Gündəm

"Metsamor" AES region üçün böyük təhdiddir

Sentyabrın 25-də Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 67-ci illik sessiyası öz işinə başlayıb. Sessiyada təşkilata üzv ölkələrin nümayəndələri ilə Ukraynada nüvə təhlükəsizliyi məsələləri və Şimali Koreyada Nüvə Silahının Yayılmaması Müqaviləsi çərçivəsində təminatların tətbiqi də daxil olmaqla bir sıra mühüm məsələlər müzakirə olunur. Sentyabrın 29-dək davam edəcək konfransda Azərbaycanın fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov da iştirak edib. Nazir müavini tədbirdə səsləndirdiyi fikirlərdə Ermənistanın regionda təhlükəsizliyə əngəl yaratdığını bir daha vurğulayıb.

Ermənistan ərazisində "Metsamor" adlı Atom Elektik Stansiyası 1976-cı ildə inşa olunub. Köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərən AES regionda ətraf mühitə və əhalinin sağlamlığına ciddi ziyan vurur. Dünyanın ən köhnə nüvə texnologiyası ilə tikilən "Metsamor" planetin ən təhlükəli AES-si hesab edilir. Daha bir dəhşətli məqam isə müəssisənin istismar müddətinin çoxdan sona çatmasına baxmayaraq, Ermənistanın cari ilin mart ayında bu tarixi 2036-cı ilə qədər uzatmasıdır. Xatırladaq ki, Ermənistan AES-in istismar resurslarını Rusiyanın kredit vəsaitləri hesabına artırılmasına nail olmuşdu. 1988-ci ildə baş vermiş zəlzələdən sonra "Metsamor"un fəaliyyəti bir müddət dayandırılsa da, qərb qonşumuz stansiyanın yaratdığı risklərə əhəmiyyət verməyib. Onu da qeyd edək ki, Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi məhz "Metsamor" AES-in payına düşür. Paşinyan hakimiyyəti hətta, 2026-cı ildən sonra ikinci enerji blokunun istismarının əvvəlcə 5, sonra isə daha 10 il müddətinə uzadılmasını da planlaşdırır.

Bütün bu reallıqları nəzərə alaraq, konfransda çıxış edən Azərbaycanın fövqəladə hallar nazirinin müavini bir daha ölkəmizin stansiyanın fəaliyyətindən narahatlığını diqqətə çatdırıb: "Biz dövlətlərin nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə hüququnu tam dəstəkləyirik. Lakin bu texnologiyalar transsərhəd xarakter daşıdığından potensial nəticələr də nəzərə alınmalıdır. Azərbaycan, o cümlədən, Metsamor AES ilə bağlı risklərdən narahatdır". Tapdıq Əmiraslanov, həmçinin qeyd edib ki, köhnəlmiş texnologiyaların istifadəsi və avadanlığın köhnəlməsi, eləcə də seysmik aktiv regionun olması - bütün bunlar "Metsamor" AES-i region üçün narahatlıq mənbəyinə çevirir. Konfrans çərçivəsində, rəsmi Bakı İrəvanı BAEA-nın tövsiyələrini yerinə yetirməyə və qonşu ölkələrin narahatlıqlarını aradan qaldırmaq üçün lazımi tədbirlər görməyə çağırıb.

Tarixə nəzər yetirsək görərik ki, təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim böyük fəlakətlərə səbəb olub. İstər 1979-cu il martın 28-də ABŞ-ın Tri-Meyl-Aylend AES-də, istərsə də 1986-cı ildə baş verən Çernobıl, 2011-ci ildə Yaponiyanın Fukusima AES-də qeydə alınan qəza hələ də insanların yaddaşından silinməyib. Xeyli vaxt keçməsinə baxmayaraq bəşəriyyət hələ də həmin qəzaların bəlaları ilə mübarizə aparır. Azərbaycan da ovaxtkı SSRİ ərazisində baş vermiş Çernobıl qəzasının ağır nəticələrini hələ də yaşayan ölkələr sırasındadır. Çernobıl əlillərinin və qurbanlarının taleyi bir daha dediklərimizi təsdiqləyir. Bütün bunların fonunda Ermənistandakı AES-də də qəza olacağı təqdirdə baş verəcək fəlakətin səviyyəsi heç də Çernobıl AES-dəki qorxunc partlayışından geri qalmayacaq.

Bir məqamı da diqqətə çatdıraq ki, "Metsamor" AES-in idarə edilməsi və tullantıların utilizasiyası ilə bağlı məlumatların olmaması regionda nüvə təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirilməlidir. Çünki AES-in təhlükəsizlik sistemi də çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də baş verən yanğın hadisəsini xatırlasaq, bunu bir daha görmək mümkündür. Belə ki, həmin tarixdə AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra böyük çətinliklə söndürülmüşdü. "Metsamor"un 11 ballıq zəlzələ riski olan zonada yerləşməsi müəssisənin yaratdığı təhlükəni xeyli artırır. Həmçinin AES-in ətrafındakı 5 tektonik qırılmadan biri stansiyanın cəmi 500 metrliyindədir.

Ermənistanın ərazisindəki AES təkcə region ölkələrini deyil, dünya birliyini də ciddi şəkildə narahat edir. Hələ 2000-ci ildə Avropa İttifaqı "Metsamor"un fəaliyyətinin dayandırılması müqabilində Ermənistana 138 milyon avro təklif etsə də, rəsmi İrəvan məbləğin azlığını bəhanə gətirərək təkliflə razılaşmamışdı. Bununla bir daha Ermənistanın xain niyyəti, eləcə də onun regionda təhdid yaratdığı öz təsdiqini tapır.

 

Nəzrin ELDARQIZI,

"Respublika".