərdə ögey münasibət bəslənilib. Sovet dövrünün ilk illərində ona qarşı hətta mübarizə də aparılıb, lakin sonrakı dönəmlərdə, daha doğrusu ulu öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra, yəni ötən əsrin 70-ci illərinin əvvəllərində Sovet İttifaqında UNESCO-nun himayəsi altında keçirilən ənənəvi beynəlxalq musiqi festivalında Qərb Azərbaycan muğam sənətini "kəşf etdi". O vaxtdan Azərbaycan muğamı dünya mədəniyyəti məkanına daxil olmağa başladı. Muğam sənətinin dünyada təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım deyir: "Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcısıdır. Torpağa, köklərə bağlılıq, vətənpərvərlik, milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət, emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasındadır".

Muğam ecazkar musiqidir, onu həyəcansız izləmək olmur, qarşındakı ifaçı ilə sən də onunla birgə zildən-bəmə, bəmdən-zilə köklənirsən. Bəzən səsin boğazda "qaynayıb" zənguləyə çevrilmə məqamında ifaçının geriyə dönüş edə bilməyəcəyindən ehtiyat edirsən. Və bir an içində həyəcanın ötüb keçir, çünki o məqama yüksələn ifaçı elə ustalıqla da ya zildə, ya da aşağı düşüb bəmdə son nöqtəni vurur. O anda düşünürsən bax, əsl sənət elə budur. Bəzən deyirlər ki, muğamı dərk eləmək üçün yaşın fərqi var, yəni yetkin, həyatın bərkini-boşunu görmüş insanlara daha yaxındır muğam. Əsla... Muğam beşikdəki körpəmiz üçün layla, gənclik üçün döyüşkənlik ruhu, ahıl, yaşlı üçün ötüb keçənlərə nostalji hissidir... Bu məqamda gözlərinizi yumub bir muğam parçasını dinləyin:

Könlümün sevgili məhbubu mənim, Vətənimdir, Vətənimdir, Vətənim!..

Zümrüd QURBANQIZI,

"Respublika".