Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk namizədi qeydə alıb
Siyasət

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk namizədi qeydə alıb

Dekabrın 30-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası prezidentliyinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədliyinin qeydə alınması məsələsinə baxılıb.

Diqqətə çatdırılıb ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər 2023-cü il dekabrın 26-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün MSK-ya təqdim edilib. MSK bununla əlaqədar Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb və namizədin qeydə alınması üçün əsasların olmasını müəyyən edib.

Sözügedən proseslərin gedişi barədə ətraflı məlumat verildikdən və aparılan müzakirələrdən sonra Komissiya üzvlərinin yekdil qərarı ilə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyev 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd kimi qeydə alınıb.

İclasda, habelə qarşıdan gələn seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə olunaraq təsdiq edilib. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteninin Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində MSK-nın təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

Komissiyanın iclasında 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsi də təsdiq olunub.

Beynəlxalq müşahidə missiyası və media qurumları nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.