Məqam yetişir, biz doğma ellərimizə qayıdacağıq
Digər xəbərlər

Məqam yetişir, biz doğma ellərimizə qayıdacağıq

XX əsrin bəlası - Deportasiya

Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin dəyişdirilməsi 1905, 1918-ci illərdə azərbaycanlı əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifəsidir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran və və Türkiyə sərhədlərində bufer xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan xanlıqlarının ərazilərinə, habelə Qarabağa köçürdü.

İrəvan xanlığının işğalından sonra həmin ərazilərdə yeni Rusiya idarəçilik sisteminin yaradılmasına başlandı. Bu məqsədlə Qafqazın baş hərbi hakimi Paskeviçin əmri ilə 1827-ci il oktyabrın 6-da İrəvanda "Müvəqqəti idarə" adlı qurum yaradıldı. Qərbi Azərbaycandakı soydaşlarımız dövlət idarəçiliyi və himayəsindən məhrum edildilər. Ermənilərin antitürk mövqeyi, millətçiliyi sayəsində Qərbi azərbaycanlılar arasında narazılıq maksimum səviyyəyə çatdırıldı, xalqımıza qarşı analoqu olmayan terror hadisələri törədildi. Erməni zülmündən qurtarmaq üçün Qərbi Azərbaycanın müxtəlif ərazilərindəki soydaşlarımız Osmanlı ərazisinə və İrana köçməyə məcbur oldular. Türkiyədən İrəvan xanlığı ərazisinə köçürülən ermənilər şəhərdə yerləşmək istəmədilər, özləri üçün yaşayış məskəni olan Göyçənin cənubunu və qərbini Dərəçiçək, Abaran, Sürməli və Talin nahiyələrini seçdilər.

1828-ci il martın 21-də Azərbaycan torpaqları hesabına yaradılan "Erməni vilayəti" İrəvan və Naxçıvan əyalətlərinə və Ordubad dairəsinə bölünmüşdü. İmperatorun fərmanı ilə "erməni vilayəti" təşkil olunan zaman İrəvan əyalətində 4 dairə yaradıldı: İrəvan, Sərdarabad, Şərur və Sürməli.

Ermənilərin İrandan və Türkiyədən İrəvan xanlığı ərazisinə köçürülməsi işğaldan sonra uzun müddət davam etdirildi.1920-ci il noyabrın 29-da "ermənistan" sovetləşəndən az sonra Rusiya bu sovetləşmənin müqabilində Zəngəzur, Göyçə, Dərələyəz və Qərbi Azərbaycanın digər mahallarını onlara vermişdir. Ən ürəkağrıdan fakt odur ki, Bakıda oturmuş daşnak-bolşevik hökuməti 1920-ci ilin yayında Ermənistanla ərazi mübahisəsini həll etmək üçün göndərdiyi "Azərbaycan" nümayəndə heyətinin tərkibində bir nəfər olsun belə azərbaycanlı olmamışdır. Bu heyətin üzvləri Mikoyan və Lamnadze olmuş və onlara rəhbərliyi milliyyətcə erməni olan Dövlətov etmişdir.

1929-cu ildə Nüvədi və daha 11 kənd Ermənistana verilmiş və bununla da Azərbaycan torpaqlarının hesabına sahəsi 29,8 min kvadratkilometr olan Ermənistan dövləti yaradılmışdır.

1943-cü ildə üç dövlətin (SSRİ, ABŞ və İngiltərə) Tehran Konfransında Sovet-İran münasibətləri müzakirə edilərkən erməni diasporu fürsətdən istifadə edərək SSRİ xarici işlər naziri V.Molotova müraciətində xahiş etmişdir ki, İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə versinlər. İ.V.Molotov elə oradaca İ.Stalinlə danışdıqdan sonra onların köçürülməsinə razılıq vermişdir. Q.Harutyunyov bu fürsətdən istifadə edərək xarici ermənilərin Ermənistana gəlməsi ilə əlaqədar azərbaycanlıların Ermənistandan köçürülməsi barədə qərar verilməsinə nail olur. 1948-1950-ci illərdə 150 mindən çox soydaşımız "könüllülük" prinsipi əsasında ata-baba torpaqlarından Kür-Araz ovalığına köçürüldü. İ.Stalinin ölümündən sonra köçürülmə dayandırıldı.

Bu köçürülmə prosesi xaricdən gələn ermənilərin yerləşdirilməsi ilə əlaqələndirilsə də, əsas məqsəd azərbaycanlıları Ermənistandan təmizləmək idi.

Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından qovulmasının növbəti mərhələsi 50-ci illərin sonlarından başlandı. 1988-ci ildə M.Qorbaçovun xəyanəti və dəstəyi sayəsində Qərbi azərbaycanlılar son nəfərinədək İrəvandan, doğma yurdlarından qovuldu.

Həmin dövrdə M.Qorbaçov Amerikadan yeni qayıtmışdı. 1988-ci ildə erməni yazıçıları Zori Balayan və Silva Kaputikyan bir gündə iki dəfə M.Qorbaçovun qəbulunda olmuşlar. Ondan 300 min Qərbi azərbaycanlının deportasiyasına razılıq almışlar. Qərbi Azərbaycandakı soydaşlarımız qışın şaxtalı günlərində min bir əzabla doğma ocaqlarını tərk etdilər. Biz təkləndik, bütün güclər hayların tərəfində oldu.

Zaman bəd gətirdi, tarix ermənilərin xeyrinə işlədi. Qərbi Azərbaycan ermənilərin əlinə keçdi. Həmin vaxtdan indi 35 il ötür. Qərbi azərbaycanlılar qürbətdə qalan yurdları üçün qovrulub yanır, hər qarışında ayaq izləri qalan doğma Vətən üçün darıxırlar. Yaşlı nəslin nümayəndələri isə əmindirlər ki, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qərbi Azərbaycana, qəribsəmiş yurd yerlərinə dönəcəklər.

Ermənilər 2020-ci ildə qüdrətli Azərbaycan ordusunun rəşadəti sayəsində ağır məğlubiyyətə uğradı, 30 il işğal altında olan ərazilərimiz tayqulaq Andranikin tör-töküntüsündən azad olundu. Get-gedə ermənilər yenə də azğınlaşmaqda davam etdilər. Qərbə, Fransaya və digər havadarlarına arxayınlaşdılar, Qarabağ ərazisində yenidən ərazilərimizə güllə yağışı yağdırdılar. Sentyabrın 19-da cəmi 24 saat ərzində antiterror tədbirləri keçirildi, erməni quldurları tamamilə təslim oldular.

Biz güclüyük, cəsarətliyik, haqq-ədalət bizim tərəfdədir . Çox tezliklə səsimiz- sorağımız Qərbi Azərbaycandan, İrəvan xanlığının ərazisindən gələcəkdir.

Nuranə HÜSEYNZADƏ,

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri

 İnstitutunun şöbə müdiri.