Mərakeş mətbuatı Xocalı soyqırımından yazıb
Digər xəbərlər

Mərakeş mətbuatı Xocalı soyqırımından yazıb

Mərakeşin aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən "Əl-Aləm", "Əl-İslah" xəbər agentliklərində Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Oktay Qurbanovun Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, "Şəhidlərimizi heç vaxt unutmayacağıq..." sərlövhəli məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin, o cümlədən yerli nizamsız erməni silahlı dəstələri keçmiş SSRİ-nin 366-cı alayının əsgərləri ilə birlikdə Azərbaycanın Qarabağ regionundakı Xocalı şəhərində qanlı qətliam törətdikləri bildirilir. Qeyd edilir ki, hücum nəticəsində 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla 613 mülki şəxs həlak olub.

Oxucuların diqqətinə çatdırılır ki, Mərakeş mətbuatında qeyd olunur ki, Xocalı qətliamı Azərbaycanın mülki əhalisinin soyqırımı və etnik təmizləmə aktı kimi qiymətləndirilir.

Səfir qeyd edib ki, Xocalı şəhərində törədilmiş cinayət beynəlxalq ictimai hüququn məcburi qaydalarından irəli gələn və arasında təcavüz, zor gücü ilə müstəmləkə hökmranlığının qurulması və ya saxlanılması, soyqırımı, köləlik, irqi ayrı-seçkilik və insanlığa qarşı cinayətlər kimi ümumi razılaşdırılmış qadağalar olan öhdəçiliyin, o cümlədən davranış və obyektivlik qaydalarının kobud surətdə pozulmasıdır. Halbuki, dünya dövlətləri arasında xalqların dinc yaşayışına təhlükə yaradan hərəkətlərin və ən əsası insani dəyərlərə qarşı olan halların qadağan edilməsi barədə razılaşma mövcuddur.

Bildirilib ki, Xocalı soyqırımından bir neçə həftə sonra beynəlxalq məhkəmələr və təşkilatlar Xocalıda törədilən vəhşiliyin təhlükəliliyini etiraf etdilər. Belə ki, 1992-ci il martın 11-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda baş vermiş qətliamlara dair hesabatlardan dərin narahatlığını ifadə edən bəyanat verərək, Azərbaycanın Qarabağ bölgəsinin mülki əhalisinə qarşı törədilmiş zorakılıq və hücumları qətiyyətlə pisləyib. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətliamını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.

Yazıda, həmçinin qeyd olunub ki, bəşəriyyətə qarşı törədilmiş cinayətlər kontekstində Ermənistanın Azərbaycana qarşı törətdiyi Xocalı soyqırımı və hərbi təcavüzü də beynəlxalq humanitar hüququn, xüsusilə insan hüquqlarına dair 1949-cu il Cenevrə Konvensiyasının, o cümlədən BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İrqçilik və Ayrı-seçkilik haqqında və Uşaq Hüquqlarının, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasının ciddi şəkildə pozulması deməkdir. Erməni müəllif Markar Melkonyan Ermənistanın "Arabo" və "Aramu" hərbi dəstələrinin döyüşçülərinin rolunu xüsusi qeyd edərək, Xocalının dinc sakinlərinin necə qətlə yetirildiyini ətraflı təsvir edir. Onun sözlərinə görə, şəhər əhalisinin bir hissəsi təhlükəsiz yerə çatmaq üçün təxminən altı mil qaçıb, erməni əsgərləri onları təqib edərək üzərilərində gəzdirdikləri bıçaqla onları qətlə yetiriblər.

O.Qurbanov onu da bildirib ki, Ermənistan insanlığa qarşı cinayətlərini 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Gəncə, Bərdə və Tərtərin mülki əhalisini qəsdən hədəfə almaqla da davam etdirib.

Səfir vurğulayıb ki, bu hücumlar nəticəsində 1992-ci ildə Xocalı soyqırımı və 2020-ci ildə dinc əhalinin bombalanması Ermənistan Respublikasının hakimiyyət orqanlarının mülki azərbaycanlılara qarşı məqsədyönlü siyasətinin və planlaşdırılmış zorakılıq aktlarının bariz sübutudur.

Sonda Oktay Qurbanov diqqətə çatdırıb ki, sülhsevər Azərbaycan dövləti erməni cinayətləri qarşısında qüdrətini qoruyub saxlayıb, Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyi, onun haqlı rəhbərliyi və onun mübarizliyi sayəsində erməni işğalçılarını darmadağın edib. Azərbaycanlılar gərgin döyüşlərdən sonra uğur qazanaraq, işğal edilmiş bütün torpaqlarını azad edib.

AZƏRTAC