Milli iradəmizin zəfəri
Digər xəbərlər

Milli iradəmizin zəfəri

20 yanvar 1990-cı il həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqbal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının mühüm hadisəsi kimi Azərbaycan tarixinin şanlı səhifəsinə çevrildi. Azərbaycan xalqının milli yaddaşına "Qara Yanvar", "Qanlı Yanvar" və ya sadəcə "20 Yanvar" faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsindən bizi tam 33 il ayırır. Həmin gün Bakı şəhəri və digər rayonlarımıza ordu yeridilməsi və dinc əhalinin amansızlıqla qətlə yetirilməsi bəşəriyyətə qarşı yönəlmiş bir cinayət idi.

Ötən bu müddət ərzində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuş və böyük inkişaf yolu keçərək dünya ölkələri sırasında özünəməxsus şərəfli yer tutmuşdur. Bu müddətdə amansız qətliam nəticəsində dünyasını dəyişən oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər Xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti, Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız işğaldan azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. Azərbaycan dövləti 1993-cü ildən başlayaraq 20 Yanvar hadisəsinə, onun tarixi və ictimai-siyasi mahiyyətinə daim xüsusi önəm vermiş, Yanvar şəhidlərinin xatirəsini uca tutmaqla onların xüsusi statusunu diqqətdə saxlamış, şəhidlərin ailələrinə və yaxınlarına həmişə qayğı göstərmişdir.

Sovet qoşunlarının ölkəmizin ərazisinə qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarda 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis əməkdaşları olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aktı Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Qanlı Yanvar hadisələri azərbaycanlıların milli kimliyinin yaranmasına böyük təsir göstərdi, xalq müstəqil dövlət qurulması tələbi ilə ayağa qalxdı. 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. Bu faciənin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvari tarixi proseslərə təkan verdi. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzi hesab edilir.

Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən şəxs ulu öndər Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyev Bakıya qoşun yeridən SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi və bunu təcavüz adlandırdı. Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: "...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!".

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: "...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür". Heydər Əliyev qatillərin aşkarlanması məsələsini yenidən qaldırıb, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğulayıb.

Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: "Bu antihumanist, konstitusiyaya və hüquqazidd hərəkəti ittiham edərkən Sov. İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil". Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. Məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü il mart ayının 29-da Milli Məclisdə "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciələr haqqında" qərar qəbul edildi. Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edildi.

 "Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar", - deyən Azərbaycan Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsini, adlarının uca tutulmasını, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da ölkə başçısının Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı Sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsidir. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun "20 Yanvar" stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində memorial abidə kompleksinin açılışı şəhidlərimizə verilən dəyərin bariz nümunəsidir.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizəsinin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır.

Mustafa KAMAL,

"Respublika".